
Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, İrəvan Bakıda məhbus həyatı yaşayan sonuncu erməni evinə qayıdana qədər öz işini davam etdirəcək.
A. Simonyanın Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etdiyi bir müddətdə dediyi bu sözlər diqqət çəkir. Hətta bir neçə gün öncə Azərbaycan nümayəndə heyəti “Sülh körpüsü” dəyirmi masasında iştirak etmək üçün Ermənistana getmişdi. Yəni həm dövlət səviyyəsində, həm də ictimayət arasında dialoq qurulub və sülh prosesi uğurla davam edir.
Maraqlıdır ki, hazırda Bakıda məhbus həyatı yaşayan ermənilərin taleyi İrəvanda birmənalı müzakirə edilməsə də, müxalifətin əlində bayrağa çevrilib. Qarşıdan gələn parlament seçkiləri öncəsi müxalifətin iqtidarı bu mövzu üzərindən sıxışdırmağa çalışacağı heç kəsə sirr deyil. Alen Simonyanın indiki məqamda məhz bu məsələni gündəmə gətirməsi də elə məhz seçklərlə bağlıdır. Spiker bu yolla ictimayətə mesaj verir ki, məsələ hakim partiyanın da gündəliyindədir. Beləliklə, müxalifətin ehtimal təzyiqlərinin önünü almağa çalışırlar.
Sirr deyil ki, bu gün Bakıda məhbus həyatı yaşayan separatçıların vəziyyəti ən çox Ermənistanın Baş naziri Nikol Paşinyan və onun kamandasının ürəyincədir. Yəni onların Ermənistanda azadlıqda olmasındansa, Bakıda həbsdə qalmaları Paşinyan administrasiyası üçün daha məqbul variantdır. Digər tərəfdən, seçki öncəsi belə açıqlamaların dilə gətirilməsi başa düşüləndir. Lakin bu, Paşinyanın komandasının Azərbaycana qarşı hərbi cinayətlər törətmiş şəxsləri mütləq şəkildə Ermənistana ekstradisiya etmək istədiyi mənasına gəlmir.
Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalanmayıb, amma mətn paraflanıb. Müqavilənin imzalanmasından sonra iki dövlət arasında əlaqələrin birdən-birə yüksək səviyyədə olacağını demək mümkün deyil. Lakin münasibətlərin mərhələli normallaşması fonunda dövlətlər arasında müəyyən sazişlər də imzalana bilər. Bu sazişlərin ədliyyə sahəsini də əhatə etməsi istisna deyil.

Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı.
araz.az xəbər portalı.