
İsrailin Baş naziri Benyamin Netanyahunun fevralın 11-də ABŞ-a səfəri baş tutdu. Baş nazirin ofisi səfərdən öncə məlumat yaymışdı ki, danışıqlarda İranın ballistik raket arsenalının məhdudlaşdırılması və Tehranın Yaxın Şərqdə müttəfiqi olan qüvvələrə dəstəyinin dayandırılması mövzuları müzakirə edilməlidir. Bundan başqa, Netanyahu səfərdən əvvəl Omanda İranla danışıqların aparılmasına dair mövqeyini açıqlamışdı.
Belə ki, o, İranın nüvə proqramının tamamilə ləğvini, sıfır zənginləşdirməni, bütün zənginləşdirilmiş materialların ölkədən çıxarılmasını və ciddi beynəlxalq nəzarəti tələb etmişdi. Həmçinin, İranın ballistik raketlərinin 300 km mənzillə məhdudlaşdırılmasını və regional proksi qruplara dəstəyin dayandırılmasını istəmişdi. Bu baxımdan, Netanyahunun ABŞ-da planlanan danışıqlara hansı tələblərlə getdiyi əvvəlcədən müəyyən idi.
ABŞ Prezidenti Donald Trampla Netanyahu arasında təxminən üç saat davam edən görüşdə bütün məsələlərin müzakirə edildiyi istisna deyil. Lakin Ağ Evin açıqlaması göstərir ki, nüvə sazişi ilə bağlı yekun razılıq əldə olunmayıb. Bu isə görüşün konkret razılaşma deyil, dialoq və istiqamət müəyyən etməyə xidmət edən bir mərhələ olduğunu göstərir.
Tramp görüşdən sonra “Truth Social”da yazıb ki, Vaşinqton nüvə sazişinin mümkünlüyünü qiymətləndirmək üçün Tehranla danışıqların davam etdirilməsində israrlıdır və görüşdə bu mövzuda heç bir razılıq əldə olunmayıb.
Hesab edirəm ki, görüş bir tərəfdən İsrailin tələblərini ABŞ administrasiyasına tam şəkildə çatdırmaq baxımından uğurludur. Netanyahu Tehranla bağlı konkret təhlükəsizlik narahatlıqlarını, ballistik raketlərin məhdudlaşdırılması və regional proksi qruplara dəstəyin dayandırılması kimi önəmli məsələləri gündəmə gətirərək, ABŞ-ı İsrailin təhlükəsizlik perspektivi ilə daha sıx bağlamağa çalışıb. Digər tərəfdən, Trampın açıqlaması göstərir ki, ABŞ hələ də diplomatik manevr sahəsini qoruyur və Tehranla danışıqların davam etdirilməsinə üstünlük verir. Bu isə həm Təl-Əvivin sərt tələblərini, həm də Vaşinqtonun praqmatik yanaşmasını eyni vaxtda ortaya qoyur.
Lakin yenədə yekun razılaşma yoxdur, çünki Tehranla nüvə danışıqları hələ də davam edir və ABŞ mövqeyini tam olaraq İsrailin istədiyi tonda uyğunlaşdırmayıb. Görüş həm də regionda gələcək addımlar üçün siyasi mesaj rolunu oynayır. Qısaca desək, Tramp-Netanyahu görüşü konkret nəticələrdən çox, strateji mesaj və mövqelərin qarşılıqlı anlaşılması mərhələsi kimi qiymətləndirilə bilər.
Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı.
araz.az xəbər portalı.