Bu gündən Prezident İlham Əliyevin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli”ndə qəbul edilən Amnistiya aktının icrasına başlanılıb. Bu, Cənab Prezidentin bağışlamaq, mərhəmət nümunəsidir, humanizmin təntənəsidir.

Müstəqillik dövrünün ən böyük Amnistiya aktı olan bu qərar 20 min nəfərə şamil olunmaqla, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ildə minlərlə ailəyə İlham Əliyevin ən böyük hədiyyəsidir.

Mərhəmət, bağışlamaq bacarığı həmişə ən ali dəyərlər olub və bu, müdrik insanlara, dövlət xadimlərinə xasdır. Bu xeyirxahlıq Ulu Öndər Heydər Əliyev, Zərifə xanım Əliyeva, Aidə xanım İmanquliyeva nəslinin zəngin genetikasından, xarakterindən və imanından gələn böyük bir insanpərvərliyin nümunəsi kimi Azərbaycanda xoş bir ənənəyə çevrilib. Onların bağışlamaq, günahı olan insanları tərbiyə etmək, düzgün yola gətirmək əməlləri humanizmin siyasi hərəkata çevrilməsinə səbəb olub.

Ümummilli Liderin qəbul etdiyi əfv və amnistiya aktları cəmiyyətimizə təkcə mərhəmət və insanpərvərliyin deyil, həm də haqq-ədalətə inamı, dövlətin öz vətəndaşına olan etimad və etibarı möhkəmləndirib. Onun humanizm siyasətinin davamlılığını, ardıcıllığını təmin edən Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə bu humanist aksiyalar sayəsində indiyə qədər on minlərlə insan azadlığa qovuşaraq, həyatını yenidən qurmaq imkanı qazanıb.

Ümid edirik ki, bağışlanan insanlar ölkəmizdə gedən inkişaf proseslərinə, Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinə qoşulacaqlar. Zəfərin 5-ci ildönümündə verilən bu Amnistiya aktı bir daha təsdiqləyir ki, Prezident İlham Əliyev cənabları insan amilini həmişə yüksək dəyərləndirir, humanizm prinsiplərinə sadiqdir.

Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor.

araz.az xəbər portalı.