
Fevralın 5-də Azərbaycan Milli Xalça Muzeyində “Səssiz dualar – Zirə Cümə məscidində qorunan mədəni irs” adlı sərgi açılacaq. Arazpress.com bildirir ki, Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə reallaşacaq layihə milli-mənəvi, mədəni dəyərlərin, tarixi yaddaşın və xeyriyyəçilik ənənələrinin təbliği məqsədi daşıyır.
Sərgidə müxtəlif dövrlərdə ayrı-ayrı şəxslər tərəfindən Zirə Cümə Məscidinə ianə edilmiş milli irs nümunələri təqdim olunacaq. Ekspozisiyada xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii metal, geyim və tikmə nümunələri, Qurani-Kərimin nüsxələri, eləcə də nadir əlyazma kitablar nümayiş etdiriləcək. Əksəriyyətinin yaşı bir əsrdən çox olan bu eksponatlar azərbaycanlı sənətkarlar tərəfindən yaradılıb.
Sərgidə təqdim olunan tarixi-mədəni irs nümunələri yalnız keçmişin yadigarı deyil, həm də Azərbaycanda mövcud olmuş xeyriyyəçilik ənənəsinin yaşadılmasının göstəricisidir. Onların məscidlərdə qorunması isə milli dəyərlərə yüksək diqqətin, eləcə də humanizm ideyalarının və ictimai həmrəyliyin təzahürü kimi dəyərləndirilir.
“Səssiz dualar – Zirə Cümə məscidində qorunan mədəni irs” adlı sərgi fevralın 8-dək davam edəcək.
araz.az xəbər portalı.