ABŞ-ın İrana mümkün hərbi zərbəsi yalnız geosiyasi deyil, eyni zamanda məzhəbi müstəvidə də ciddi müzakirələr doğurur. Yaxın Şərqin ən böyük şiə dövləti olan İranın vurulması, oradakı rejimin zəifləməsi və ya süqutu islam aləmində mövcud məzhəb balansına birbaşa təsir göstərə bilər.

Analitiklər hesab edirlər ki, belə bir ssenari regionda sünni-şiə münasibətlərinin yeni mərhələyə keçməsinə, dini mərkəzlərin nüfuz bölgüsünün dəyişməsinə və müsəlman coğrafiyasında ideoloji xəritənin yenidən formalaşmasına səbəb olacaq.

Eyni zamanda, bu prosesin Cənubi Qafqaza, xüsusilə şiə əhalinin üstünlük təşkil etdiyi Azərbaycana mümkün təsirləri də gündəmə gəlir.

İran rejiminin zəifləməsi və ya süqutu islam aləmində məzhəb balansını necə dəyişə bilər? Müsəlman coğrafiyasında sünnilik vahid və daha güclü məzhəbə çevrilə bilərmi? Bu prosesin şiə Azərbaycanına, onun dini, milli maraq və ənənələrinə təsiri nə ola bilər?

Arazpress.com bildirir ki, Globalinfo.az-a danışan politoloq Zuriyə Qarayev İranın hərbi zərbə ilə zəiflədilməsi və ya rejim dəyişikliyi ssenarisi təkcə geosiyasi deyil, həm də məzhəbi balans baxımından ciddi nəticələr doğura biləcəyini deyib:

“İran hazırda dünyada şiə əhalisinin siyasi baxımdan ən təşkilatlanmış və dövlət institutları səviyyəsində təmsil olunduğu əsas aktordur. Onun zəifləməsi regionda şiə siyasi mərkəzçiliyinin parçalanmasına, xüsusilə İraq, Livan və Suriya kimi ölkələrdə təsir boşluğu yaranmasına səbəb ola bilər. Lakin bu, avtomatik şəkildə sünniliyin vahid və dominant gücə çevrilməsi demək deyil. Sünni dünyası özü daxilində siyasi və ideoloji baxımdan parçalanıb – ərəb monarxiyaları, siyasi islamçılıq cərəyanları və milli dövlət modelləri arasında ciddi fərqlər mövcuddur. Buna görə İran rejiminin dağılması məzhəbi homogenləşmə yox, əksinə, yeni güc boşluğu və qeyri-müəyyənlik yarada bilər.

Azərbaycan kontekstində isə məsələ daha mürəkkəbdir. Azərbaycan əhalisinin böyük hissəsi şiə olsa da, dövlət modeli sekulyardır və dini kimlik siyasi identiklikdən ayrıdır. İranın zəifləməsi Azərbaycanda radikal şiə siyasi təsirinin azalmasına gətirə bilər, lakin eyni zamanda regional təhlükəsizlik risklərini artırma ehtimalı da var – xüsusilə sərhəd, qaçqın axını və ideoloji təsir baxımından. Azərbaycanın şiə mərkəzli müsəlman ölkəsinə çevrilməsi ehtimalı zəif görünür, çünki ölkənin milli maraqları dini hegemonluqdan deyil, balanslı xarici siyasət və suveren dövlətçilik prinsipindən qaynaqlanır. Əksinə, İranın zəifləməsi Bakı üçün dini deyil, daha çox geosiyasi və təhlükəsizlik ölçülərində yeni hesablamalar tələb edən mərhələ ola bilər”.

Turan RZAYEV

araz.az xəbər portalı.