
Dünən Naxçıvan Dövlət Universitetində iki önəmli tədbir keçirilib. Bu barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsindən Arazpress.com-a daxil olan məlumatda deyilir ki, hər iki tədbirdə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, Filologiya fakültəsinin dekanı, dosent Könül Həsənova da iştirak ediblər.
Məlumata görə, öncə NDU-nun Beynəlxalq Kembric məktəbində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan dilinin qorunması, inkişafı və ədəbi normalara uyğun istifadəsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə, “Azərbaycan ədəbi dilinin saflığının qorunması” mövzusunda tematik görüş keçirilib.
Bu tədbirdə Naxçıvan Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim heyəti, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, Filologiya fakültəsinin dekanı, dosent Könül Həsənova və heyətləri, elmi işçilər, tədqiqatçılar, tələbələr, NDU nəzdindəki İngilis dili təmayüllü Gimnaziyanın şagirdləri də iştirak ediblər.
Naxçıvan Dövlət Universitetinin rektoru, professor Elbrus İsayev tədbiri giriş sözü ilə açaraq, vurğulayıb ki, Azərbaycan dilinin dövlət dili kimi qorunması və saflığının təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Rektorun sözlərinə görə, dövlət başçısının Ana dilinin saflığının qorunmasına dair prinsipial mövqeyi ali təhsil müəssisələrinin üzərinə xüsusi məsuliyyət qoyur və bu məsələyə Naxçıvan Dövlət Universitetinin tədris prosesi, elmi araşdırmalar və ictimai mühitində ardıcıl şəkildə yanaşılır. Professor onu da qeyd edib ki, Prezident İlham Əliyevin Ana dilinin saflığının qorunmasına dair ardıcıl çağırışları dilçilik elmi və təhsil sistemi üçün mühüm istiqamətverici rol oynayır.
Professor Mahirə Hüseynova Ana dilinin qorunmasının yalnız elmi müstəvidə deyil, gündəlik ünsiyyət, ictimai davranış və xüsusilə də, təhsil prosesində prinsipial mövqe tələb etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, qloballaşma şəraitində Azərbaycan ədəbi dilinin elmi əsaslarla tədrisi və düzgün tətbiqi milli kimliyin və milli yaddaşın qorunmasının əsas təminatlarından biridir.
Professorun qənaətincə, dövlət başçısının Ana dilini milli yaddaşın və milli təhlükəsizliyin əsas elementi kimi dəyərləndirməsi cəmiyyətin bütün təbəqələrində dilə məsuliyyətli münasibətin formalaşmasına xidmət edir. Məruzədə o da vurğulanıb ki, beynəlxalq təhsil proqramlarının tətbiq olunduğu mühitlərdə Azərbaycan ədəbi dilinin qorunması Prezident İlham Əliyevin müəyyən etdiyi milli dil siyasətinin praktik təzahürüdür.
Bu baxımdan, Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Kembric Məktəbi və İngilis dili təmayüllü Gimnaziya Ana dilinin qorunduğu və yüksək səviyyədə tətbiq edildiyi nümunəvi təhsil ocaqları kimi dəyərləndirilib.
Bu görüş çərçivəsində dilin ictimai-siyasi həyatda rolu, kütləvi informasiya vasitələrində dil mədəniyyətinin qorunması və tədris prosesində ədəbi dil normalarına riayət edilməsi kimi mövzularda geniş fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Ana dilinin qorunması və təbliği istiqamətində universitetlə mütəmadi elmi-ictimai əməkdaşlığa verdiyi töhfələrə görə, Naxçıvan Dövlət Universitetinin fəxri professoru Mahirə Hüseynovaya minnətdarlığını bildirib.













ADPU-nun Filologiya fakültəsindən Arazpress.com-a daxil olan məlumatda qeyd olunur ki, professor Mahirə Hüseynova və dosent Könül Həsənova NDU-da keçirilən Miniatür sərgisi və hesabat konsertində də iştirak ediblər
Məlumata görə, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində tanınmış miniatür ustası Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş miniatür sərgisi və dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş hesabat konserti təşkil olunub.
Sərginin açılışında NDU-nun rektoru Elbrus İsayev və Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova sərginin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər. Qeyd olunub ki, bu sərgi gənc nəslin klassik miniatür sənətinə marağını artırmaqla yanaşı, milli təsviri sənət irsinin tədris mühitində yaşadılmasına da töhfə verir.
İlk dəfə keçirilən sərgidə saray həyatı, məclislər, təbiət və tarixi səhnələrə dair ümumilikdə 50 miniatür işi nümayiş olunub.
Tədbirin davamında “Musiqi təlimi” kafedrasının təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib. Konsert öncəsi Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra dahi bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Bədii rəhbər Sevinc Musayevanın hazırladığı konsert proqramında “Leyli və Məcnun” operasından “Arazbari”, “Arşın mal alan”dan Süleymanın və Əsgərin mahnıları, “Çırpınırdı Qara dəniz”, “Aşıqsayağı” və digər musiqi nömrələri ifa olunub. Tədbir universitetin mədəni həyatında əlamətdar günlərdən biri kimi yadda qalıb.











araz.az xəbər portalı.