
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan folkloru: Problemlər və perspektivlər” mövzusunda II Respublika elmi-praktik konfransı keçirilib.
Bu barədə fakültədən Arazpress.com-a bildiriblər ki, konfransın açılış mərasimində dövlət rəsmiləri, təhsil ictimaiyyətinin nümayəndələri, alim və tədqiqatçılar, universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova açılış nitqi ilə çıxış edərək, tədbirin elmi və ictimai əhəmiyyətinə toxunmuş, “Qərbi Azərbaycan” mövzusunun azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsi olduğunu, bu mövzunun xalqımızın tarixi yaddaşının qorunması, milli kimliyin möhkəmləndirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından xüsusi önəm daşıdığını diqqətə çatdırıb.
AMEA Rəyasət Heyəti Aparatının Elm və Təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri, Qərbi Azərbaycan İcmasının sədri, dosent, millət vəkili Əziz Ələkbərli, AMEA Folklor İnstitutunun direktoru, dosent Hikmət Quliyev çıxış edərək, Qərbi Azərbaycan folklorunun toplanması, qorunması və elmi əsaslarla araşdırılmasının milli-mənəvi irsin qorunması, tarixi yaddaşın bərpası və tarixi-mədəni həqiqətlərin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Daha sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.








araz.az xəbər portalı.