İranda baş verən kütləvi iğtişaşlar region ölkələrində, o cümlədən Azərbaycanda da ictimai-siyasi müzakirələrin əsas mövzularından birinə çevrilib. İranın siyasi tarixində bu tip genişmiqyaslı daxili gərginlik halları müxtəlif dövrlərdə olub və bundan sonra da olacaq. Lakin paralel olaraq, Pəhləvilər sülaləsinin varisi kimi hesab olunan Rza Pəhləvinin sosial şəbəkə platformalarında müsbət ideoloji portretinin və siyasi obrazının yaradılması istiqamətində sistemli addımlar diqqət çəkir. Heç şübhəsiz ki, Rza Pəhləvini alternativ kimi təqdim edən yanaşmalar siyasi savadsızlığın və tarixi məsuliyyətsizliyin açıq təzahürüdür.

Bu gün ölkəmizdə də İran rəhbərliyinə nifrət fonunda Rza Pəhləvinin müsbət obrazını yaradanlar az deyil, onlar belə düşünürlər ki, əgər İranda hakimiyyət-dini sistem dəyişsə, Cənubi Azərbaycan müstəqillik əldə edəcək, yaxud Azərbaycan Respublikasına birləşəcək. Təbii ki, ənənəvi travmatik vətənpərvərlik duyğuları bu tip adamları reallıqdan uzaq düşünməyə vadar edir, başqa cür mümkün deyil.

Əsas məqama gələk və iki vacib nüansı qeyd etməliyəm:

BİRİNCİSİ, İranda yaşayan azərbaycanlılar Rza Pəhləvinin varisi olduğu Pəhləvilərin hakimiyyəti dövründə (1925-1979) – 54 il ərzində ən ağır repressiyalara məruz qalıb. Məhz Pəhləvilərin dövründə fars millətçiliyi önə çəkilib, Azərbaycan türkcəsi rəsmi və ictimai sferadan tamamilə çıxarılıb, məktəblərdə, dövlət idarələrində, mətbuatda türk dili qadağan edilib, türk adları dəyişdirilib, “Azərbaycan” sözü siyasi termin kimi ən təhlükəli hal sayılıb, açıq assimilyasiya və mədəni repressiya siyasəti radikal şəkildə həyata keçirilib. Düzdür, müəyyən müddətdən sonra azərbaycanlılar iqtisasi-sosial həyatda, ticarətdə müəyyən üstünlüklər əldə edərək bürokratiyada mövqe sahib oldular. Amma buna da azərbaycanlıların milli kimliyi folklor səviyyəsinə endiriləndən sonra icazə verdilər. Hətta 1945-1946-cı illərdə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulan Milli Hökumət ABŞ-ın, Qərb ölkələrinin açıq hərbi-siyasi dəstəyi ilə Pəhləvilər tərəfindən darmadağın edildi – 5 min azərbaycanlı güllələndi, edam edildi, ziyalı təqəqənin 15 min nəfər mənsubu həbs olundu, minlərlə insan insan isə sürgün edildi. Pişəvəri hərəkatı boğulandan sonra Pəhləvilər “Azərbaycanın kitabı”nı birdəfəlik bağladılar. Fars millətçiləri azərbaycanlılara qarşı daha amansız təqiblərə start verdilər.

İKİNCİSİ, 1979-cu il İran İslam İnqilabının baş verməsində İranda yaşayan azərbaycanlıların rolu həm kütləvi, həm də ideoloji-siyasi baxımdan həlledici olub. Vaxtilə analitiklər bu inqilabın əsl sahibi kimi azərbaycanlıların adını çəkirdilər. Xüsusilə, Təbrizdə baş verən kütləvi etirazlar Pəhləvi-Şah rejiminin sonunu gətirdi. Təbrizlə yanaşı, Xoy, Urmiya, Mərənd, Ərdəbil, Zəncan şəhərləri inqilabın mərkəzi nöqtələri və əsas lokomativi hesab olunurdu. Farslar isə sanki buxarlanıb yoxa çıxmışdılar. Azərbaycanlı ruhani alimlərdən Ayətullah Seyid Kazım Şəriətmədari (sonradan öldürüldü) və Ayətullah Məhəmməd Əli Qazi Təbatəbai İnqilabın əsas ideoloqları hesab olunurdular.

Qısası, İranı 54 il idarə etmiş Pəhlviləri devirib yerində İslam dövləti quran əsas qüvvələr məhz azərbaycanlılar idi. Bu gün İrandakı iğtişaşlarda Azərbaycan şəhərlərinin passivliyi, əsasən kürdlərin, qismən farsların önə çıxması da taxiri nöqteyi-nəzərdən təsadüfi deyil. Rza Pəhləvinin situativ olaraq, Rza Pəhləvini əlmeymunu və təlxək kimi ortaya atması imitasiyadır.

Samir FEYRUZOV

araz.az xəbər portalı.