
Ölkədə yol sarıdan bəxti gətirən yaşayış məntəqəsi tapmaq çətindir. Heç biri müasirliklə ayaqlaşmayan yol problemindən uzaq deyil. Vətəndaşların çözülməz bu bəlası ilə bağlı media vasitələrində saysız-hesabsız yazılar da dərc olunur. Bu yazılara aid başlıqların əksəriyyəti sanki Sabunçu rayonundakı Zabrat qəsəbəsinə aiddir və illərdi qəsəbə camaatının canını boğazına yığan eyniadlı problemi barəsində deyilib.
Buna görə, Arazpress.com-un bu yazısının başlığını da onlara bənzər şəkildə seçərək, demək istəmişik ki, dərd birdir. Zabrat sakinlərinin bu dərdinə də əlac edən tapılmır ki, tapılmır. Qəsəbənin girişindəki acınacaqlı durumsa, içərisindəki biabırçı vəziyyətdən geri qalmır. Yağış yağdımı, vay camaatın halına, bütün küçələri irihəcmli gölməçələrə çevrilir, binalarının həyəti çirkli su, qəsəbələri başdan-ayağa palçıq içində qalır. Özləri isə, ayaqqabılarını çantalarında gəzdirməyə məcbur olurlar.
Dəhşət ondadır ki, Zabrata aid bu acınacaqlı vəziyyətin, daha dəqiq desək, qəsəbənin yağış altında qalan yol və küçələrini başına alan bu ciddi problemin səbəbləri və həlli yolları aidiyyatı qurumları narahat etmir. Problemin nə vaxt aradan qaldırılacağını nə deyən var, nə də bilən. Nəticə göz qabağındadır: Yüzlərlə ailənin yol dərdi getdikcə daha da şiddətlənir və bu sakinlərin narazılığının getdikcə artmasına səbəb olur.

Arazpress.com şikayətçi sakinlərin dərd-sərinə şərik olmaq istəyi ilə, qəsəbədəki bəzi ünvanlarda illərdi hökm sürən bu biabırçılıqların əksini təqdim edir. Bu fotogörüntülərə baxan hər kəsə sakinlərin keçirdiyi hədsiz narahatlıq hissləri tam olaraq aydın olar.
Şikayətçilər deyirlər ki, qəsəbə ərazisindəki yollar və küçələr bir-birinə oxşadığından, əksəriyyətində hərəkət məhdudiyyəti tez-tez baş verir. Bu isə, sakinlərin yaşayışını olduqca çətinləşdirir.
“Qəsəbəmizdəki yaşayış evlərinin sayı getdikcə artsa da, kommunikasya xətləri lazımi qədər artırılmır. Payız aylarından yaz aylarına qədər gediş-gəliş olduqca çətinləşir, yollar keçilməz vəziyyətə düşür. Yağışlar yağan kimi, həll olunmaz bu ciddi problemimiz üzə çıxır. Bu təbii hadisə bizim üçün artıq bərəkət deyil, günbəgün yaşadığımız əziyyət, narahatçılıq və təhlükə mənbəyidir. Bu problemimiz hər səmtdə özünü göstərir. Yağan son intensiv yağışlar küçələrimizdə xoşagəlməz elə görüntülər yaratdı ki, deməyə söz tapmırıq. Çünki illərin çətinliyinə sinə gərən həyətlərimiz sanki sel keçmiş çay yataqlarına bənzəyirdi.
Yağış yağanda evlərimizin tinləri, dalanları su ilə dolur, divarları nəm çəkir. Bu həyatımız üçün də kabusa çevrilir, su ilə dolan yollarda çətinliklə hərəkət edirik. Yaranan böyük gölməçələr küçələrimizdə bizə əsl adrenalin yaşadır. Kaş, bir daha şiddətli intensiv yağışlar olmaya, buna görə üzümüzü Böyük Allahımıza tutmuşuq. Başqa əlacımız da yoxdur…
Uzun müddətdir ki, ara küçələrin asfaltlanması ilə bağlı aidiyyatı orqanlara, o cümlədən, Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət ünvanlayırıq. Lakin müraciətlərimiz indiyədək heç bir nəticə verməyib. Ərazidə vəziyyət çox acınacaqlıdır. Yağışlı hava şəraiti ilə əlaqədar yollarda hərəkət iflic olur, yağış sularının yaratdığı iri həcmli gölməçələr hətta avtomobillərin hərəkətinə mane yaradır. Yəni, avtomobillərin ara küçələrdə mütəmadi hərəkəti və güclü külək zamanı yaranan toz kütlələri səbəbindən həyətyanı sahələrdə yaşamaq mümkün deyil. Xüsusilə qış ayları zamanı yağıntı olan kimi günlərlə əziyyət çəkirik.
Bir daha deyirik ki, aidiyyatı qurumlarda bununla maraqlanan yoxdur. Dəfələrlə müraciət etsək də, şikayətlərimiz nəzərə alınmır, kimə üz tutaq, bilmirik?!”, — deyə, narahat sakinlər son ümid yeri olaraq, şikayətlərini bizim redaksiyamıza da göndəriblər.

Və şikayətlərində xüsusi olaraq onu da vurğulayıblar ki, artıq Sabunçu Rayon İcra Hakimiyyətinin başçısına da, başçının Zabrat qəsəbəsi üzrə nümayəndəsinə də, hətta bələdiyyə sədrinə də ümidləri qalmayıb.
“İcra başçısı Adil Vəliyev bizə qarşı elə münasibət sərgiləyir ki, sanki biz başqa planetdən gəlmişik. Bizi eşitmək istəmir və dərdimizə əlac edən də deyil. İcra başçısının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zülfüqar Mirzəliyev də özünü elə aparır ki, sanki bu yaşayış məntəqəsinin probleminin ona dəxli yoxdur. Amma, o, qəsəbə ərazisində inşa edilən bir dənə olsun yeni tikilini diqqətindən qaçırmaz. Yaxşı şirinlik hesabına razılıq vermədən, heç kim daşı-daş üstə qoya bilməz.
Zülfüqar Mirzəliyev bundan öncə Ramana və Kürdəxanı qəsəbələrində də eyni vəzifədə olub. Həmin qəsəbə sakinlərinə də eyni aqibəti yaşadıb, onlara da “gün verib, işıq verməyib”. Başçının özü və onun birinci müavini Elşən Həsənli arxasında durduqlarına görədir ki, etdiklərinə görə kimsədən çəkinmir.
Onu da qeyd edək ki, Adil Vəliyevin həmyerlisi — Qubadlıdan olduğu üçün, Zülfüqar Mirzəliyevin xətrinə dəymirlər. Qanunsuz əməlləri barəsində şikayətlər çox olsa da, onun yerini dəyişməklə, yəni Ramanadan Kürdəxanıya, Kürdəxanıdan Zabrata gətirməklə aranı sakitləşdirib, həyata keçirdiyi bütün qanunsuzluqları ört-basdır ediblər. Buna görədir ki, Zülfüqar Mirzəliyev ondan narazılığını bildirənlərə qorxub-çəkinmədən deyir ki, hara istəsələr şikayət edə bilərlər, heç kimdən qorxan deyil. Yığdığı pullardan ayırıb, bircə küçəyə çınqıl gətirib tökdürərək, az da olsa savab qazanmadı. Deyirlər ki, barəsində şikayətlər həddən-ziyadə çoxdur deyə, Adil Vəliyev tezliklə yenə yerini dəyişəcək”, — problem yaşayan qəsəbə sakinləri deyirlər.

Araşdırmalarımızdan məlum olur ki, Zabratın yağış altında qalan yol və küçələrini başına alan bu problemin səbəbləri və həlli yolları barədə düşünən yoxdur. Buna görədir ki, yağış yağdığı zaman qəsəbənin küçə və yollarında, ayrı-ayrı məhəllələrində acınacaqlı vəziyyət yaranır, su altında qalan, su ilə dolan məhəllələrdə insanların küçəyə çıxması çətinləşir, yol keçmək də olmur. Bütün yollarda maşınların hərəkətində problemlər yaranır, zirzəmilərin içi su ilə dolur və tikililəri qəzalı vəziyyətə gətirir.
Sakinlərin dediklərinə görə, öz hesablarına yollarına daş-çınqıl tökməkdən beziblər. Su xətti çəkənlər, kanalizasiya üçün yer qazanlar, işıq dirəklərini basdıranlar çoxdan qalma asfalt örtüyünü sıradan çıxarır, nəticədə dərin çalalar yaranır, çox sayda ailələrin yaşadığı ərazini əhatə edən küçələr bərbad günə qalır.
Əziyyət çəkən zabratlılar yollarının və küçələrinin bu vəziyyəti ilə bağlı sosial şəbəkələrdə də çoxsaylı paylaşımlar edirlər. Bildirirlər ki, avtomobillə gəlməkdə çətinlik çəkdikləri torpaq yollarda sakinlər hər gün piyada gəlib-gedir, bu zaman ən çox əziyyəti məktəbli uşaqlar çəkirlər. Heç yerdən kömək ala bilmədiklərinə görə, təəssüf doğuran bu ciddi məsələni ictimailəşdirmək qərarına gəlib və mediaya üz tutublar.
Çarəsiz zabratlılara kömək məqsədi ilə, Arazpress.com-un əməkdaşları olaraq, bu ciddi məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, zənglərimiz cavabsız qalır.
Əli HÜSEYN,
Fərhad MƏMMƏDOV.





araz.az xəbər portalı.