
Son vaxtlar təəssüf ifadəli bu sözləri Azərbaycanın şərəfli tarixə və gözəl təhsil ənənələrinə malik ilk ali təhsil ocağının — 106 yaşı bu yaxınlarda tamamlanan Bakı Dövlət Universitetinin uzun zaman burada çalışan təəssübkeş elm adamları hər yerdə deyirlər. Onlardan biri həmsöhbətimdir. Ürək ağrısı ilə çox problem və çatışmazlıqdan danışır. Sanki təsəlli üçün çıxış yolunu əsas günahkarları “quru yuyub, yaş sərməkdə” tapır. Həm də, hədsiz narahatlığına səbəb olan bu çoxsaylı problemləri sosial şəbəkələrə çıxarıb, paylaşmaqla rahatlanır.
Bu gözəl insan BDU-nun təəssübünü çəkməklə, onun nüfuzunu qorumağı özünə mənəvi borc bildiyini xüsusi vurğulayır. Bu yerdə, keçmiş tələbəsi olaraq, bu sevimli ali məktəbimin təəssübünü çəkməyi özümə mənəvi borc bildiyimdən, təəssüf hissi dolu bu söhbətimizə rəğmən bu yazımı hazırlayıb, dərc etməyə qərar verirəm…
…Həmsöhbətimin dediklərindən məlum olur ki, o, digər həmkarları ilə bərabər: “Tanınmış belə bir ali təhsil müəssisəsinin nüfuz qazancı belə biabırçı formada talana bilməz!” — deyərək, özlərinə doğma bildikləri bu elm ocağında son illər baş verən xoşagəlməzliklərlə bağlı lazımi hər yerə şikayət xarakterli saysız-hesabsız müraciətlərini göndəriblər. Nə olsun, yuxarıda oturanlar onların bu şikayətlərinə pərdəarxasından baxaraq, nəticə verə biləcək heç bir reaksiya göstərməyiblər. Heç yerdən, heç olmasa, təsəlli ola biləcək bir cavab da ala bilməyiblər.
“Elə bil əlaqədar dövlət qurumlarına rəhbərlik edən şəxslərin özləri istəyiblər ki, Elçin Babayev rəhbəri olan gündən sonra, ölkənin yüksək nüfuz sahibi kimi tanınan bu elm ocağının adına uyğun yaxşı nəsə eşidilməsin. Yoxsa, rektorun özünün və ətrafına topladığı digər rəhbər şəxslərin, bəzi məsul vəzifə sahiblərinin ölkə təhsilində tətbiq olunmuş yeniliklər əleyhinə köklənən bəd əməlləri və özbaşınalıqları Bakı Dövlət Universiteti kimi nüfuzlu bir təhsil müəssisəsində bu dərəcədə tüğyan etməzdi.
Yeri gəlmişkən deyim ki, Azərbaycanın ən qocaman bu təhsil ocağınının 100 illik yubileyinə Elçin Babayevin adıyla bağlı hörmət-rəğbət ifadəsindən kənar bir “töhfənin” yazılmasını heç cür qəbul edə bilmədik. Axı, necə də qəbul edə bilərdik ki, bir əsrə bərabər yubiley yaşı qeyd olunanadək, onun rəhbəri vəzifəsinə belə birisi gətirilməmişdi.
Ona görə belə birisi deyirəm ki, Elçin Babayev elmlər namizədi dərəcəsinə 40 yaşından sonra, özü də zorla sahiblənə bilib — elm və təhsildən xəbəri çox olmayıb elə bil. Bu rəhbəri sarıdan bəxti gətirmədiyinə görədir ki, son illər bu təhsil müəssisəsinin adına uyğun yaxşı nəsə eşitmək olmur. Mətbuat səhifələrindəki və sosial şəbəkələrdəki paylaşımlarda adı daha çox hallandırılan vəzifə sahiblərindən biri də, rektor Elçin Babayev olur. Bu səbəbdən ki, artıq onunla bağlı əvvəllər çoxlarının bilmədiyi həqiqətlər üzə çıxır. Məlum olur ki, Azərbaycanın 106 yaşlı bu ilk ali təhsil ocağınının 100 illik yubileyinə onun adıyla bağlı hörmət və rəğbət ifadəsindən kənar bir “töhfə” yazılıb.
Bir daha konkret desəm, bir əsirlik yubileyi qeyd olunanadək, bu nüfuzlu təhsil müəssisəsinin rəhbəri vəzifəsinə belə birisi gətirilməyib. Özü isə, özü ilə bərabər bir aləm xoşagəlməz yenilik və idarəetmə üsulu gətirərək, tətbiq edib. Buna görədir ki, bu böyük elm ocağında çalışanların əksəriyyəti, mənim kimi, idarəetmədə yaranan bu xoşagəlməzliklərdən çox narazıdırlar” — tanınmış müəllimi BDU-nun idarəetməsində yaranan özbaşınalıqları öz dərdi kimi qələmə verir.

Deyir ki, özlərinə doğma bildikləri bu elm ocağının rəhbər şəxslərinin və digər məsul vəzifə sahiblərinin ölkə təhsilində tətbiq olunan yeniliklər əleyhinə köklənən bəd əməlləri və özbaşınalıqları barədə əlaqədar dövlət qurumlarına ünvanladıqları və ilginc iddialar dolu saysız-hesabsız şikayətlərinə təsəlli ola biləcək cavab ala bilmədiklərinə görə, kömək üçün son ümid yeri olaraq, ölkənin media vasitələrinə üz tutmaqda israrlıdırlar. Təəssüf doğuran hal budur ki, Azərbaycanın yeniləşən təhsil sistemində bir vaxtlar xüsusi yeri və çəkisi olmaqla, elmimizə dəyərli töhfələr və ölkəmizə minlərlə ixtisaslı kadrlar verməklə sayılıb-seçilən bu ali təhsil müəssisəsi indi yaxşı olmayan günlərini yaşayır. Baş verənlərə görə daha çox şikayətçi düşənlər də, bu qocaman elm ocağında uzun zaman çalışan və yaxşı işlərinə görə özlərini tanıdan elm adamları və digər əməkdaşlardır.
Həmsöhbətimin narahat ifadələrlə dediklərindən aydın olur ki, Elçin Babayevin əvvəlki iş yerlərindən Bakı Dövlət Universitetinə uzanan “yüksəliş yolu” qaranlıqlar içindədir və yaxşı olmayan məqamlar biruzə verir:
“Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent kimi təqdim olunan 60 yaşlı Elçin Səfərəli oğlu Babayev BDU-nun rektoru olmamışdan öncə, Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsində çalışıb. Heç kimin gözləmədiyi bir halda, həmin vaxtlar daha qorxulu olan “Boz kardinal” ləqəbli Ramiz Mehdiyevin təqdimatı ilə, 100 illik yubileyi ərəfəsində Bakı Dövlət Universitetinə rektor gətirilib.
Bakı şəhəri, Xətai rayonu, Y. Səfərov küçəsi, 27 ünvanında yerləşən və Ramiz Mehdiyevin ailəsinə məxsus BTB bankın əsas binasının 7-ci mərtəbəsində icarədə oturan Elmin İnkişaf Fondunun icraçı direktorluğu Elçin Babayev üçün çox uğurlu olub. Fondun pulları hesabına özünə nə qədər “dost” qazandığını bilənlər də çoxdur. Adi bir misal: Rəhbəri olduğu dövrdə Elmin İnkişafı Fondunun ayırdığı qrantların əksəriyyəti Ramiz Mehdiyevin ailəsinə aid şirkətlər arasında geninə-boluna bölüşdürülüb. “Boz kardinal”ın “kölgə imperiyasında”, bəzi “qara” işlərində əsas alətə çevirilənlərlə bir yerdə olmaqla, özünə arxa-dayaq qazanıb…
…Onun rektor təyinatının ilk beş ilinin tamam olmasını kollektivimiz sevinclə qarışladı. Dedik, bəlkə, onu bizdən uzaqlaşdırarlar və yaxşı birisinin gəlişiylə, yaratdığı bu qədər özbaşınalığın kökü kəsilər. Lakin…
…Elçin Babayev 2019-cu ildən bu vəzifədədir və 2024-cü ildə yenidən 5 il müddətinə rektor təyin edilməsini “sığortalatdıra bilib”. Bu səbəbdən, kollektivdə hamının ümidi puça çıxıb və bir daha əmin olublar ki, bu doğma elm ocağını pis günə qoyan bu insanla mübarizə mənasızdır. Həm də, Fondun rəhbəri vəzifəsində olarkən gördüyü yaxşı olmayan çox işlərdən xəbərləri olduğundan, bunu mümkünsüz hesab edirlər. Deyirlər ki, aciz adam olsaydı, elə onda etdiklərinə görə payını alardı.
Rektor o qədər “uzaqgörəndir” ki, vəzifədə beş ili tamam olmamış, dostlarının hesabına müxtəlif idarələrdən yoxlama komissiyaları gətizdirərək, korrupsiya əməllərini qanuniləşdirə də bildi. Çünki hər bir sahədə olduğu kimi, təhsil sahəsində də, hansısa nailiyyətlər əldə etmək üçün, bu istiqamətdə görülən işlərin daha şəffaf olması qaçılmazdır. Buna görə, bu üsula əl atdı”.


Ölkənin təhsil sahəsində yeni nailiyyətlərin əldə edilməsinə və uğurlara imza atılmasına baxmayaraq, bu gün hələ də bu sahədə kifayət qədər ciddi qüsurlar, həmçinin problemlər var ki, bu, vətəndaş olaraq, hər kəsi narahat edir. Çünki bu qüsur və problemlərin yaranmasında əsas günahkar hesab etdikləri Elçin Babayev kimilərinin xətrinə dəyən tapılmır. Bununla bağlı ölkə mətbuatı da geniş məlumatlar yayır. İddia edilir ki, belələri vəzifələrinin icrasına başlayandan dərhal sonra, keçmiş rəhbərə yaxınlığı ilə tanınan yüksək səviyyəli kadrları da işdən azad etməyə başlayır, təhdidlərlə onlardan öz xoşları, öz ərizələri ilə işdən getmələrini tələb edir. Etiraz edənlərin hamısını pis günə qoyacaqlarını deyir. Eynən, Elçin Babayev kimi. Bunu, həmsöhbətim də, ortaya qoyduğu faktlarla təsdiqləyir. Dediklərindən görünür ki, bütün bunlar azmış kimi, rektor öz ətrafı ilə bərabər, hətta universiteti çapıb-talamaqdan da çəkinmir:
“Belə bir ali məktəbin büdcəsinin müxtəlif adlar altında talan edilməsi, müxtəlif məqsədlərlə ayrılan pulların mənimsənilməsi böyük risk tələb edir. Görünür, güvənc yeri çox möhkəmdir deyə, universitetdə təhsil və elmlə bağlı layihələrə ayrılan vəsaitlər rəhbərlik tərəfindən açıq-aşkar mənimsənilir. Ayrı-ayrı şəxslərlə “işbirliyi” nəticəsində təhsilin və elmin tərəqqisinə istiqamətlənmiş proqramlardan, çoxsaylı təhsil layihələrindən də yalnız ona yaxın olan bir-neçə şəxs faydalanır. Bir sözlə, bu vəsaitlərdən universitet əməkdaşları qəti şəkildə yararlana bilmirlər. Ölkə xaricinə elmi ezamiyyətlərə, nüfuzlu elmi layihələrə, toplantılara adları qeyd edilən şəxslər də, onların özləri, ya yaxınları olur. Ayrılan pullar da, onlar tərəfindən sağa-sola xərclənir.
Bir məsələ də maraqlıdır: Rektor xidməti maşın almağı davam etdirir. Xidməti maşınlar olsa da, bunlar azmış kimi, rektor bu yaxınlarda “Toyota Cemry” və “Toyota CİP” markalı ən son model daha iki ən bahalı xidməti maşın alıb.
Bütün bunlara ehtiyac vardımı? Əlbəttə yox, çünki bu vəsaitləri bir istiqamətli xərclər kimi toplayaraq, ən azından 1000 nəfərlik tələbə yataqxanasının binasını inşa etdirmək olardı. Bu gün ən çox ehtiyac da, yataqxanalara duyulur. Ümumiyyətlə, burada yataqxana komleksinin olmamasından hiss olunur ki, bu, universitetin reytinqinin getdikcə aşağı düşməsində əsas faktorlardan biri və yaxud birincisidir.
Bəli, büdcəsi müxtəlif adlar altında talan edilən universitetin keçirdiyi tenderlər qanuni şəkildə yoxlansa, onun respublikada ən böyük korrupsiya yuvası olduğu o dəqiqə aşkar olunar.
Qeyd edək ki, 2023-cü ilin payızında 2 saylı tədris binasının əsaslı təmirinə start verdirən rektor, guya, bu işləri həyata keçirmək üçün nə az, nə çox, düz 13 milyon vəsait sildirib. Tələm-tələsik Hesablama Palatasını da dəvət edərək, razılaşdırılmış yoxlama apartdırıb. Dost münasibətdə olduğu Palata əməkdaşı İntiqam Hacıyevin vasitəsi ilə, bu qaranlıq işini qabaqcadan “sığortalatdıra” bilib.
Yarandığı tarixdən etibarən, digər təhsil ocaqlarından fərqli adət və ənənələri ilə seçilən Bakı Dövlət Universitetinin kollektivi özünə yad belə davranış sahiblərinin hərəkətlərini heç cür həzm edə bilməyib. Rektor Elçin Babayevin də onlardan biri olduğu şübhəsizdir. Nə o universiteti sevə, nə də kollektiv onu qəbul edə bilir. Belə olmasaydı, rektor universitetin maliyyəsini kortəbii şəkildə dağıtmağa can atmaz, təhsil nazirinin də 2019-cu ilin avqust ayında açılışında iştirak etdiyi (Həmin tarixdə televiziya kanalında bu açılış göstərilib — red.) “Tələbə Evi”nin tender sənədləri 2020-ci ildə elan edilərək, 4 milyondan və 2023-cü ildə təsərrüfat hissəsinin genişləndirilməsi istiqamətləri adı altında 20 milyon manata çatdırılmazdı. Beləcə, bu qədər külli miqdarda vəsait də, şişirdilmiş qiymətlər adı altında universitetin hesabından silinməzdi. Halbuki, bu qədər vəsait rektor vəzifəsindən uzaqlaşdırılan Abel Məhərrəmovun dövrü ilə müqayisədə, dəfələrlə çoxdur və 5 — 6 ilə zorla xərclənirdi.
Elmin İnkişafı Fondunda “əllinin əlliyə” prinsipi əsasında tenderlər keçirən Elçin Babayevin bu sahədə təcrübəsi az deyil. Yəqin, elə bu məqsədlə də, 1 saylı tədris binası da tender üçün hazırlanıb. Çünki tenderdə iştirakına icazə verilməyən təcrübəli inşaatçılardan adının çəkilməsini istəməyən birininin dediyinə görə, bu əsaslı təmirin qiymətlər xərci 7 milyon manatdan çox ola bilməz. Hər bir kvadratmetr üçün əsaslı təmir xərcləri 350 manat və bu qədər də, avadanlıq xərcləri nəzərdə tutularsa, 9000 kvadratmetrlik bina üçün bu xərclər 700 x 9000 = 6.300 000 manat təşkil edə bilər.
Artıq ikinci 5 illiyə də təyinatını sığortalayan rektor, universitetin 2 saylı tədris binasının əsaslı təmirinə 13 milyon xərclətdirdikdən sonra, “əlinin bala batdığını” düşünərək, həcm və ölçü etibarı ilə, ondan daha kiçik olan 1 saylı tədris binasınının əsaslı təmirini 25,0699 milyon manata tenderə çıxartdırıb.
Əlaqədar qurumlar heç bir tədbir görmədiklərinə görədir ki, rektorun və ətrafına topladığı əlaltılarının özbaşınalıqları pik həddə çatıb. Onların törətdikləri özbaşınalıqların arxasında duranların olduğu danılmazdır. Öncədən qeyd etdiyim kimi, rektor o qədər çoxbilmişdir ki, hətta, fəaliyyətinin beş ili tamam olmamış, arxa-dayaqlarının hesabına universitetə yoxlama komissiyaları gətirərək, öz korrupsiya əməllərini qanuniləşdirə bilir”.

Deyilənlərdən də aydın görünür ki, universitetdə heç kim öz işi ilə məşğul olmur. Rektorun ətrafı da əldə siyahı yoxlama aparır, dərs zamanı auditoriyalara xəbərsiz girərək, yoxlama adıyla tədris prosesini iflic vəziyyətə salırlar. Dərs aparan müəllimlərə qarşı, auditoriyalara xəbərsiz girərkən, tələbələrin yanında aşağılayacaq hərəkətlər edərək, replikalar atmağını çox arxayın şəkildə davam etdirən rektor kimi.
Əsas məsələ odur ki, rektorun qəbul saatı da yox kimidir. Universitet əməkdaşlarının əksəriyyəti rektoru görə bilmir, çünki onları qəbul etmir.
Bəli, möhkəm arxa-dayağı hesabına Elçin Babayev bu səviyyədə “inkişaf” yolu keçib. Baxmayaraq ki, belə bir “yüksəlişin” qaranlıq məqamları istədiyin qədərdir. Bu barədə əldə etdiyimiz məlumatlar da, bunu deməyə əsas verən köklü faktlara və dəlil-sübutlara söykənir.
Həmsöhbətim də qəti şəkildə bir daha onu deyir ki, Elçin Babayevin dövlət orqanlarında dayaqları və himayədarları qalmaqda davam etdiyinə görə, o, hələ də özünü Ramiz Mehdiyevin dövründəki kimi aparır:
“Bakı Dövlət Universitetinin Böyük Elmi Şurasının bütün iclasları kameralarla arxivləşdirilir. Bunu ona görə deyirəm ki, 2019-cu ilin mart ayının 11-də rektor təyin edilən Elçin Babayevin, Şuranın növbədənkənar iclasının xətti ilə, mart ayının 12-də keçirilən təqdimat mərasimindən görüntülər də arxivdədir. Həmin tədbir gülüş doğuran maraqlı bir məqamı ilə yaddaşlardan silinmir.
Universitetin Elmi kitabxanasının 3-cü mərtəbəsində yerləşən və Ümummilli Lider Heydər Əliyevin adını daşıyan məktəbdə baş tutan həmin mərasimdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamını Böyük Elmi Şuranın üzvlərinin nəzərinə çatdırması üçün, təhsil nazirinə söz verilməliydi. Onda tribunaya, hazırda Elmin İnkişafı Fonduna rəhbərlik edən, lakin heç bir elmi savadı olmayan, hətta 6-cı sinif riyaziyyat dərsliyi səviyyəsində sadə kvadrat tənliyin həllində çətinlik çəkən və həmin dövrdə Qalina Mehdiyevanın kafedrasında sıradan laborant vəzifəsi tutan Mehriban İmranova yaxınlaşdı. Nazirə söz vermək istəyəndə, onu Nazir müəllim kimi təqdim etdi. Zalda istehzalı gülüş aurası yarandı. Buna baxmayaraq, həmin xanım Elçin Babayevin əli ilə, onun əvəzinə Fondun rəhbəri seçildi.
Həmin arxiv materialları arasındakı həmin məqamın lent yazısından da aydın görmək olur ki, təhsil nazirinin sağ-solunda prorektorların olması əvəzinə, Qalina Mehdiyeva və onun çantasını daşıyan laborant Mehriban İmranova olub. Belə bir önəmli mərasimin bu formatda ucuz keçirilməsi də, Elçin Babayevin universitet kimi qədim adət və ənənələrə sahib bir təhsil ocağını düzgün idarə edə bilməyəcəyini elə ondaca şübhə altına alırdı.
Milli Məclisin deputatları tərəfindən haqlı olaraq dəfələrlə tənqid atəşinə tutulan Elçin Babayevin bu vəzifədən gedəcəyi barədə məlumatlar media səhifələrinə çıxarılsa da, onun fəaliyyətinin başa çatacağını səbirsizliklə gözləyən kollektivin ümidləri 2024-cü ilin mart ayında, onun təkrar rektor vəzifəsinə təyinatı zamanı tamamilə qırıldı. Bu ərəfədə çevik rektor öz qeyri-adi metodlarından istifadə edərək, vəzifəsinin 5 illik sığortasını imzalatdıra, BDU kollektivinin arzularının gerçəkləşməsini daha 5 il gözündə qoya bildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ilin dekabr ayında imzaladığı “Təhsil haqqında Qanunun tətbiq edilməsi barədə” Fərmanındakı dəyişiklik də onların dadına çatmadı.
Edilən bu dəyişikliyə əsasən, “Təhsil haqqında” Qanunun 2.13-cü bəndinə əlavədə yazılıb ki, dövlət ali təhsil müəssisəsinə rektor 5 il müddətinə təyin edilir. Təbii ki, bu müddət bitdiyində rektorun işindən azad edilməsi və ya yenidən təyinat alması dövlət rəhbərinin səlahiyyətlərinə aid məsələdir. Lakin mübarizə aparan universitet kollektivi tərəfindən onun yenidən təyin edilməsinin qarşısını almaq mümkün olmadı.
Nəticəsi də budur ki, işlədiyi 5 illik fəaliyyəti dövründə heç kiminlə hesablaşmayan Elçin Babayev yenidən universiteti özünün istədiyi kimi idarə edir. Ətrafına yığdığı yaxın qohumlarından ibarət şəbəkəni də heç nədən çəkindirmək olmur. Sanki saymazyana hərəkətləri ilə kollektivi qıcıqlandırmaqdan həzz alırlar.
Onu da deyim ki, 10 il əvvəl Bakı Dövlət Universitetinin kollektivi bu qocaman təhsil oçağının özünün intibah dövrünü yaşayır deməsini ağızdolusu danışırdısa, bu gün onun reytintiqinin az qala texnikumlarla bir sırada duruş gətirməsindən ürək ağrısı ilə danışır. Bir vaxtlar Abel Məhərrəmovun rektor olduğu dövrdə BDU-da rüşvət baş alıb gedir deyənlər, indi bu təhsil ocağında korrupsiyanın tüğyan etdiyindən şikayətlənirlər.
İndi universitetin auditoriya və kafedralarında ən çox və haqlı narazılıq yaradan səbəblərdən biri də, uzun zaman BDU-da xüsusi xidməti olan nüfuz sahibi görkəmli alimlərin diqqətdən kənarda qalmasıdır. Bunun sübutu kimi deyim ki, burada 91-lərdən olan Niftalı Qocayev və Şahlar Əsgərov kimi görkəmli alimlərin 90 və 85 illik yubileyləri keçirilmədiyi halda, rektor, Ramiz Mehdiyevin adamı imicini özündə formalaşdıran Dillər Universitetinin rektoru Kamal Abdullaya universitetin Böyük Akt zalında təntənəli yubiley mərasimi keçirdi”.

Söhbətimizin son nəticəsi belədir: Ölkənin təhsil sistemində rahat kreslolarda əyləşən Elçin Babayev kimi yüksək vəzifə sahibləri var ki, dövlətimizin təhsil strategiyasının ziddinə açıq-aşkar gedə bilmədikləri üçün, guya, üzdə bu islahatların və digər mütərəqqi proseslərin uğurla həyata keçirilməsini dəstəklədikləri barədə yalan görüntülər yaradırlar. Əslində, onlar, özlərinə sərf etməyən bu islahatları iflasa uğratmaq üçün, “dəridən-qabıqdan çıxaraq”, var-qüvvələri ilə çalışırlar. Dəhşət ondadır ki, açıq-aşkar qatı cinayətdən betər görünən belə əməllərinə görə, heç kəs onların payını verib, cəzalandırmaq istəmir.
Artıq, bu rektorun da, ölkə başçısının siyasətinin əleyhinə getdiyi hamıya bəllidir. Kollektivlə hesablaşmayan və onun üzvlərinə yuxarıdan aşağı baxan belə bir adamın arxasında kimin durduğu hamını maraqlandırır. Bu sual isə, birbaşa ölkə başçısına, Ali Baş Komandana verilə biləcək bir sualdır, yerdə qalan fikirlər isə, onu yürüdənlərin söylədikləri dedi-qodudan başqa bir şey deyil. Əsas odur ki, bu qanunsuzluqlara görə hüquq-mühafizə orqanları tərəfindən sensasion daha bir əməliyyatın nə zaman keçiriləcəyi vaxtı gözləməyə ehtiyac var.
Həmsöhbətim kimi, onun həmkarları da, bu böyük elm ocağında o qədər çatışmazlığın olduğunu deyirlər ki, bilmirsən hansını yazasan. Onlar, həm də, törətdikləri cinayət əməllərinə görə, əsas günahkarların layiqli cəzalarını alacaqlarına tam əmin olduqlarını ifadə edib, Tanrıdan istəklərinin bu olduğunu xüsusi vurğulayırlar.
Məhi ELSEVƏR
araz.az xəbər portalı.