Bu fikirləri, təbii ki, özünə hörmət edən, peşəkarlığı ilə şəxsiyyəti üst-üstə düşən və natamamlıq kompleksindən uzaq olan jurnalistlərə şamil etmirəm. Söhbət son günlərdə müşahidə olunan bir tendensiyadan gedir.

Bir-neçə gündür jurnalistlər “Azərbaycan Milli Mətbuatının 150 illik (1875–2025)” yubiley medalı ilə təltif olunurlar. Medal MEDİA-nın rəhbəri Əhməd İsmayılovun imzası ilə təqdim edilir. Hüquqi baxımdan medal Prezident tərəfindən təsis edilsə də, faktiki olaraq onun verilməsi MEDİA-nın səlahiyyətindədir. Yəni, bu medalı alan jurnalistləri Prezident deyil, MEDİA təltif edir. Bəli, yubiley medalı İlham Əliyevin sərəncamı ilə təsis olunub. Bu, hüquqi faktdır.

Amma təltifetmə prosesi fərdi sərəncamla həyata keçirilmir. Praktik olaraq, bu medal MEDİA-nın xətti ilə təqdim olunur, seçim, siyahı, təqdimat, sənəd dövriyyəsi bu qurumun məsuliyyətindədir və verilən vəsiqələrin üzərində də MEDİA-nın rəhbəri Əhməd İsmayılovun imzası yer alır.

Təəssüf ki, bir qrup jurnalist bu təltifi ictimai və şəxsi müstəvidə sanki Prezident tərəfindən fərdi qaydada mükafatlandırılma kimi təqdim edir. Daha da irəli gedərək, müxtəlif vəzifəli şəxsləri buna inandırmağa və bundan yararlanmağa çalışırlar. Bu isə reallığın məqsədli şəkildə təhrif edilməsidir.

Əlbəttə, bu, yubiley medalı almaq arzusunda olan insanlar üçün müsbət hadisədir və bunu kiçiltməyə ehtiyac yoxdur.

Bu medal mənə də təqdim olunub, amma heç yerdə medalın Prezident tərəfindən verildiyi görüntüsünü yaratmamışam. Mən, Dövlət başçısı tərəfindən iyul ayında təltif olunmuşam. Hər şeyi öz adı ilə çağırmaq vacibdir.

Prezidentdən medal almaq, şübhəsiz ki, həm nüfuzlu, həm də qürurverici bir hadisədir. Ancaq bu halda söhbət başqa bir mexanizmdən gedir. Yubiley medalı alan şəxslərin “Prezdent tərəfindən təsis edilən…” ifadəsini yazması yanlış deyil – bir daha deyirəm, bu təqdimat yanlış deyil, amma manipulyativdir. “Prezident məni mükafatlandırdı” təsəvvürünü yaratmaq, süni şəkildə şişirtmək etik deyil. Qısası, daha dürüst olmaq lazımdır.

2025-ci ili başa vururuq, medalları da aldınız, hər gün müxtəlif qurumların qonaqlarında iştirak edirsiniz, yediniz-içdiniz. Əla! Ümid etmirəm, amma yaxşı olardı ki, 2026-cı ildən etibarən fotosessiyalara fasilə verib normal bir iş görəsiniz, maraqlı reportajlar, analitik yazılar, müsahibələr hazırlayasınız. Məmurlaşmaq jurnalist üçün xəcalətdir!

Samir FEYRUZOV 

araz.az xəbər portalı.