Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olan Nemət Pənahlının son açıqlamaları ictimai müzakirələrə səbəb olub. O, Meydan hərəkatı dövründə toplanan böyük məbləğdə vəsaitin taleyi ilə bağlı sensasion iddialar irəli sürüb. Bildirib ki, 10 milyon vəsait AXC lideri və mərhum prezident Əbülfəz Elçibəy tərəfindən mənimsənilib. Pənahlının sözlərinə görə, pul toplandıqdan sonra özü həbs olunub, azadlığa çıxdıqda isə pulu saxlayan Rəsul adlı şəxsdən hesabat tələb edib.

Səsləndirilən iddialar nə dərəcədə realdır?

Arazpress.com bildirir ki, bununla bağlı Globalinfo.az-a Əbülfəz Elçibəyin köməkçisi işləmiş Oqtay Qasımov danışıb. O, deyib ki, Nemət Pənahlı hər zamankı kimi böhtan və iftira xarakterli açıqlamalarını davam etdirir:

“Görünən odur ki, onun Elçibəyə qarşı şəxsi kin və nifrəti formalaşıb. Bunun səbəbi də məlumdur: Nemət Pənahlı vaxtilə xalq hərəkatının lideri olacağını düşünür, lakin bu iddiasının qarşısının Əbülfəz Elçibəy tərəfindən alındığını hesab edirdi. Nemət Pənahlının 1992-ci ildə “Meydan” qəzetində dərc etdirdiyi istintaq xarakterli yazıları yaxşı xatırlayıram. Həmin materiallarda da bu məsələyə toxunulur və Rəsul adlı şəxs ittiham edilirdi. Biz o dövrdə Meydanda olmuşuq, pul yığımı prosesinin baş verdiyini görmüşük və həmin vəsaitlərə nəzarət edən şəxsin Rəsul olduğu, onun Nemət Pənahlı ilə Səttarxan adına zavodda birlikdə işlədiyi hər kəsə məlum idi. Sonrakı illərdə də Nemət bu məsələdə dəfələrlə məhz həmin şəxsi ittiham edib”.

O. Qasımov qeyd edib ki, Əbülfəz Elçibəylə bağlı səsləndirilən iddialar tamamilə əsassızdır və iftiradan başqa bir şey deyil:

“Nemət Pənahlı çox yaxşı bilir ki, 1988-ci il dekabrın 4-dən 5-nə keçən gecə Meydan dağıdılarkən özü keçmiş raykom katiblərindən birinin avtomobili ilə ərazidən çıxarılıb, Əbülfəz Elçibəy isə həmin gecə həbs olunub və Meydan hadisələrindən sonra bir aydan artıq müddət həbsdə saxlanılıb. Bu faktlar fonunda Nemət Pənahlının iddiaları Əbülfəz Elçibəyə qətiyyən yapışa bilməz”.

Keçmiş köməkçi Əbülfəz Elçibəyin ailəsinə çağırış edib:

“Hesab edirəm ki, mərhum prezidentin ailəsi və övladları Nemət Pənahlının bu böhtanlarına görə məhkəməyə müraciət etməlidir. Mətbuat vasitəsilə onlara çağırış edirəm ki, bu məsələyə hüquqi qiymət verilsin və ictimaiyyət qarşısında aydınlıq yaradılsın. Çünki Nemət Pənahlı artıq 25 ildən çoxdur dünyasını dəyişmiş bir insanla mübarizə aparır. Bu davranış nə ona, nə də başqasına hörmət qazandırır. Əksinə, bu cür çıxışlar onun barəsində cəmiyyətdə yaranmış mənfi münasibəti daha da gücləndirir.

Bir daha xatırlatmaq lazımdır ki, Meydan dağılan gecə Əbülfəz Elçibəy həbsdə olduğu halda, Nemət Pənahlı sonradan saxlanılıb. Bu şəraitdə vəsaitlərin Elçibəy tərəfindən necə mənimsənildiyi sual doğurur. Nemət Pənahlı bu mövzu üzərindən manipulyasiya etməyə çalışsa da, görünən odur ki, Əbülfəz Elçibəy vəziyyəti sakitləşdirmək məqsədilə proseslərə müdaxilə edib. Həmin dövrdə Elçibəy Meydanda arxa planda olub, Nemət Pənahlının da dediyi kimi, Meydanın faktiki lideri məhz özü olub və baş verənlər onun birbaşa nəzarəti altında həyata keçirilib. Yaxşı xatırlayıram ki, həm Əbülfəz Elçibəy, həm də digər ictimai xadimlər Meydanda dəfələrlə çıxış edərək pul yığılma məsələsinin əleyhinə olduqlarını bildiriblər”.

araz.az xəbər portalı.