Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Respublikasının Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DOST Agentliyi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən əlilliyi olan gənclər üçün motivasiya platforması — “GəncTALKS” həyata keçirilib.

Arazpress.com xəbər verir ki, fevralın 4-də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində baş tutan tədbirin məqsədi əlilliyi olan gənclərin cəmiyyətə tam və bərabər inteqrasiyasını təşviq etmək, onların sosial bacarıqlarını gücləndirmək, özünəinam və motivasiyasını artırmaq, eləcə də potensiallarını üzə çıxarmaq olub.

Tədbir zamanı müxtəlif sahələrdə uğur qazanmış əlilliyi olan şəxslər öz həyat və uğur hekayələrini bölüşərək gənclərə ilham, güvən və yeni baxış bucağı qazandırıblar. Eyni zamanda, istedadlı gənclərin ifasında baş tutan musiqili çıxışlar tədbirə yüksək əhval-ruhiyyə qatıb.

Qeyd edək ki, Gənclər Fondu tərəfindən Azərbaycan Gəncləri Gününə həsr olunmuş “GəncLAND” Gənclər Festivalı, “GəncİNTELLEKT” ölkənin ən böyük fərdi intellektual yarışı, “GəncVİZYON” İdeyatonu və “GəncTALKS” Motivasiya Platforması adlı genişmiqyaslı tədbirlər baş tutub. Silsilə tədbirlər gənclərin sosial fəallığının artırılması, yaradıcılıq və innovativ düşüncə tərzinin təşviqi, eləcə də onların asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyır.

araz.az xəbər portalı.