
Dekabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin, Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının və Türkoloji Mərkəzin birgə təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə “Birinci Türkoloji Qurultayın 100 illiyi: Azərbaycan dilinin tədrisi məsələləri” adlı beynəlxalq simpozium keçirilib. Bu barədə Fakültədən Arazpress.com-a daxil olan məlumatda deyilir ki, bu simpoziumda ADPU-nun rəhbərliyi,dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri, universitetin professor – müəllim heyəti və tələbələr iştirak ediblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov açılış nitqində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpoziumun elmi və tarixi əhəmiyyətindən bəhs edib. Rektor qeyd edib ki, Birinci Türkoloji Qurultay türk dünyasının elmi-mədəni inteqrasiyasında, xüsusilə Azərbaycan dilinin inkişafı, elmi əsaslarla tədqiqi və tədrisi istiqamətində mühüm dönüş nöqtəsi olmuşdur. Qeyd edilib ki, Azərbaycan dilinin qorunması, zənginləşdirilməsi və müasir təhsil texnologiyaları əsasında tədrisi dövlət səviyyəsində prioritet məsələdir və bu istiqamətdə ardıcıl işlər həyata keçirilir. Rektor ADPU-da Qurultayın 100 illiyi münasibətilə keçirilən silsilə konfransların bu baxımdan yüksək əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova simpoziumun beynəlxalq əməkdaşlıq və elmi inteqrasiya baxımından mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Prorektor çıxışında Birinci Türkoloji Qurultayın ideyalarının bu gün də aktual olduğunu, türk xalqları arasında elmi əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib. Qeyd edilib ki, müasir dövrdə Azərbaycan dilinin tədrisi məsələlərinin beynəlxalq təcrübə, innovativ yanaşmalar və yeni tədris texnologiyaları kontekstində müzakirəsi xüsusi əhəmiyyət daşıyır.
Daha sonra türkoloq, professor Firudin Cəlilov məruzə ilə çıxış edərək, əski türk əlifbası və ortaq türk əlifbası haqqında ətraflı məlumat verib, hal-hazırda qəbul olunmuş ortaq türk əlifbasının 90-cı illərin əvvəllərində Azərbaycanda qəbul olunmuş latın əlifbasının əsasında yaradıldığını qeyd edib.
Milli Məclisin Elm və Təhsil komitəsinin sədri, professor Anar İsgəndərov çıxış edərək, Birinci Türkoloji Qurultayın türk xalqlarının həyatındakı rolu haqqında söz açıb.
Simpoziuma onlayn şəkildə qoşulan Kazan Dövlət Universitetinin Filologiya və Millətlərarası Ünsiyyət İnstitutunun dosenti Sibqayeva Firuzə Ramzelovna 1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultayda Tatarıstan nümayəndə heyətinin rəhbəri kimi iştirak etmiş Alimcan İbrahimov və onun məruzəsi haqqında çıxış edib. Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin Özbək dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Saodat Muhamedova çıxış edərək, Birinci Türkoloji Qurultay və dilin tədrisi məsələləri haqqında çıxış edib. AMEA-nın A. A. Bakıxanov adına Tarix institutunun elmi işlər üzrə direktor müavini, dosent İlqar Niftəliyev çıxışında Birinci Türkoloji Qurultayın keçirilməsi haqqında arxiv sənədlərindən bəhs edib.
Türkiyə Respublikasının Kafkas Universitetinin Çağdaş türk ləhcələri və ədəbiyyatı kafedrasının müdiri professor İlkin Qulusoy Azərbaycan dilinin və ədəbiyyatının Türkiyə universitetlərində tədrisi məsələləri haqqında çıxış edib. Nizami adına Özbəkistan Milli Pedaqogika Universitetinin Beynəlxalq Əməkdaşlıq üzrə prorektoru, professor Dilnoza Xalmuradova Azərbaycan və Özbəkistan dövlətləri arasında olan qardaşlıq münasibətləri haqqında danışıb, çıxışının sonunda Mahirə Nağıqızının Özbək dilinə tərcümə edilmiş şeirini səsləndirib.
Sonda simpozium çıxışlarda səslənən məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.












araz.az xəbər portalı.