1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində ali təhsili olmayan şəxslərin mütəxəssis vəzifəsində çalışması ilə bağlı mətbuata şikayətlər daxil olub. Bu şikayətlərdən biri də, Mərkəzin əməkdaşları tərəfindən Tendensiya.com-a göndərilib. Arazpress.com həmin şikayət yazısına əsasən bildirir ki, hansısa səbəbdən ixtisaslı mütəxəssislər kənarda saxlanılır, uyğun ixtisası olmayan şəxslər isə müxtəlif vəzifələrə cəlb olunur.

İddialara görə, mərkəzdə iqtisadçı vəzifəsində çalışan Emil Ağayev ali təhsilli deyil və diplomu yoxdur. Şikayətlərdə qeyd edilir ki, ali təhsilli kadrlar daha aşağı vəzifələrdə çalışdığı halda, Emil Ağayev direktor Habil Əliyevin himayəsi ilə yüksək ştatda saxlanılır.

Emil Ağayevin ali təhsilinin olub-olmamasına aydınlıq gətirilmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyindən münasibət öyrənmək cəhdlərimiz alınmadı.

Xatırladaq ki, son dövrlər Meşələrin İnkişafı Xidmətinin fəaliyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni rəhbərliyini qane etmir. Bu səbəbdən qurum daxilində kadr dəyişikliklərinin aparılması fonunda yoxlamaların keçiriləcəyi gözlənilir.

Xüsusilə regional meşə təsərrüfatı idarələrinin fəaliyyətində ciddi nöqsanlar mövcuddur. Əkin işləri ilə bağlı vəziyyətin qənaətbəxş olmadığı yayılan məlumatlar sırasındadır. Rəsmi sənədlərdə işlərin plan üzrə həyata keçirildiyi göstərilsə də, real vəziyyətin fərqli olduğu iddia olunur.

İşçilər 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində də oxşar problemlərin olduğunu bildirir. Onların sözlərinə görə, əkin işləri və meşə torpaqlarından istifadə sahəsində çatışmazlıqlar mövcuddur. Həmçinin meşələrin mühafizəsi istiqamətində də ciddi problemlər var.

araz.az xəbər portalı.