
Azərbaycan Avropa ilə Asiya arasında strateji aviasiya dəhlizi kimi mövqeyini gücləndirir. Sərnişin axınının və tranzit aktivliyinin artdığı bir şəraitdə sərhədlərin idarə olunması həm aviasiya, həm də milli təhlükəsizliyin təminində əsas element kimi çıxış edir.
Sərnişin hələ ölkəyə çatmamış qərar qəbul etmək imkanı risklərin azaldılmasına, infrastrukturun dayanıqlılığının artırılmasına və transsərhəd axınlar üzərində effektiv nəzarətin təmininə şərait yaradır.
Azərbaycan aviasiya sektoru və beynəlxalq marşrut şəbəkəsinin genişlənməsi baxımından sabit inkişaf dinamikası nümayiş etdirir.
2025-ci ildə Heydər Əliyev adına Beynəlxalq Hava Limanı 7,64 milyondan çox sərnişinə xidmət göstərib. Tranzit sərnişin axını isə 974 min nəfərə yaxınlaşaraq əvvəlki illə (750 min) müqayisədə 30% artıb.
Sərnişin və tranzit axınındakı bu artım ölkənin Avropa ilə Asiya arasında birləşdirici aviasiya qovşağı kimi rolunu daha da gücləndirir. Bununla yanaşı, sərhəd infrastrukturuna düşən yük artır və nəqliyyatla yanaşı milli təhlükəsizlik sahəsində risklər də yüksəlir.
Pik saatlarda ənənəvi prosedurlar öz ötürmə qabiliyyətinin həddinə yaxınlaşır. Bu isə sərhəd idarəetmə sistemlərinin miqyaslana bilmə imkanını aviasiya sisteminin dayanıqlığının əsas amillərindən birinə çevirir.
Tarixən sərhəd nəzarəti sərnişin təyinat hava limanına çatdıqdan sonra həyata keçirilib. Bu model hadisədən sonra reaksiya verməyə əsaslanır və risklərin erkən mərhələdə qarşısının alınması imkanlarını məhdudlaşdırır. Nəticədə, bəzən uçuşa buraxılmamaq kimi gec qərarlar qəbul edilir.
Sərnişin axınının artması ilə insan resurslarından asılılıq güclənir, personal üzərində yük artır, növbələr və əməliyyat gecikmələri yaranır. Terminalların genişləndirilməsi və işçi sayının artırılması isə ciddi maliyyə və zaman tələb edir, lakin sistemə lazımi çevikliyi qazandırmır.
Bu şəraitdə prioritet, sərnişinin gəlişinə əsaslanan reaktiv modeldən imtina edərək, səyahət başlamazdan əvvəl risklərin qarşısını alan erkən qərarvermə modelinə keçid olur.
Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və ABŞ kimi ölkələrdə sərnişin məlumatlarının əvvəlcədən rəqəmsal emalı və uçuşdan əvvəl qərar qəbul mexanizmləri artıq tətbiq olunur.
Məlumatların yoxlanılması uçuşa qeydiyyat mərhələsindən başlayır. Bu yanaşma milli giriş qaydalarının əvvəlcədən tətbiqinə, risklərin azaldılmasına və əməliyyat yükünün uçuşdan əvvəl optimallaşdırılmasına imkan verir.
Beləliklə, nəzarət sistemi reaktiv prosedurdan proaktiv risk idarəetmə mexanizminə çevrilir.
“Müasir sərhəd idarəçiliyi gəliş zamanı reaksiyanın sürətindən deyil, proseslər üzərində tam nəzarəti təmin edərək əvvəlcədən əsaslandırılmış qərarlar qəbul etmək imkanından asılıdır”, –– deyə, Marina Zvyagina, SITA-nın Şərqi Avropa, MDB və Baltikyanı ölkələr üzrə vitse-prezidenti bildirib.Dövlət orqanları ilə aviaşirkətlər arasında rəqəmsal qarşılıqlı əlaqə sərnişin uçuşdan əvvəl tətbiq olunan yeni nəzarət modelini formalaşdırır.
Advance Passenger Processing (APP, interactiveAPI) mexanizmi mövcud sistemləri genişləndirərək yoxlamaların sərnişinin haradan uçmasından asılı olmayaraq qeydiyyat zamanı aparılmasına imkan yaradır.
Bu modeldə dövlət orqanları qərarvermə suverenliyini qoruyur və nəzarət faktiki olaraq uçuş mərhələsinə keçirilir. Aviasiya sənayesi və sərnişinlər isə daha proqnozlaşdırıla bilən proseslərlə qarşılaşır.
“Bu arxitektura milli miqrasiya qaydalarının tətbiqinə imkan verir, suverenliyi qoruyur və aviasiya sənayesi üçün proqnozlaşdırıla bilənliyi təmin edir”, — deyə, Marina Zvyagina qeyd edir.
Sərnişin məlumatlarının erkən mərhələdə filtrasiya olunması sərhəd xidmətlərinə daha mürəkkəb hallara fokuslanmaq imkanı verir və ilkin nəzarət xəttindəki yükü azaldır.
Beynəlxalq təcrübə göstərir ki, standart prosedurların müddəti etibarlı sərnişinlər üçün bir neçə dəqiqədən 20–30 saniyəyə qədər azaldıla bilər. Bu isə xüsusilə pik saatlarda axınların daha dayanıqlı idarə olunmasını təmin edir.
Hava limanları üçün bu, əməliyyat sabitliyi; aviaşirkətlər üçün gecikmələrin və əlavə xərclərin azalması; dövlətlər üçün isə əlavə resurs artımı olmadan miqrasiya nəzarətinin effektivliyinin yüksəlməsi deməkdir.
Sərnişinlərin sərhədi keçməsinə dair erkən icazə mexanizmləri artıq strateji infrastruktur elementinə çevrilir.
Azərbaycan üçün sərhəd idarəetməsinin effektivliyi tranzit potensialının, turizmin və beynəlxalq ticarətin inkişafına birbaşa təsir göstərir.
Artan sərnişin axını şəraitində səyahət başlamazdan əvvəl qərarvermə qabiliyyəti uzunmüddətli dayanıqlılığın və iqtisadi səmərəliliyin əsas amillərindən birinə çevrilir.
Sərhəd nəzarətinin rəqəmsal modelinə keçid yalnız texnoloji yenilənmə deyil, həm də təhlükəsizliyin, əməliyyat dayanıqlılığının və transsərhəd axınların idarə olunmasının effektivliyini artıran sistemli yanaşmadır.
araz.az xəbər portalı.