Dekabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) I Türkoloji Qurultayın 100 illiyi münasibətilə Filologiya fakültəsi, Türkoloji Mərkəz, Ədəbiyyat və Ədəbiyyatın tədrisi texnologiyası kafedralarının birgə təşkilatçılığı ilə “Birinci Türkoloji Qurultay və Azərbaycan ədəbi-fəlsəfi fikir adamları” mövzusunda elmi seminar keçirilib. Arazpress.com bildirir ki, seminar Azərbaycan türkoloji elminin formalaşması və inkişafında mühüm mərhələ hesab olunan Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətinin, elmi-mədəni irsinin və müasir türkoloji araşdırmalara təsirinin müzakirəsinə həsr olunub.

Elmi seminarı açılış nitqi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov açaraq, Qurultayın təkcə dövrünün deyil, bütövlükdə türk dünyasının elmi-mədəni həyatında mühüm hadisə olduğunu vurğulayıb. Rektor qeyd edib ki, bu qurultay milli kimliyin formalaşması, ana dilinin elmi əsaslarla tədqiqi və türk xalqları arasında elmi əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm rol oynayıb.

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova Birinci Türkoloji Qurultayın Azərbaycan ziyalılarının ədəbi-fəlsəfi baxışlarının sistemləşdirilməsi və türk dünyasında ortaq ideoloji düşüncə məkanının yaradılması baxımından əhəmiyyətini vurğulayıb. O, qurultayın ideyalarının müasir humanitar elmlər üçün aktual olduğunu qeyd edib. Prorektor qeyd edib ki, bu gün həmin irsin yenidən araşdırılması və müasir elmi kontekstdə təqdim olunması xüsusi əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində mövzuya dair videoçarx nümayiş etdirilib.

Elmi məruzələrlə çıxış edən ADPU-nun Filologiya fakültəsinin dosenti, Akademik Muxtar İmanov “Birinci Türkoloji Qurultayın görünməyən tərəfləri” mövzusunda məruzəsində qurultayın təşkilati və elmi aspektlərinə toxunaraq, tarixi mənbələr əsasında mühüm məqamları diqqətə çatdırıb.
Filologiya fakültəsinin professoru Mahmud Allahmanlı “Birinci Türkoloji Qurultay: milli kimlik və özünüdərk hadisəsi” mövzusunda çıxış edərək, qurultayın milli şüurun formalaşmasında və türk xalqlarının ortaq dəyərlərinin elmi müstəvidə təqdim olunmasında rolunu geniş şəkildə təhlil edib.

Sonda məruzələrə dair müzakirələr aparılıb.

ADPU-nun Filologiya fakültəsinin professoru Təyyar Salamоğlu, dosent Fəxrəddin Yusifov, Bakı Avrasiya Universitetinin dosenti Seyfəddin Altaylı çıxış edərək, mövzu ilə bağlı fikirlərini bölüşüb, Birinci Türkoloji Qurultayın elmi irsinin müasir dövrdə araşdırılmasının vacibliyini vurğulayıblar.

araz.az xəbər portalı.