Sovetlərin tərkibində olmuş respublikaların qorxu doğuran daha bir problemi fırıldaqçılıqdır. Kütləvi şəkildə çoxalan bu təhlükənin dəhşətləri barəsində hər addımda zərərçəkənlərdən çox şey eşitmək olur.

Arazpress.com-un bu yazısının “qəhrəmanı”, Rusiya vətəndaşı olan qatı cinayətkar Əlibəy Qurbanovun fırıldaqlarının qurbanları da çoxdur. O, iyrənc əməlləri hesabına aldatdığı çox zərərçəkənin başına “torba keçirərək” oyun açıb. Özünü çoxdan usta fırıldaqçı, saxtakar və yalançı kimi tanıdıb. Artıq bundan sonra biz də onu onlar kimi xatırlayacağıq. Bu qənaətə gəlməyimizin əsas səbəbi kimi, “Araz” Media Qrupunun tərkibindəki media vasitələrinin redaksiyalarına indiyədək ötürdüyü müxtəlif yönlü məlumatlardakı fakt və dəlillərin dəqiqliyinə şübhə etmədiyimiz etibarlı mənbəmizin onun barəsində dediklərinə diqqət ayırmaq daha maraqlı olardı.

Öncə onu qeyd edək ki, ən məşhur fırıldaq ustası kimi qələmə verilən Əlibəy Qurbanov həm də Qubanın qara ləkəsi kimi təqdim olunur. Çünki onun ağlagəlməz fırıldaqlarının və inanılmaz saxta işlərinin qurbanları əlacsızlıqdan sonda doğma-yaxınlarının və tanışlarının daha çox məskunlaşdığı bu bölgə mərkəzinə üz tutublar. Bir də ki, saxta sənədlərlə pul və əmlak mənimsəyən bu yalançının qanunsuzluq hekayəsinin başlanğıcı burada keçirdiyi gənc yaşlarına təsadüf edib.

İllər öncə Rusiyanın federal kanallarında, məsələn “Pust Qovoryat”-da o özünü “məzlum və fədakar ata” kimi təqdim edərək, milyonlarla insanın rəğbətini qazanmağa çalışıb. Lakin bütün hadisələr tərsinə dövran edib. Əlibəy Qurbanovun əsl siması ifşa olunub. Məlum olub ki, Qubanın Digah kəndində məskunlaşan bu şəxs nəinki qəhrəman deyil, əksinə, hər iki ölkənin qanunlarına meydan oxuyan təhlükəli bir fırıldaqçıdır.

Əlibəy Qurbanovun keçmişi təkcə Rusiya ilə məhdudlaşmır. Onun cinayət yolu hələ Sovet dövründə, Qazaxıstan SSR-in Quryev (hazırkı Atırau) şəhərində, Manqışlaq vilayətindəki həbsxanalardan başlayıb. Ağır zorlama maddəsi ilə məhkum olunmuş bu şəxs hələ o vaxtlar qanunlara meydan oxumağa adət edib. Bir insanın on illərlə fərqli ölkələrdə (Qazaxıstan, Rusiya, Azərbaycan) cinayət və fırıldaq ssenariləri tətbiq etməsi, onun islaholunmaz bir dələduz olduğunun tam sübutudur.

Baxın, Əlibəy Qurbanovun 1984-cü ildə ağır cinayətə görə — zorlama maddəsi ilə məhkum olunduğunu təsdiqləyən rəsmi məhkumluq kartı ortaya çıxıb. Hələ bir qadının namusuna toxunmasından söhbət gedir. Amma bu təhlükəli insan, on illərlə özünü dürüst insan kimi qələmə verərək, cəmiyyəti çox aldada bilib. Belə bir keçmişi olan adamın milli dəyərlərdən və ailə namusundan danışması böyük rəzalət deyilmi?!

Əlibəy Qurbanov Rusiyanın “Pust Qovoryat” verilişində Azərbaycanın adını və xalqımızın imicini öz çirkin oyunlarına alət edib. Verilişin internetdəki 3 milyondan çox izləyicisi və 3 mindən çox kəskin mənfi rəyi sübut edir ki, o, ölkəmizi beynəlxalq səviyyədə biabır edib. İnsanlar hələ o zamanlar danışdığı yalanlardan onun elə-belə saxtakar və yalançılardan biri olmadığını seziblər, lakin…

Bu gün də faktlar deyilənləri tam olaraq sübut edir. Belə birisinin Azərbaycana gəlişi “Vətən sevgisi” deyil, Rusiyanın Saransk şəhərində onlarla dürüst insanları müflis edərək, ədalətdən qaçmasıdır. Orada külli miqdarda borcu olub və eyni ssenarini indi də Qubada təkrarlayır.

O da məlum olur ki, Əlibəy Qurbanov Qubanın Digah kəndində belə bir çox sakindən xeyli miqdarda borc alaraq, mənimsəyib. Ən dəhşətlisi isə odur ki, Azərbaycan məhkəmələri onun əleyhinə qərar çıxarsa da, Əlibəy Qurbanov bu qərarları heç saymaq və insanların pulunu geri qaytarmaq istəməyib. Səbəb budur ki, məhkəmə qərarını icra etməyən bir fırıldaqçı özünü bir nüfuzlu generalın dostu kimi göstərir və insanları bu üsulla təhdid edir. Beləcə, kəndə sərbəst gəlməsinə əlverişli şərait yaradır. Belə tendensiya isə, hər bir sakin üçün də bir təhlükədir.

Elə bilməyin ki, Əlibəy Qurbanov bu dələduzluqları tək edir. Xeyr, o, öz ailə üzvlərini də bu mütəşəkkil fırıldaqçılıq şəbəkəsinə cəlb edə bilib. “Ailə şəbəkəsində” olan köməkçiləri – onun qızları bu cinayət sxemlərində mühüm rol oynayırlar. Konkret desək, o, insanların etibarını qazanmaq üçün, ailə faktorundan “yem” kimi istifadə edir.

Axı, Azərbaycan qanunları, üstəlik, qonaqpərvərlik anlayışı fırıldaqçılar və zorlamaçılar üçün sığınacaq ola bilməz. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu bu şəxsin fəaliyyətinin araşdırılmasına və barəsində olan məhkəmə qərarlarının icrasına diqqət yetirməlidir. Bizsə, sadəcə, bunu deyirik: “Digah sakinləri, ayıq olun, bu şəxs növbəti qurbanını axtarır və tapa bilmək onun üçün çətin olmayacaq!”.

Fırıldaqçının əməllərinə hüquqi müstəvidə aydın cavablar verilmədikdə, barəsində olan işlərin saxtakar xarakter daşıdığı barədə şübhələr qalmaqda davam edəcək.

Ümumiyyətlə, belə təhlükəli insanlar haqqında nə qədər yazılsa, yenə azdır. Təbii ki, gördükləri pis işlərin sırası seyrəlməz, əksinə artar. Buna görə, onun barəsində yalnız bu yazını dəyərli oxucularımıza təqdim etməklə kifayətlənmirik. Çünki özünün və qızlarının bu yöndən olan pis əməlləri barəsində yazılası çox şeylər var.

Verilən məlumatlarla bağlı araşdırmalarımız davam edəcək. Növbəti yazılarımızı gözləyin.
Arazpress.com olaraq, yazıda adları hallanan hər kəsin və tərəflərin də cavab haqqını tanıyırıq.

Məhi ELSEVƏR

araz.az xəbər portalı.