Miqrasiya aktuallığını itirməyən ən vacib məsələ olaraq, dünya ölkələrinin bir çoxunda aparılan dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qəbul olunur. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin hər bir dövlətin ərazisində müvəqqəti yaşamasının təmin edilməsinə, bu ölkələrin milli inkişaf strategiyasının reallaşdırılmasına və beynəlxalq nüfuzunun artırılmasına çox böyük töhfəsi olduğundan, miqrasiya prosesləri daim diqqət mərkəzində saxlanılır. Bu dövlətlərin iqtisadi təhlükəsizliyinin, sabitliyinin və milli maraqlarının təminatında, əhalisinin sosial rifahının yüksəldilməsində də bu önəmli sahənin rolu danılmazdır.

İqtisadi inkişafı, demokratikləşmə xəttini milli inkişafın dəyişməz formulu kimi önə çəkən Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev rəhbəri olduğu dövlətin qlobal siyasi arenada müsbət imiclə tanınmasını, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin etmək üçün, 2007-ci ilin mart ayının 19-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında Fərman imzaladı. Bu Fərmana əsasən, miqrasiya proseslərinin yüksək səviyyədə həyata keçirilməsi istiqamətində nəzərdə tutulan bütün tədbirlər ardıcıl şəkildə həyata keçirilməyə başladı. Digər sahələr kimi, bu sahənin idarəetmə mexanizminin təkmilləşdirilməsi və tənzimlənməsi məqsədilə, həm qanunvericiliklə, həm də onun tətbiqi ilə bağlı dövlət tərəfindən bir sıra ciddi addımlar atıldı. Konkret desək, dünyada cərəyan edən qloballaşma fonunda regionda gedən miqrasiya proseslərinə təsir etməyi, ölkəmiz ərazisinə olan miqrasiya axınlarını nəzarətdə saxlamağı, ölkədaxili miqrasiya proseslərini yerli qanunvericiliyə uyğun idarə etməyi tənzimləyəcək fəal miqrasiya siyasəti yürütmək dövlət qarşısında duran əsas vəzifəyə çevrildi.

….Çox təəssüf ki, Azərbaycan Respublikasında önəmli dövlət qurumlardan biri kimi adı öndə çəkilən Dövlət Miqrasiya Xidmətinin rəhbər sarıdan bəxtinin gətirməməsi bu sahədə həyata keçirilən işlərə öz kölgəsini salır. Mətbuat əməkdaşları olaraq, apardığımız araşdırma və təhlillərin nəticəsi də onu göstərir ki, bu problem çoxdan mövcuddur. Xidmət rəisi vəzifəsinə sonra gələn əvvəlkindən betər bəd əməllər törətməklə fərqlənir. Sanki yeni gələn gedənin acığına daha çox qanunsuz iş görməkdən rahatlıq tapır, köhnənin dədəsinə rəhmət oxutdurur.

Xidmət rəislərinin göstərişi ilə, bu qurum ölkə mətbuatı qarşısında ən qapalı idarəyə çevrilib. Miqrasiya prosesləri ilə bağlı nəsə yazmaq və ictimaiyyəti məlumatlandırmaq mümkün olmur. Baxmayaraq ki, dövlət proqramına uyğun olaraq, bu işlərin həyata keçirilməsi məqsədi ilə bir sıra önəmli işlər görülüb. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eləcə də ölkə ictimaiyyətinin ətraflı məlumat almaları üçün, 2008-ci ildə Xidmətin (www.migration.gov.az) internet səhifəsi istifadəyə verilib. Xidmətin bu səhifəsi, eləcə də rəsmi saytı başdansovdu yenilənir. Ancaq bunu deməklə özlərini sığortalaya bilirlər ki, guya, həm funksionallıq, həm dizayn baxımından saytları müasirləşdirilıb, zamanın tələbinə uyğunlaşdırılıb. Həm də onu gözə soxurlar ki, guya, 2008-ci ilin dekabr ayının 1-dən Dövlət Miqrasiya Xidmətinin 3 dildə — Azərbaycan, ingilis, rus dillərində fəaliyyət göstərən Miqrasiya Məlumat Mərkəzi (919) yaradılıb. Əslində, bu Mərkəzin fəalyyəti də ürəkaçan deyil.

Yəqin xatırlayırsınız Firudun Nəbiyev xidmət rəisi olduğu vaxtlarda onun barəsində mətbuatda yazılanları. Onda, heç olmasa, yuxarıların, korrupsiyalaşmış vəzifə sahiblərinin əlləri altında olmayan bir-iki media vasitəsi yaza bilirdi ki, Miqrasiya Xidmətində qeydiyyat oyunu gedir. Onun viza, qeydiyyat rüsumları adı altında topladığı “qara pullarının” sayı-hesabı da yoxdur. Ondan narazılıqlar getdikcə artır — Dövlət Miqrasiya Xidmətini şəxsi təsərrüfatı kimi idarə etdiyinə görə. Sanki bu qurum onun və qohum-əqrəbasının şəxsi mülküdür.

Bu deyilənləri, Xidmətin hazırkı rəisi Vüsal Hüseynova da aid etməmək olmur. İndi burada gedən oyunlar əvvəlkindən də betərdi. Çox dərinə getmədən, sadəcə onu demək istəyirik ki, Vüsal Hüseynov Firudun Nəbiyev kimi, buradakı yaxınlarına hər cür şərait yaradıb. Onların xidmətdə hansı vəzifələri tutduqları, əsas işlərinin nədən ibarət olduğu hamıya məlumdur. Bunu Miqrasiya Xidmətində çalışan və adlarının çəkilməsindən ehtiyat edən şəxslər deyir, dediklərini inkarolunmaz faktlarla əsaslandırırlar. Onu da qeyd edirlər ki, əsil həqiqəti yazmaq istəyən media işçilərinin üzünə qurumun  informasiya mənbəyi tam qapadılıb. Bu, Ramiz Mehdiyevin və Əli Həsənovun vaxtından belədir.

Onda hansısa media orqanının onun barəsində nəsə yazmağa cəsarəti çatmazdı. Hamı Vüsal Hüseynovu Ramiz Mehdiyevin adamı kimi tanıyırdı deyə. Əli Həsənovun əliylə, o, mətbu təhlükələrdən tam olaraq sığortalanmışdı. Bu xoşagəlməzlik indiyədək davam edir.

Etibarlı mənbənin sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2018-ci il tarixli Sərəncamı ilə, Vüsal Əfqan oğlu Hüseynovu Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi təyin etdirdikdən sonra, onu Xidmətin kollektivinə də, şəxsən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin özü başqa bir tərzdə təqdim edib. Yəni, onun keçdiyi həyat yolu, iş təcrübəsi barədə məlumata hər səmtdən “bəzək-düzək verib”. Azərbaycan Prezidenti cənab İlham Əliyevin miqrasiya sahəsinə xüsusi diqqət və qayğısından danışaraq, deyib ki, bu vəzifənin Vüsal Hüseynova etibar edilməsi ölkə başçısının xüsusi göstərişidir. Miqrasiya sahəsində qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı Xidmətin kollektivinə məsləhət və tövsiyələrini verərkən xüsusi olaraq qeyd edib ki, heç kəs yeni rəisin göstərişlərindən kənar iş görə bilməz. Və bununla,  Dövlət Miqrasiya Xidmətində də, Ramiz Mehdiyev planlarının reallaşması qarşısında “yaşıl işıq” yandırmağa nail olub. Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Vüsal Hüseynova yüksək etimad göstərilsə də, o, bu tədbirdə minnətdarlığını Ramiz Mehdiyevə çatdırıb. Dövlət Miqrasiya Xidməti ilə bağlı müəyyən edilən önəmli işlərin onun rəhbərliyi altında layiqli şəkildə icrasını təmin edəcəyinə söz verib.

Doğrudan da, Vüsal Hüseynovun barəsində indiyədək mətbuatda düz söz yazılmasına imkan verilməyib. Onun müdafiəsində duran Ramiz Mehdiyev və Əli Həsənov kimilər tənqidi fikirləri həzm edə bilməyib, həqiqəti görmək, gerçəyi anlamaq istəməyiblər. Nəticədə, barəsində həqiqət olanlar ictimaiyyətdən gizli saxlanılıb.

Diqqət edin, Vüsal Hüseynovun barəsində redaksiyamıza ötürdüyü məlumatlardakı faktların dəqiqliyinə şübhə etmədiyimiz etibarlı mənbə qeyd edir ki, onun himayədarının Ramiz Mehdiyev olduğu hamıya bəllidir. Bir yetirməsi olaraq, onun bu səviyyədə irəli getməsində himayədarının müstəsna rolunun olduğu danılmazdır. Lakin indiyədək
gözdən, qulaqdan, nəzərdən kənar qalıb. Xətrinə dəyən də olmayıb. Kim deyə bilər ki, son beş ildə quru sərhədlərimiz açıq olsaydı, ölkədə dövlət çevrilişinə cəhd edə biləcək miqrantların sayı yetərincə olmazdı?!

…Vüsal Hüseynov 12 yanvar 1980-ci ildə Bakı şəhərində doğulub. 1986–1997-ci illərdə paytaxtın Binəqədi rayonundakı 276 saylı orta məktəbdə təhsil alıb. 1997-ci ilin sentyabr ayında Azərbaycan Dövlət İqtisad Universitetininin İqtisadiyyat fakültəsinə daxil olub və 2001-ci ilin iyununda bakalavr dərəcəsi alıb. 2001-ci ilin sentyabrından, 2002-ci ilin iyununa kimi, o, Slovakiyanın paytaxtı Bratislavada, Academia İstropolitana Novada intensiv ətraf mühit iqtisadiyyatı kursunda iştirak edib.

2002–2003-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçən Vüsal Hüseynov, 2003-cü ilin sentyabrında UNEC-də magistraturaya daxil olub. 2005-ci ilin iyununda beynəlxalq iqtisadi münasibətlər üzrə magistr dərəcəsi alıb. 2007-ci ildə isə, guya, Birləşmiş Krallığın Edinburq və London şəhərlərində John Smith təqaüdçüsü kimi liderlik və idarəetmə üzrə 6 həftəlik John Smith programında iştirak edib.

2008-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. 2012-ci ildə universiteti bitirsə də, dərslərə gəlməyib. İmtahanların çoxunda belə iştirak etməyib.

2009-cu ildə Vüsal Hüseynovun iki xüsusi təlimin iştirakçısı olduğu deyilir. O, iyul ayında Türkiyədə, İstanbul şəhərində keçirilən Mərkəzi Avrasiya Liderlik Akademiyasının liderlik təliminin iştirakçısı da olub. İki ay sonra — sentyabrda isə,  Passau Universitetininin korrupsiya iqtisadiyyatı (Elə, bu illərdə Ramiz Mehdiyev Korrupsiyaya qarşı Dövlət Komissiyasına rəhbərlik edirdi — red.) üzrə ixtisaslaşmış idarəçilik və islahat təlimində iştirak etmək üçün, onun Almaniyaya getdiyi söylənilir.

2010-cu ilin iyununda Vüsal Hüseynov Harvard Universitetinin John F. Kennedy adına idarəçilik məktəbinin inzibati idarəçilik üzrə magistr proqramına qəbul olub və təhsili müddətində, Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində təqaüd alıb. 2011-ci ilin mayında Harvard Universitetinin inzibati idarəçilik üzrə magistr dərəcəsinə yiyələnib. 17 mart 2021-ci ildə ona Azərbaycan Respublikasının Prezidenti tərəfindən II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

Vüsal Hüseynov 2005-ci ildə yeni yaradılan Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibliyində məsləhətçi kimi işə başlayıb. Bu vəzifədə çalışarkən, o, həmçinin, qanunvericiliyin təkmilləşdirilməsi üzrə işçi qrupunun katibi kimi fəaliyyət göstərib. Onda onun bu vəzifələrinə anti-korrupsiya fəaliyyətlərində iştirak edən dövlət orqanları ilə əməkdaşlıq, mətbuat və vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşlarla münasibətlərin koordinasiyası daxil idi.

Vüsal Hüseynov 2008 — 2010-cu illər arasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının eksperti kimi, idarəçilik və korrupsiyaya qarşı mübarizə sahələrində bütün qrant müraciətlərini dəyərləndirib. O, korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya çərçivəsində qiymətləndirmə və monitorinq məruzələrinin hazırlanmasında iştirak edib. 2011-ci ildə ABŞ-də təhsilini davam etdirmək üçün, işinə fasilə verib.

Vüsal Hüseynov 2011–2013-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi, daha sonra isə, Baş məsləhətçisi vəzifələrini tutub. 2013-cü ildə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasnın katibi təyin edilib. Bu illər ərzində, o, Avropa Şurasının Şərq tərəfdaşlığı proqramı çərçivəsində, “Yaxşı idarəçilik və korrupsiyaya qarşı Mübarizə” layihəsində milli koordinator kimi çıxış edib. 2015-ci ildə əmək fəaliyyətini Milli Məclisin deputatı kimi davam etdirməyə başlayıb.

2015-ci il 1 noyabr tarixində keçirilən Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputat seçkilərində Vüsal Hüseynov 2015–2020-ci illər üçün, Yeni Azərbaycan Partiyasının namizədi olaraq, 91 saylı Ucar Seçki Dairəsindən deputat seçilib. O, Milli Məclisdə iki Komitənin üzvüdür — Həm Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin, həm də, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin. Bunlardan əlavə, o, Azərbaycan — Çexiya, Azərbaycan — ABŞ, Azərbaycan — Gürcüstan və digər Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 14 aprel 2017-ci ildən isə, o, həmçinin, yeni yaradılmış Azərbaycan — Cibuti Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun, 2012-ci ildən Azərbaycanın Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupundakı (GRECO) nümayəndə heyətinin də sədridir.

Bütün bunlar rəsmi məlumatlardan  götürülüb. Özünüz deyin, bu qədər işi bir adam necə yerinə yetirə bilər? Bu yerdə də, sual olunur: Bu boyda “yaşıl işığı” onun qarşısında kim yandırıb? Cavabı, təbii ki, konkretdir: “Ramiz Mehdiyev!”.

Belə çıxır ki, hələ uzun illər Ramiz Mehdiyevin Azərbaycan cəmiyyəti üçün qurduğu belə “hörümçək torlarını” təmizləmək mümkün olmayacaq. Bu, Vüsal Hüseynovun timsalında da öz təsdiqini tapır. Və bu yerdə bir daha sual olunur:

“Kim deyə bilər ki, son beş ildə quru sərhədlərimiz açıq olsaydı, ölkədə dövlət çevrilişinə cəhd edə biləcək miqrantların sayı yetərincə olmazdı?!”.

Doğrudan da, bu barədə ciddi düşünməyə əsas var.

Sonda, məlumatlı şəxs bizimlə söhbətində Dövlət Miqrasiya Xidməti daxilində cərəyan edən çox ilginc məlumatlardan da söz açdı. Bu və ya digər məlumatlarla bağlı araşdırmalarımız davam edəcək. Növbəti yazımızı gözləyin.

Məhi ELSEVƏR

araz.az xəbər portalı.