“The New York Times” (NYT) məlumat yayıb ki, İranın ali rəhbəri Əli Xamenei ABŞ və ya İsrailin mümkün hücumu zamanı öldürülməsi halında yüksək səviyyəli köməkçilərinə necə hərəkət etməli olduqlarına dair göstərişlər verib. Bu təlimatların fövqəladə vəziyyətlərdə tətbiq olunacaq səlahiyyət bölgüsü və komanda zəncirini əhatə etdiyi bildirilir. Həmçinin iddia edilir ki, Xameneinin öldürülməsi halında onun yerinə sadiq köməkçisi, ölkənin Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani keçəcək.

ABŞ və ya İsrailin mümkün hücum ssenarisi fonunda İranın ali rəhbəri Əli Xameneinin “varis planı”nın sızdırılması təsadüfi görünmür. Bu, əsasən çoxqatlı siyasi mesaj və strateji manevr təsiri bağışlayır.

Fikrimcə, bu, sağ göstərib sol vurmaqdır. Yəni İran siyasi sisteminin təbiəti nəzərə alındıqda kifayət qədər məntiqli görünür. İran İslam Respublikasında ali rəhbərin seçilməsi formal olaraq İranın Ekspertlər Şurası tərəfindən həyata keçirilsə də, real proses illərlə davam edən daxili konsensus, təhlükəsizlik strukturlarının mövqeyi və ideoloji balans əsasında formalaşır. Bu isə o deməkdir ki, belə strateji post üçün varis məsələsi spontan qərar ola bilməz. Böyük ehtimalla varis çoxdan müəyyən edilib və onun kimliyi ciddi təhlükəsizlik səbəbilə məxfi saxlanılır.

Bəli, hazırkı regional vəziyyətdə Xamenei açıq hədəf fiqur sayılır. Mövcud durumda real varisin adını öncədən elan etmək onu avtomatik olaraq növbəti hədəfə çevirmək deməkdir.

Qeyd edim ki, Yaxın Şərqdə bunun presedentləri var. Yəni lider aradan götürüldükdən sonra onun yerinə gələn fiqurların ardıcıl şəkildə hədəf alınması ssenarisi praktikada tətbiq olunub.

Əli Laricani sistem daxilində tanınmış fiqur olsa da, o, nə inqilabi sərt xəttin əsas ideoloji simvolu, nə də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) açıq favoritidir. Bu isə iki ehtimal yaradır:

1. Ya Laricani keçid dövrü üçün “idarə olunan fiqur” kimi nəzərdə tutulur;

2. Ya da onun adının dövriyyəyə buraxılması diqqəti real namizəddən yayındırmaq üçündür.

Əslində qəribə səslənsə də, indiki məqmada Əli Xameneinin ABŞ və ya İsrail tərəfindən öldürülməsi İran və bütövlükdə rejim üçün məqbul ssenaridir. Məsələ ondadır ki, İran siyasi ideologiyasında “şəhidlik” anlayışı mərkəzi yer tutur. Misal üçün SEPAH generalı Qasım Süleymani öldürüldükdən sonra rejim onun fiqurunu daxili sabitliyi qorumaq və xarici düşmən narrativi üzərində güclü mobilizasiya alətinə çevirmək üçün istifadə etdi. Əgər bir generalın ölümü bu miqyasda ideoloji səfərbərlik yarada bilmişdisə, ali rəhbərin ölümü daha böyük emosional və siyasi dalğa formalaşdırar. Xüsusilə qarşıdan gələn Ramazan, Qurban bayramı və Məhərrəm ayı İranın siyasi-ideoloji mexanizmlərində yüksək emosional enerji yaradan dövrlərdir. Belə bir zamanda baş verəcək sui-qəsd və ya xarici hücum rejim tərəfindən “müqəddəs müdafiə” və “şəhid liderin yolu” diskursuna çevrilə bilər. Bu isə iki nəticə doğurar:

Birincisi, daxili müxalif dalğa müvəqqəti olaraq susdurular;

İkincisi, yeni ali lider legitimliyini emosional fon üzərində quraraq hakimiyyətə gələr.

Xameneinin ölümü nəzarətsiz xaos yox, idarə olunan keçid ssenarisi kimi planlaşdırıla bilər. İran sistemi 1979-cu ildən bu yana bir çox böhranı ideoloji çərçivəyə salaraq siyasi sabitlik mexanizminə çevirib. Əgər varis artıq müəyyən edilibsə və təhlükəsizlik strukturlarının dəstəyi varsa, Xameneinin ölümü rejim üçün zəifləmə yox, yenilənmiş legitimlik fürsətinə çevrilə bilər.

Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı.

araz.az xəbər portalı.