ABŞ-nin Venesuelanın paytaxtı Karakasda keçirdiyi əməliyyat nəticəsində Prezident Nikolas Maduro və həyat yoldaşının saxlanılması ciddi rezonans doğurub. Bu hadisənin geniş təhlilini ayrıca təqdim edəcəyəm…

Lakin diqqətimi çəkən məqam ondan ibarətdir ki, sosial şəbəkələrin Azərbaycan seqmentində mövzu bir qrup insan tərəfindən tamamilə fərqli və məqsədli şəkildə şərh olunur.

Xüsusilə müxalif kəsimdən olan bu şəxslər Maduro ilə Prezident İlham Əliyevin fotoları paralel şəkildə paylaşır, bununla da guya müəyyən mesaj verməyə çalışırlar. Lakin ortaya qoyulan yanaşma siyasi baxımdan səthi, həm də son dərəcə zəifdir.

Əvvəla, ABŞ nə mütləq müttəfiqimizdir, nə də düşmənimiz. Vaşinqton üçün də bu belədir. ABŞ üçün dəyişməz olan yeganə prinsip milli maraqlardır. ABŞ-ın xarici siyasətində dövlətlər və liderlər dost və ya düşmən kateqoriyasına yox, maraqlar kontekstində dəyərləndirilir. Bu maraqlar dəyişdikcə münasibətlər də dəyişir. Məsələn, Bayden administrasiyası dövründə ABŞ–Azərbaycan münasibətlərində ciddi soyuqluq müşahidə olunurdu, Tramp dönəmində isə bu münasibətlər xeyli yaxşılaşdı.

ABŞ-la münasibətləri balanslı şəkildə saxlamaq, maraqlar çərçivəsində qarşılıqlı əlaqə formalaşdırmaq mənə görə yüksək siyasi bacarıq, diplomatik çeviklik və uzaqgörənlik tələb edir. Və bunu tarixdə çox az şəxs və ölkələr bacarıb.

Lakin Maduronun saxlanılması məsələsindən cılız siyasi məqsədlər üçün istifadə edənlər isə çox vacib bir tarixi reallığı ya unudur, ya da bilərəkdən görməzdən gəlir. Bu gün ləğvi üçün mübarizə apardığımız məşhur 907-ci düzəliş məhz 1992-ci ildə, yəni Əbülfəz Elçibəyin prezidentliyi dövründə qəbul edilib və tətbiq olunub.

Mən bununla Elçibəyi əlbəttə ki qınamıram. Lakin bu gün ABŞ-ın addımlarını əsas götürərək iqtidara mesaj verməyə çalışanlar unutmamalıdır ki, vaxtilə onların siyasi düşərgəsini ən ciddi şəkildə zəiflədən və beynəlxalq müstəvidə təcridə sürükləyən əsas xarici faktor elə ABŞ-ın özü olub.

Bu baxımdan Venesuela hadisələrini Azərbaycana proyeksiya etmədən öncə gərək bu reallığı da unutmayasınız. Bakının Vaşinqtonla təmasları hazırda maraqlarımız çərçivəsində irəliləyir. İstisna detil ki, hədəf 907-ci düzəlişin ləğvidir.

Turan RZAYEV,
politoloq.

araz.az xəbər portalı.