ABŞ-ın İrana hərbi müdaxilə ehtimallarının, eləcə də İranın ali rəhbəri Ayətullah Əli Xameneinin öldürülməsi planlarının müzakirə edildiyi bir vaxtda mühüm hadisə baş verib. Belə ki, İraqın ən nüfuzlu şiə dini lideri Ali əl-Sistani ABŞ-ın İrana hücumu halında cihad elan ediləcəyinə dair fətva verib.

Ali əl-Sistani Nəcəf dini məktəbinin (Hövzəyi-Elmiyyə) başlıca mərceyi-təqlidlərindən biridir. Bu o deməkdir ki, milyonlarla şiə müsəlman dini məsələlərdə onun fətvalarına və hüquqi-dini şərhlərinə istinad edir. O, yalnız İraqda deyil, İran, Livan, Pakistan, Hindistan və Körfəz ölkələrində də geniş dini nüfuza malikdir.

Sistani 1930-cu ildə İranın Məşhəd şəhərində doğulsa da, fəaliyyətinin böyük hissəsini İraqda, xüsusilə Nəcəf şəhərində aparıb və hazırda da orada yaşayır. Onun siyasi mövqeyi isə xüsusilə diqqətəlayiqdir. Belə ki, Sistani İranın “vilayəti-fəqih” modelindən fərqli olaraq, ruhanilərin birbaşa dövlət idarəçiliyini üzərinə götürməsini müdafiə etmir. O, daha çox “dövlətə nəzarət edən, lakin birbaşa idarə etməyən dini rəhbərlik” xəttini təmsil edir. Buna görə də onun ABŞ əleyhinə verdiyi fətva Vaşinqton üçün olduqca risklidir.

Müqayisə üçün qeyd edim ki, 2014-cü ildə İŞİD Mosulu ələ keçirəndə Sistani “kifayi cihad” fətvası verərək könüllülərin ölkəni müdafiəyə qalxmasını istəmişdi. Bu çağırış sonradan “Həşdi Şəabi” qüvvələrinin formalaşmasına zəmin yaratdı və İŞİD-ə qarşı mübarizədə həlledici rol oynadı.

Sistani adətən sakit, ehtiyatlı və balanslı mövqe sərgiləyən dini lider kimi tanınır. O, xarici güclərin – istər ABŞ-ın, istərsə də İranın – İraqın daxili siyasətinə birbaşa müdaxiləsinə açıq şəkildə qarşı çıxıb və ölkənin suverenliyini ön plana çəkib. Bu səbəbdən onun hər hansı siyasi və ya hərbi məsələ ilə bağlı açıqlaması regionda ciddi əks-səda doğurur.

Məhz buna görə ABŞ rəsmiləri İraqa səfər edib, Sistaninin nümayəndələri, İraq şiələrinin gənc lideri Müqtəda əs-Sədr və İraq hökumət rəsmiləri ilə görüşüblər. Hətta iddialara görə, ABŞ rəsmiləri Sistaninin fətvasını geri çəkməsi üçün 200–500 min dollar arası ianə təklif ediblər. Lakin onun bu təklifi rədd etdiyi bildirilir.

Vaşinqton əslində Nəcəf və Qum şiə məktəblərinin birləşməsindən narahatdır. Xüsusilə də bu, bölgədə ABŞ-ın hərbi mövcudluğu üçün yeni çətinliklər yarada bilər. Qeyd etdiyim kimi, Ali əl-Sistaninin rəhbərlik etdiyi Nəcəf məktəbi ənənəvi olaraq ruhaniliyin birbaşa siyasi hakimiyyətə transformasiyasını dəstəkləmir. Halbuki Qum mərkəzi və xüsusilə Əli Xamenei xətti “vilayəti-fəqih” modelini dövlət ideologiyası səviyyəsinə qaldırıb. Bu nəzəri fərq onilliklərdir mövcuddur və şiə dünyasında səssiz, lakin fundamental bir bölünmə yaradıb.

Lakin indi vəziyyət fərqli ola bilər. Xameneinin ehtimal olunan ölümü zorakı müdaxilə nəticəsində baş verərsə, hadisə siyasi aktdan daha çox dini-emosional hadisəyə çevrilə bilər. Bu halda “şəhidlik” narrativinin yalnız İran daxilində deyil, regiondakı şiə icmaları arasında da mobilizasiya alətinə çevrilməsi mümkündür. Tarix göstərir ki, dini liderin zorakı ölümü parçalanmanı deyil, çox vaxt birləşməni sürətləndirir. Bu mənada, Nəcəf ilə Qum arasında nəzəri fərqlər qalsa belə, xarici təhdid qarşısında taktiki yaxınlaşma mümkündür. ABŞ üçün əsas risk də məhz budur.

ABŞ-ın Sistaniyə pul təklif etməsi isə həqiqətən çox kobud səhvdir. Çünki o, şəxsi həyat tərzi, dini nüfuzu və ictimai imici baxımından maddi təsirə açıq fiqur deyil. Onun legitimliyi məhz siyasi və maliyyə güclərindən müstəqil dayanmasından qaynaqlanır. Belə bir fiqurun “pul qarşılığında mövqe dəyişməsi” ehtimalı həm real deyil, həm də əks-təsir yarada bilər. Əgər belə bir təşəbbüs olubsa, bunun sızması Vaşinqton üçün reputasiya itkisi deməkdir və İraqda anti-Amerika ritorikasını gücləndirə bilər.

Əgər Nəcəf açıq şəkildə neytrallıqdan imtina etsə, bu, İraqdakı ABŞ mövqelərini birbaşa risk altına salar. Bu səbəbdən Sistaninin mövqeyi təkcə dini deyil, həm də operativ-strateji əhəmiyyət daşıyır. Onun sərt bəyanatının ABŞ-ın qərar qəbuletmə prosesində risk hesablamasını dəyişməsi mümkündür. Yəni mümkün hərbi planın siyasi və regional nəticələri yenidən qiymətləndirilə bilər.

Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı.

araz.az xəbər portalı.