Bu yazının qəhrəmanı — maraqlı həmsöhbətimiz olan Azərbaycan Tibb Universitetinin Epidemiologiya və biostatisitika kafedrasının müdiri, Respublikanın Əməkdar elm xadimi, Əməkdar müəllim, tibb elmləri doktoru, professor İbadulla Əliağa oğlu Ağayev milli elmimizi, düşüncə aləmimizi öz zəkasıyla nurlandıran böyük alimlərimizdən biri kimi özünü ictimaiyyətə tanıda, hörmət-izzət sahibi ola bilib.

Özündə zənginlik, zəngin olduğu qədər mürəkkəblik əks etdirən bioqrafiyasının xronologiyası da təsdiq edir ki, professorun adı elm tariximizin yaddaşına əbəs yerdən həkk edilməyib. Onun xalqın xoş günləri qarşısında maneə yarada biləcək bütün çətinliklərə qalib gəlməyə hazır olanlarla həmişə çiyin-çiyinə olduğu göz qabağında olub. Hamı yaxşı bilir ki, xalqın fəxrinə çevrilən ziyalı və nümunəvi vəzifə sahibi olaraq, professor atdığı hər bir addımında həmişə Ulu Öndərimizin, onun layiqli davamçısı möhtərəm Prezidentimizin dövlətimiz adından apardıqları böyük siyasəti dəstəkləməklə, öhdəsinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirib.

İbadulla Ağayev həyat və elm yolunun kələ-kötürlərinə, eniş-yoxuşlarına, olmazın əzab-əziyyətlərinə baxmayaraq, görkəmli alim ömrü yaşaya bilib. Harada olmasından və işləməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq, haqqı və ədaləti heç vaxt əlindən buraxmayıb. Bir daha təsdiqləyib ki, elmi, mənəvi və yaradıcılıq ənənəsinin parlaq davamçısı olaraq, etdiklərini doğma Vətən naminə edib. Bunlara görədir ki, bu elm adamının həyata keçirdiyi alqışalayiq hər bir işi ilə tanış olanda: “Vətənə, dövlətə, xalqa, millətə bağlılıq budur!” — deməmək olmur.

Barəsində ölkənin ayrı-ayrı media vasitələrində dərc olunanlardan, həmkarlarının, doğma-yaxınlarının, tanış-bilişlərinin dediklərindən də məlum olur ki, işinə sonsuz sevgisi olan bu peşəkar elm adamı özünü daxilən təmiz, insanpərvər, vicdanı saf, milli-mənəvi dəyərlərimizə sadiq, ciddiliyi və dürüstlüyü fəaliyyət amalına çevirən, ətrafıyla davranışda özünəməxsus alicənablığı və digər insani xüsusiyyətləri ilə daha çox seçilən dəyərli Vətən övladı kimi göstərib.

Yüksək səviyyəli bu elm adamı ilə bağlı yuxarıda sadaladıqlarımızdan çoxdan xəbərimiz olduğundan, haqqında geniş yazı hazırlamağı planlaşdıranda ehtiyatlı olmağı, yəni, yazının hər cümləsini ölçüb-biçərək qələmə almağı önə çıxardıq.

Bir də ki, göstərilən xarakterli vəzifə sahibi haqqında başdansovdu nəsə yazmaq da olmaz. Həyatı, fəaliyyəti və gördüyü işlər barəsində özünün xoşuna gəlməyən artıq-əskik nəsə yazmağın ağır yükü altından çıxmaqdan ötrü xeyli vaxt tələb olunur və bizə asan başa gələsi də deyil. Bəli, yuxarıda qeyd edilənlər bunu çox çətinləşdirir və hər kəs bacaran deyil — əksər qələm sahiblərinin yüksək məsuliyyət tələb edən belə işləri boyunlarına götürməkdən çəkinmələri də buna görədir.

Bu böyük insan görüşümüz zamanı nə qədər etsək də, özünün əldə etdiyi uğurlar haqqında yox, elm tariximizin çoxlarına məlum olmayan olduqca önəmli ayrı-ayrı epizodlarından danışmağa üstünlük verirdi. Bütün bunlar isə, bizim kimi, çoxlarının da bilmədiyi tarixi həqiqətləri nəzər-diqqətimizə çatdırırdı. Bu, onun nə qədər təvazökar olmasının daha bir təsdiqiydi…

 

    

    

…İbadulla Ağayevlə sevimli işinə sonsuz sevgisinin bariz nümunəsinə çevirdiyi, gözəl dizayn quruluşu, iç “bəzək-düzəyi” ilə sərgi salonundan, poeziya, ədəbiyyat və tarix fənni otağından geri qalmayan, az qala muzeyi xatırladan iş otağında baş tutan  görüşümüz maraqlı, bu görüşümüzün incəlikləri barəsində yazmağımız isə çox çətin alınır. Tutduğu sahədə keçdiyi yolun çətinliyi, bu sahədə belə yüksəlməsi səbəblərinin analizi də bu çətinliyə daha bir çətinlik qatır. Məlum olur ki, belə bir yüksəliş ona elə də asan başa gəlməyib. Bu yüksəlişdə dədə-baba ocağında aldığı ailə tərbiyəsi, özünü başa düşəndən, daha çox yeniyetmə və gənc yaşlarından isə şəcərə, tayfa və nəsil təəssübkeşi olaraq etimad doğrultmağa çalışması başlıca rol oynayıb.

“1950-ci ilin yanvar ayının 17-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində doğulub, boya-başa çatmışam. 1966-cı ildə elə bu kənddəki orta məktəbi bitirib, bir müddət Bakı Şəhər Mərkəzi Təcili Tibbi Yardım Stansiyasında səyyar həkim kimi işləmişəm”, — deyə, professor İbadulla Ağayev maraqlı söhbətimizin startını verir. Bildirir ki, o, 1967-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1973-cü ildə ali təhsilini müvəffəqiyyətlə başa çatdırıb. Və bundan sonra bütün qəlbi, ruhu ilə doğma Vətəninə, xalqına bağlı olan bu elm fədaisinin yüksəlişi yolunda yanan yaşıl işıq getdikcə daha da gurlaşıb.

Beləcə, İbadulla Ağayev öz peşəkar fəaliyyətini ölkədə epidemiologiya elminin inkişafına, insanlar arasında xəstəliklərin yayılmasının səbəblərini, şəraitini və dayandırılmasının qanunauyğunluqlarını öyrənməyə, tədqiq etməyə, onların qarşısının alınması və onlarla mübarizə tədbirlərinin işlənib hazırlanmasına həsr edir. Və bu sahədə böyük uğurlar, elmi nəticələr qazanan nadir elm xadimi kimi, adını elm tariximizin səhifələrinə yazdırır. Elə, 1992-ci ildən bu günədək rəhbəri olduğu və əvvəllər İsmayıl Əbdülxaliq  oğlu Axundov, Əməkdar elm xadimi Tağı Ələkbər oğlu Tağızadə, Pyotr Petroviç Popov kimi tanınmış professorların rəhbərlik etdiyi Azərbaycan Tibb Universitetinin Tibbi  profilaktika fakültəsinə daxil olan Epidemiologiya və biostatistika kafedrasının da böyük uğurlar dolu inkişaf strategiyası professor İbadulla Ağayevin adı ilə bağlıdır.

İlk illərdə kafedra Malyariya və Tibbi Parazitologiya İnstitutunun bazasında yerləşib. Bu dövrdə kafedrada yalnız Sanitariya-gigiyena fakültəsinin tələbələrinə dərs keçirilib. Hazırda isə, epidemiologiya fənni müalicə-profilaktika, tibbi-profilaktika və tibbi-biologiya, stomatologiya fakültələrinin tələbələrinə tədris edilir. Kafedranın bütün tarixi ərzində burada aparılan elmi işlərin əsası ölkə patologiyasının və səhiyyəysinin əsas problemləri ilə bağlıdır. Üstəlik, “Azərbaycanda yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarət sisteminin təkmilləşdirilməsi” mövzusu üzrə önəmli elmi işlər də burada aparılır. Bundan başqa, kafedranın nəzdində klinik-epidemiloji laboratoriya fəaliyyət göstərir. Yoluxucu və parazitar  xəstəliklərin laborator diaqnostikasını da aparan kafedrada, onların həyata keçirilməsində  müasir bakterioloji, virusoloji, parazitoloji, seroloji müayinə metodlarından istifadə edilir. Hətta, yeni tədris proqramına uyğun olaraq, müalicə-profilaktika, tibbi profilaktika və tibbi biologiya, stomatologiya fakultələrində epidemiologiya fənninin tədrisi azərbaycan, rus və ingilis dillərində həyata keçirilir.

Onu da qeyd edək ki, söhbət zamanı İbadulla müəllim Almaniyanın nüfuzlu Hamburq Universitetini bitirən və bu kafedranı təşkil edərək, 1943-cü ildən 1952-ci ilə qədər rəhbəri olan məşhur epidemioloq, tropikoloq və malyarioloq alim, professor İsmayıl Əbdülxaliq oğlu Axundovun özü, Axundovlar ailəsinin digər üzvləri barəsində ətraflı danışmağı özünə mənəvi borc bildiyini xüsusi olaraq qeyd etdi. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası tərəfindən xaricə 100 nəfər tələbə göndərilməsindən maraqla danışdı. Bu barədə bizim də məlumatımız vardı, amma, çoxları kimi, bu olay fonunda diqqətimizə çatdırdığı əksər nüansları bilmirdik.

“100 nəfərdən biri, Buzovnalı oğlan uşağı göndərilən gün Bakıda vəfat edib. 99-u isə, Almaniyaya getdikdən sonra müxtəlif şəhərlər üzrə bölünüblər. Hamburqda tibbi təhsil almaq üçün Tibb Universitetinə onların yeddi nəfəri daxil olub. Onlardan biri də, əslən Şamaxıdan olan İsmayıl Əbdülxalıq oğlu Axundov idi. Böyüdükləri ailədə iki qardaş, bir bacı olublar. Böyük qardaşı Ağa Axundov İsveçrə Kral Universitetini bitirib və mühəndislik diplomu alıb. Xeyli müddət sonra Azərbaycana geri gönüb. Onda Sənaye İnstitutu kimi tanıdığımız indiki Azərbaycan Neft və Kimya İnstitutunun nəzdində Sənaye Texnikumunun,Tiflis şəhərində isə Dəmiryolu İnstitutunun yaradılmasında çox böyük zəhməti olsa da, repressiya qurbanı olub və heç nədən 1937-ci ildə güllələnib.

Onu da deyim ki, o dövrdə məşhur professor kimi tanınan Ağa Əbdülxalıq oğlu Axundov xeyli müddət dekan və rektor vəzifələrində də çalışıb. Ondan nişanə iki övladı qalıb: Politexnik İnstitutunun professoru olan və kafedra müdiri vəzifəsi tutan oğlu Davud Axundov Azərbaycanın memarlıq və arxitektura sahəsində ən görkəmli və tanınan alimlərindən biri kimi adını elm tariximizin səhifələrinə yazdırıb. Digər oğlu Fuad Axundov isə, geologiya-minerologiya elmləri doktoru, professor kimi tanınıb. Onun da çalışdığı sahədə uğurları yetərincədir.

Ən maraqlısı odur ki, bu iki qardaşın yeganə bacısı olan Sona Axundova da vaxtilə Demokratik Respublika tərəfindən xaricdə tibbi təhsil almağa göndərilib. Kiyev şəhərində ruhu qarşısında daim baş əydiyimiz Azərbaycan xalqının fəxri, akademik Mustafa bəy Topçubaşovla bir qrupda təhsil alıb. Təhsillərini başa vurduqdan sonra, ikisi də Azərbaycana geri dönüb.

Sona Axundova öz sahəsində görkəmli mütəxəssislərdən birinə çevrilib, professor kimi vəzifədə işləməyə başlayıb. Üç dəfə SSRİ Ali Sovetinin deputatı seçilib”.

Professorun Sona xanımla bağlı danışdığı qəribə motivli maraqlı bir hadisə bizim üçün də eyni tərzdə alındı. Dediyinə görə, o qarışıq dövrdə baş verən belə hadisələr, xalqımızın görkəmli şəxsiyyətləri kimi, tanınmış həkim Sona xanımı da unutdurmur və nəyə qadir olduğunu daim xatırladır.

“Böyük Vətən Müharibəsi zamanı gözündən ağır zərbə alan bir rus polkovnikini, təkcə SSRİ deyilən bir dövlətin yox, dünyanın ən məşhur oftalmoloq alimi hesab edilən Vladimir Petroviç Filatov Bakıya, Sona xanımın yanına göndərir. Polkovnikin olduqca ağır durumda olan gözünün yüksək səviyyədə əməliyyatını yalnız Sona xanımın bacaracağını tam əminliklə bildirir. Deyir ki, ondan başqa kimsə bu göz əməliyyatını eləyə bilməz.

Göz xəstəliklərinin müalicəsi sahəsində tədqiqatları ilə tanınan dünya şöhrətli bu böyük oftalmoloq rus aliminin ən sevimli, ən uğurlu tələbəsi kimi Sona xanıma ümidi çox böyük idi. İndi sizin özünüz də təsəvvür edin, müəlliminin göndərdiyi məktub Sona xanıma nə qədər ruh verərdi?! Elə bu ruhla da, Sona xanım olduqca ağır bu əməliyyatı boynuna götürüb, ağır işinə başlayır. Və polkovnikin gözləri açılır və o, geri, Moskvaya dönür. Onda heç kim inanmayıb ki, belə bir cərrahi əməliyyat mümkün olsun.

Hətta onda SSR-nin rəhbəri Stalinə də bu barədə məruzə edilib. Gözləri açılan həmin polkovniki o da tanıyırmış və həmin anda Azərbaycan Mərkəzi Komitəsinin Birinci katibi Mir Cəfər Bağırova zəng vuraraq, göstəriş verib ki, Sona xanımın şəraiti ilə maraqlanıb, ona hər cür yardım göstərsin. Bu barədə Stalinin özünə ətraflı məruzə də edilsin.

Bu zəngdən dərhal sonra Sona xanımı Mir Cəfər Bağırov yanına çağırtdırıb. Ona nə lazım olduğunu soruşub, yaşayış şəraiti ilə maraqlanıb. Sona xanımsa ona cavabında deyib ki, çalışdığı Göz Xəstəlikləri İnstitutunda soyuducu yoxdur və bir-neçə dolabça, kitab şkafı lazımdır.

Bağırov Sona xanımın mənzil şəraitinə baxılması barədə də ciddi göstərişlərini verib. Baxanlar görüblər ki, o, adi birmərtəbəli evdə, çox kiçik mətbəxi olan bir mənzildə yaşayır. Normal şəraiti yoxdur… Sonradan Sona xanımın xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib”, — professorun həmin hadisənin qürurla danışdığı bu qısa xülasəsi bizə də öz qürurverici təsirini göstərir.

Həm də ona görə ki, Sona xanımın Azərbaycanın görkəmli göz həkimi özünü dünyaya tanıdan böyük alim, akademik Zərifə xanım Əliyeva kimi tanınmışların da müəlliməsi olduğunu qürurla söhbətimizə əlavə edir.

“1920-ci ildə Almaniyada 3-cü kursda təhsil alarkən, yəni Azərbaycan Demokratik Respublikasının süqutundan sonra, bizim tələbələr geri dönməyə qərar veriblər. Çünki təqaüd pullarını göndərən artıq yoxuydu, onları göndərən hakimiyyət dəyişmişdi.

Amma İsmayıl Axundovun istedadını görən alman müəllimləri hətta ölkənin kanslerinə də çatdırıblar ki, azərbaycanlı belə bir tələbə var, alman dilinin qrammatikasını onlardan yaxşı bilir. Özləri isə müəllim çatışmazlığından olmazın əziyyət çəkirlər. Kanslerin göstərişi ilə, xaricdə tibbi təhsil almağa gələn və alman dilinin qrammatikasını mükəmməl bilən İsmayıl Axundov burada saxlanılır. Hətta ona iş və yaxşı əmək haqqı da verilir. Tibbi təhsil alan digər tələbə yoldaşları da onun hesabına təhsillərini davam etdirirlər. Çünki İsmayıl Axundov aldığı əmək haqqını onların xərclərinə sərf edir. Bu tələbələr Azərbaycana döndükdən sonra isə,  respublikamızda məşhur professorlar kimi ad çıxarırlar.

Onu da deyim ki, Almaniya hökuməti İsmayıl bəyi geri buraxmır və onu Münhen şəhərinə, Martınin soyadlı tanınmış professorun yanına göndərir. Bu şəhərdə yaşaması üçün, o, mənzillə də təmin edilir. Və dünyanın 56 ölkəsində vaxtilə yayılan epidemiyaların qarşısının alınmasında İsmayıl bəyin çox böyük xidmətləri olur.

Sovet hökuməti qurulsa da, Amerika, İngiltərə, Yaponiya… hökumətləri Almaniyaya məktub yazırlar ki, İsmayıl bəyi onların ölkələrinə versin. Siz də yaxşı bilirsiniz ki, onda Alman hökuməti belə bir mütəxəssisi heç kimə verməzdi. Həm də, İsmayıl  bəy deyirmiş ki, Azərbaycana nə vaxtsa dönməlidir”.

Söhbətimizin bu yerində İbadulla müəllim deyir ki, ruhu qarşısında baş əydiyi böyük şəxsiyyətimiz, dünya şöhrətli cərrahımız Mustafa bəy Topçubaşov onda İsmayıl Axundova məktub yazır ki, Azərbaycana geri dönsün, respublikanı  malyariya başına alıb. Tam zəmanət də verir ki, o, heç vaxt güllələnən qardaşının aqibətini yaşamayacaq.

“Bunu çox adamlar bilmir. Bu dahi Mustafa bəy Topçubaşovun Azərbaycan qarşısında xidmətlərinin ən incə məqamlarından biri idi ki, İsmayıl bəyi geri, Bakıya gətirə bilir”, — deyə, İbadulla müəllim bu nüansları xüsusi olaraq vurğulayır:

“Almaniyanın ən böyük bir vəzifə sahibi İsmayıl bəyə onun qızı ilə evlənməyi də təklif edir. O isə cavabında deyir ki, türk qızından başqa heç kəslə evlənən deyil. Yolunu gözləyən var. Bəli, o, hələ gimnaziyada oxuyarkən bir qıza vurulur və onunla evlənəcəyinə söz verir. Elə, söz verdiyi o qızla da ailə həyatı qurur. Böyük bir ruhla da, ona tapşırılan bütün işləri ləyaqətlə yerinə yetirir.

Tibb fakültəsi Azərbaycan Dövlət Universitetindən ayrıldıqdan sonra, daha şərəfli işlərə imza atır. Müəyyən vaxt keçdikdən sonra, məsələn, 1930-cu ildə, Tropik xəstəliklər və epidemiologiya kafedrasının xətti ilə həm Bakıda, həm də rayonlarımızda tropik stansiyalar və tibbi parazitologiya aid institut yaratmaq haqqında düşünür və bunu böyük həvəslə həyata keçirir. Vaxtilə Qafqaz Ordusunun Baş epidemioloqu olan yeganə mütəxəssis kimi ad çıxarır. Böyük Vətən Müharibəsi illərində etdikləri ağlagəlməz olsa da, bunu bacarır. Üstəlik, kafedranın ayrı fəaliyyət göstərməsinə də nail olur. Ümumiyyətlə, epidemiologiya, parazitologiya sahəsində çox qüdrətli bir mütəxəssisə çevrilir.

İsmayıl Axundov, hətta, Azərbaycan xalqının əlçatmaz bir alimi olan Yusif Məmmədəliyevlə də bir yerdə işlədi. Əsas odur ki, malyariyaya qarşı zəhmətləri hədər getmədi və bu qorxulu xəstəliyin respublikamızda qismən ləğvinə nail ola bildilər. Tale belə gətirib ki, sonradan İsmayıl bəylə Yusif Məmmədəliyevin qohumluq əlaqələri də yaranıb“.

…Bəzən bilmədiklərimiz, açılmayan sirlər çox olur. Məsələn, o vaxtlar İsmayıl bəyin şöhrəti o qədər yayılır ki, SSRİ deyilən bir dövlətdə bizim mənfur qonşularımız — daşnak tör-töküntüsü olan ermənilər ona çox paxıllıq edirlər. Belə olmasaydı, 1952-ci ildə həyat yoldaşı ilə Sovet dövlətinin paytaxtı Moskva şəhərinə gedən, nüfuzlu bir konfrans iştirakçısı olan İsmayıl Axundov faciəli şəkildə həyatını dəyişməzdi. Bu barədə İbadulla müəllimin söylədikləri isə, ruh yüksəkliyində keçən bu görüşümüzə təəssüf hisslərindən doğan başqa çalarlar qatır.

İbadulla müəllimin dediklərindən məlum olur ki, onlar “Moskva” mehmanxanasında qalmalı olurlar. Amma bir-iki gündən sonra gəlib onlara deyirlər ki, mehmanxanada təmir işləri olacaq. Bir institutun qonaq evi var, orda qalsınlar. Onları gətirirlər həmin qonaq evinə.

“Axşam pəncərələrinə dəmir barmaqlıqlar vurulmuş həmin qonaq evinin qapısı ağzına dezinfeksiya kamerası qurulmuş bir maşın söykəyirlər və yandırırlar. Yanğın zamanı onların çıxmaları mümkün olmur. İsmayıl müəllim beləcə faciəli şəkildə həyatla vidalaşır.

Onda mən çox axtarışlar apardım, dəfələrlə bu oyunun üstünü açmaq istədim. Lakin ortada xəyanətkar, paxıl və xain erməni barmağı vardı deyə, bu mümkün olmadı. Direktorun da bu olayla bağlı 70-ci illərin axırına qədər müraciətləri oldu, dəfələrlə həmin instituta getdim. Nə olsun, ortaya nəsə çıxarmaq mümkün olmadı. Ortadakı qaranlıqlar İsmayıl müəllimi beləcə əlimizdən aldı”, — deyə, İbadulla müəllim bildirdi ki, onu bu səviyyəyə gətirib çatdıran, vəzifəsindən çıxıb, onu yerinə təyin etdirən əziz və sevimli müəllimi, həmişə ruhu qarşısında baş əydiyi böyük türk oğlu Tağı Ələkbər oğlu Tağızadə Kəlbəcərdə Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi işləyərkən həmişə ondan da soruşurmuş ki, ermənilərlə professor arasında nə münaqişə olub?

“Bu sualıma cavab olaraq  bildirdi ki, 1942-ci ildə Baş həkim işləyərkən, bir ucqar kənddə epidemiya baş verir. Öküz arabası ilə oraya dezinfeksiya kamerası qaldırmalı olurlar. Ermənilər həmin dezinfeksiya kamerasını da yandırırlar. Hətta xəyanətkarlar müxtəlif preparatların alınmasını da dəfələrlə çətinləşdirirlər. Ora göndərilən preparatları məhv etməkdən belə çəkinmirlər. Hətta bir dəfə onlar tərəfindən mənim sevimli müəllimimə qarşı sui-qəsd də təşkil olunur.

O vaxtdan mənim ermənilərə qarşı nifrətim getdikcə artmağa başladı, aramızda  münaqişələr də yarandı. Çünki Tağı müəllim elə bir böyük şəxsiyyət idi ki, millət məfhumu onun üçün həmişə zirvədə dayanırdı. Bunu isə, xain və xəyanətkar erməni məxluqların gözləri götürmürdü.

Yeri gəlmişkən deyim ki, İsmayıl müəllimin təklifi ilə, 1945-ci ildə Tağı müəllim Bakıya gəlir. Epidemiologiya kafedrasında vəzifədə işləməyə başlayır və çox sayda təlimlər keçirir. İsmayıl müəllim məlum faciə ilə üzləşəndən sonra, iki il kafedraya rəhbərlik edir. O zaman Tağı müəllim elmlər namizədi idi.

1952-ci ildə kafedraya Rusiyadan dəvət olunmuş professor rəhbərlik etməyə başlayır. Tağı müəllim isə, 1961-ci ildən Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutuna direktor təyin olunur. 1964-cü ildən yenə bu kafedrada müdir vəzifəsində fəaliyyətini davam etdirir.

Nəsir İmanquliyev kimi böyük bir jurnalistin bacısı oğlu olan Tağı müəllim Azərbaycan xalqının qüdrətli bir övladı, bizim təbabətimizin inkişafında çox böyük xidmətləri olmuş bir şəxsiyyət, millətimizin ən görkəmli alimidir. Millətini sevdiyi, əslən Ərdəbildən və doğma Vətən yanğılı olduğu üçün, həmişə milli ruhumuz barəsində, gizli də olsa, bizə çox dərs keçirdi. Şükürlər olsun ki, indi hər şeyi danışa bilirik”, — İbadulla Ağayev sanki bu sözləri deməklə  rahatlıq tapır. Xüsusi olaraq onu da deyir ki, neçə dəfə sevimli müəlliminə öz vəzifəsinə geri qayıtmağı xahiş edir. Hətta Tağı müəllim buna görə, onun üstünə hirslənir də. Lakin yetirməsinin bu təkidi ona fərəh gətirir, göz yaşı qarışıq, sevinc bəxş edir.

HAŞİYƏ:

İbadulla Ağayev dünyanın müxtəlif ölkələrində keçirilən elmi simpozium və konfranslarda da dəfələrlə iştirak edib. Bu tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil etməklə, öz sözünü lazımi məqamda deyə bilən cəsarətli, novator alim kimi özünü tanıdıb.

Onu da qeyd edək ki, 1979-cu ildə “Azərabyacan SSR-nin şimal-şərq hissəsində leptospirozun yayılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdikdən sonra, 1982-ci ildə müsabiqə yolu ilə kafedraya dosent vəzifəsinə təyinat alıb. 1991-ci ildə “İntensiv iqtisadi inkişaf şəraitində leptospirozun təbii, antropurgik və epidemik ocaqlarının qarşılıqlı əlaqəsi» mövzusunda doktorluq dissertasiyasını müdafiə etdikdən sonra — 1992-ci ildə kafedranın professoru vəzifəsinə seçilib.
Professor İbadulla Ağayevin zəngin bilik və təcrübəsi, tükənməz enerjisi onun müxtəlif ictimai işlərdə, elmi-praktik cəmiyyətlərin fəaliyyətində fəal iştirak etməsinə zəmin yaradıb. 1992-ci ildən 2020-ci ilə qədər Səhiyyə Nazirliyinin Baş epidemioloqu kimi fəaliyyət göstərib. Kafedra müdiri olmaqla yanaşı, həm də, bu ali məktəbin nəzdində fəaliyyət göstərən “Epidemiologiya, mikrobiologiya və gigiyena “ ixtisası üzrə Dissertasiya Şurasının, bununla yanaşı epidemiologiya, mikrobiologiya və yoluxucu xəstəliklər, profil sahələr üzrə problem komissiyalarının sədri kimi tanınıb.

O, həmçinin Rusiya Təbiət Elmləri Akademiyasının, Beynəlxalq Ekoenerji Akademiyasının üzvü də seçilib. Hakim Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi də özünü tanıda bilib.

İbadulla müəllim tək Azərbaycanda deyil, onun hüdudlarından kənarda, Türkiyədə, Özbəkistanda, Qazaxıstanda, Türkmənistanda, xüsusilə Rusiyanın Moskva, Sankt-Peterburq şəhərlərinin tibb universitetlərində, müvafiq elmi-tədqiqat institutlarında xüsusi hörmət və nüfuz qazanmış alimlərimizdəndir.

Bir daha qeyd edək ki, İbadulla Ağayevin Azərbaycan Tibb Universitetinin kafedra müdiri kimi, ölkəmizdə minlərlə ali təhsilli tibb mütəxəssisinin hazırlanmasında, onların mənəvi keyfiyyətlərinin milli-mədəni dəyərlərimiz zəminində formalaşmasında zəhməti danılmazdır. Onun rəhbərliyi altında 40 nəfər namizədlik, 5 nəfər isə doktorluq dissertasiyası müdafiə edib. 300-dən çox elmi əsər müəllifi olan professorun ümumi və xüsusi epidemiologiyaya həsr olunmuş 10 dərsliyi, 15 dərs vəsaiti, 10 elmi-kütləvi kitabçası, 10 metodik göstərişi isə, Azərbaycan Tibb Universitetində gələcək kadrların hazırlanmasında xüsusi rol oynayıb.

Eyni zamanda, bu illər ərzində professor elmi rəhbərliyi altında çoxsaylı epidemioloqlar yetişdirərək, güclü elmi məktəb yaratmağa nail olub. Onun mərkəzi elmi mətbuatda dərc etdirdiyi və bir çox elmi konfranslarda məruzə və çıxışlarıyla təqdim etdiyi tədqiqatları qarışıq, ölkədə leptospirozun və digər yoluxucu xəstəliklərin epidemiologiyasının öyrənilməsinə həsr olunmuş elmi əsərləri də  qiymətsizdir.

Konkret desək, hal-hazırda professor İbadulla Ağayev ömrünün peşəkar fəaliyyətini ölkədə epidemiologiya elminin inkişafına, insanlar arasında xəstəliklərin yayılmasının səbəblərini, şəraitini və dayandırılmasının qanunauyğunluqlarını öyrənməyə, tədqiq etməyə, onların qarşısının alınması və onlarla mübarizə tədbirlərinin işlənib hazırlanmasına həsr edən, bu sahədə böyük uğurlar, elmi nəticələr əldə edən nadir elm xadimidir.

Bütün bunlara görədir ki, çəkdiyi zəhməti heç vaxt unudulmayıb. Həmişə diqqət mərkəzində olan elmi və pedaqoji fəaliyyəti lazımi dərəcədə qiymətləndirilib.

1999-cu və 2006-cı illərdə Səhiyyə Nazirliyinin Fəxri fərmanı, 2000-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının İ. P. Pavlov adına gümüş medalı ilə təltif olunub. Ona 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Əməkdar müəllim, 2007-ci ildə isə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar elm xadimi fəxri adlarının verilməsi deyilənlərin sübuta ehtiyacı olmayan təsdiqidir.

Professorla söhbətimizdən, ölkə mətbuatında barəsində yazılanlardan, onunla bağlı “Araz” Media Qrupunun (Arazpress.com xəbər portalının) əməkdaşları ilə birlikdə apardığımız araşdırmalardan məlum olur ki, o, geniş dünyagörüşlü elm adamı olmaqla bərabər, xüsusi bacarıq və hərtərəfli qabiliyyət sahibi, çoxşaxəli yaradıcılıq istedadına malik gözəl insan, daim axtarışda olan ziyalıdır.

Bəli, doğrudan da, İbadulla müəllim təkcə Azərbaycanın yox, dünya ədəbiyyatının da mükəmməl bilicisi kimi özünü tanıdıb. Klassiklərin əsərləri, poeziyamızın gözəl nümunələri barədə çox yaxşı məlumata malikdir. Gözəl tarixçi, etnoqraf və filosof kimi də ad çıxarıb. Onun iştirakçısı olduğu bütün tədbirlər sanki kiçik bir ədəbiyyat məclisinə bənzəyir. Onun danışığı axar çay kimidir, yerini tapan hər sözü, hər fikri ilə nə demək istədiyi yerindəcə aydın olub, başa düşülür. Bir sözlə, istər peşəkar, istərsə də ayrı-ayrı sahələrə həsr olunmuş yazı, məruzə və çıxışları həm məna və məzmunu ilə, həm də dilimizin zənginliyini və gözəlliyini göstərən, nümayiş etdirən səlist və virtuoz ritorikası ilə cəlbedici olur. Poeziya vurğunu olaraq, dərs dediyi auditoriyanı, çıxış etdiyi hər hansı bir məclisi dərhal ələ ala bilir — Ana dlimizin gözəlliklərinə və zənginliyinə hakim ziyalı olduğuna görə. Professor doğulduğu və qarış-qarış gəzdiyi məmləkətin tarixini belə mükəmməl bilir. O, həm də milli, mənəvi və mədəni dəyərlərimizi, adət-ənənələrimizi, musiqimizi – muğamımızı, aşıq poeziya və musiqisini dərindən bilən qibtə ediləcək dərəcədə mükəmməl yaddaş sahibi, folklorumuzdan başlayaraq, klassik və müasir poeziyamızı, aşıq poeziyasının ən gözəl nümunələrini əzbər bildiyinə və saatlarla onları həvəslə söyləmək iqtidarında olduğuna, eyni zamanda Aşıq Ələsgər Ədəbi Məclisinin fəal üzvü kimi, Azərbaycan aşıq poeziyasının, xüsusilə Dədə Ələsgər irsinin təbliği sahəsində göstərdiyi xidmətlərə görədir ki, dövlət adından da qiymətləndirilib və 27 mart 2024-cü ildə “Aşıq Ələsgər – 200” yubiley medalı ilə təltif olunub.

İbadulla Ağayevin dediyimiz xarakteriylə bağlı həyatında bu günə qədər ömür sürən bir epizodu mətbuat araşdırması zamanı üzə çıxarmışıq. Bu epizod Moskvadakı professor dostu Ələddin Allahverdiyevin onun 75 illiyi münasibətilə yazdığı və dərc etdirdiyi “Tanınmış epidemioloq, nurlu pedaqoq” sərlövhəli yazıda əksini tapıb və aşağıdakı kimidir:

İbadulla müəllimin dediklərindən:

— 1948-ci ildə Göyçə mahalından deportasiya edilmiş bir xeyli ailə uşaqlıq illərimi keçirdiyim Cəngən kəndində məskunlaşmışdı. Evimizin hər tərəfində Göyçədən köçürülmüş ailələr yaşayırdı. Orta məktəb müəllimlərinin əksəriyyəti də Göyçədən köçürülənlər idi. Yaxşı xatırlayıram ki, ulu göyçəlilərin uşaqdan böyüyədək hamısının elmə, aşıq sənətinə, şifahi xalq ədəbiyyatına böyük sevgi və marağı vardı. Buna görə, kənddə tez-tez aşıq məclisləri qurular, qonşular maraqla dastançı aşıqlara qulaq asar, ustad aşıqların şeirlərini dinləyər, sənətkarlara Aşıq Alıdan, Dədə Ələsgərdən oxumalarını xahiş edərdilər. Məhz beləcə, sazı, sözü, şeiriyyəti sevən, elmə xüsusi önəm verən belə bir mühitdə böyüyürdük.

Uşaqlıqdan şeiriyyətə, xüsusilə də aşıq poeziyasına, Şirvan aşıqlarıyla yanaşı, Aşıq Alı və Dədə Ələsgər yaradıcılığına olan həvəsimi görən göyçəlilər mənə xüsusi hörmətlə yanaşar, məhəbbət göstərərdilər. Bir dəfə təşkil olunan məclislərin birində Göyçənin Şorca kəndindən olan Aşıq İslamın Zodlu Abdulla haqqında həvəslə söhbət açması, onun şeirlərini xoş avazla oxuması məndə bu sənətkara qarşı böyük maraq oyadır, onun yaradıcılığına sonsuz məhəbbət yaradır, şeirlərini sevməyə, əzbərləməyə, təbliğ etməyə sövq edirdi. Beləliklə, Aşıq Alı, Dədə Ələsgər sevdalı olmağımla bərabər, Zodlu Abdullaya da vurulurdum.

Sonralar Aşıq İslam məni Göyçəyə də apararaq, kəndbəkənd gəzdirərək, orada görüşdüklərimiz insanlara təqdim edir: “Bu uşağın yaxşı yaddaşı var, çoxlu şeirlər bilir”, — deyirdi.

Onlar da mənə xüsusi hörmətlə yanaşar, yaddaşımı yoxlamaq üçün suallar verərdilər. Göyçəyə səyahətim və uzun illərin Göyçə əsilli həmkəndlilərinə və Zodlu Abdulla yaradıcılığına olan sevgimdir ki, bu yaxınlarda şairin Göygöl rayonunda yaşayan nəvəsiylə birlikdə onun şeirlərini toplayıb, ön söz yazaraq, onları öz maliyyə hesabıma böyük tirajla kitab şəklində nəşr etdirdim…

…Son vaxtlar daha yaxından tanıdığım İbadulla müəllim dostluqda etibarlı, səmimi, sözüylə əməli vəhdətli, əsl kişilərə məxsus mərd, dəyanətli xüsusiyyətlərə malik insandır. Onun mərhum dostumuz, 50-dən çox kitabın, məşhur “Ulu Göyçə” poemasının müəllifi, istedadlı şair Eldar İsmayılla dostluğu hər kəsə nümunə ola biləcək örnəkdir. İbadulla müəllim Eldar İsmayılın yubileylərinin və yeni çapdan çıxmış bir çox kitablarının təqdimatının aparıcısı olmuşdur. Bir qayda olaraq, İbadulla müəllim ayrı-ayrı təntənəli mərasimlərdə çıxışlarının əksəriyyətində Eldar İsmayılın hikmətli şeirlərindən nümunələr gətirməyi çox sevir. Eldar İsmayıl yaradıcılığında Azərbaycanımıza, bütöv Türk dünyasına tərənnüm edilən sevgi İbadulla Ağayevin ürəyi ilə bir vurur, harmonik səslənir.

Eldar İsmayılın “Sən məni aldada bilməzsən, dünya” kitabına ön sözdə İbadulla müəllim yazmışdı: “Eldar, aparacağam səni Göyçəyə”. Təəssüf ki, apara bilmədi… Bu gün isə İbadulla müəllim nisgil içində yazır: “Eldar qağa, kaş sağ olaydın! Kaş, yenə də doğulduğun Göyçəni vəsf edəydin”.

İbadulla müəllim dostumuz Eldar İsmayıl yaradıcılığını tək sağlığında deyil, ölümündən sonra da daim təbliğ edir, ildə bir-neçə dəfə onun məzarını ziyarət edərək, xatirəsini anır. Budur dostluğa sədaqət, dost xatirəsinə məhəbbət və ehtiram nümunəsi!”.

Yazıdakı həmin epizod da bir daha onu deyir ki, ömrünün kamillik çağlarını şərəflə başa vurub, müdriklik dövrünə qədəm qoyan, hazırda elmi fəaliyyətinin məhsuldar, pedoqoji ustalığın kamillik dövrünü yaşayan, illərdi auditoriyalarda minlərlə tələbəsinə sadəcə dərs deməyib, insan ruhuna toxunacaq yollar çəkən bu gözəl insanın, böyük elm adamının gördüyü bütün işlər xüsusi minnətdarlığa layiqdir. Onu Azərbaycan xalqının rifahı naminə tibb elmi və səhiyyəsinin inkişafı yolunda yeni-yeni uğurlu işlər gözləyir.

İbadulla müəllimin ömür kitabının çevrilərək.arxada qalan hər səhifəsinə və yaşadığı mənalı illərə nəzər yetirməklə, tələbəsi olan hər yerdə bir işıq yandırmaqla doğma Vətənimiz Azərbaycanın qarşımızdakı coğrafi xəritəsinə baxsaq, bu xəritə başdan-başa nura qərq olar. Bu bir daha onu deyir ki, İbadulla Ağayev işıq saçan, nur paylayan, savad, bilik verən, insanlıq nümunəsi göstərən, elm mənbəyi olan kitablarını heç vaxt tələbəsinə satmayan nurlu pedaqoq, parlaq ziyalı, paklıq, saflıq, sadəlik və səmimiyyət nümunəsidir.

Hər adam onu başa düşə bilməz də. Onu göründüyü kimi yox, olduğu kimi qəbul etmək gərəkdir. O zaman tibb elmimizin fəxri, görkəmli alim, dəyərli pedaqoq, böyük ziyalı olan bu insanın nəhəngliyini duymaq olar.

Vaqif NAMAZOV,
Qərbi Azərbaycan İcmasının Qursalı Kənd İcmasının sədri,
Namiq TÜRKSOY

araz.az xəbər portalı.