İranın Ali Dini Lideri Müctəba Xameneinin İraq xalqına və dini liderlərinə təşəkkür etməsi, eləcə də iki ölkənin gələcəkdə vahid dövlət şəklində birləşməsi ilə bağlı səsləndirdiyi fikir regionda diqqət çəkən müzakirələrə səbəb olub. ABŞ və İsrailə qarşı mümkün ssenarilər fonunda səslənən bu açıqlama Tehran-Bağdad münasibətlərinin yeni mərhələyə keçə biləcəyi ehtimallarını gündəmə gətirib.

Arazpress.com bildirir ki, məsələ ilə bağlı News24.az-a politoloq Zeynal Əmrəliyev danışıb. O, deyib ki, İran və İraqın vahid dövlət çərçivəsində birləşməsi ideyası yeni deyil və bu məsələ uzun illərdir müxtəlif dairələrdə müzakirə olunur:

“Bu ideyanın kökləri hələ Səddam Hüseynin 2003-cü ildə hakimiyyətdən devrilməsindən sonrakı dövrə gedib çıxır. Həmin dövrdə Nəcəf dini məktəbi ətrafında formalaşan dini-siyasi çevrələr tərəfindən İran və İraqın konfederativ əsaslarla birləşdirilməsi ilə bağlı fikirlər səsləndirilirdi. Lakin o zaman da əsas mübahisə doğuran məsələ gələcək birliyin idarəetmə forması və ümumi liderliyin kimə məxsus olacağı idi”.

Politoloq qeyd edib ki, hazırda Müctəba Xameneinin bu istiqamətdə səsləndirdiyi fikirlər daha çox təşəbbüs xarakteri daşıyır. Onun fikrincə, belə bir ideyanın yenidən gündəmə gəlməsində İraqda siyasi vəziyyət və xüsusilə Nuri əl-Maliki kimi İrana yaxın fiqurların yenidən hakimiyyətə qayıtmaq ehtimalı mühüm rol oynayır:

“İraq parlamentində Malikinin yenidən baş nazir postuna gətirilməsi ilə bağlı müzakirələr aparılır ki, bu da Tehran üçün əlavə siyasi fürsətlər yarada bilər. Bununla belə, ekspert hesab edir ki, belə bir birləşmənin reallaşması qarşısında ciddi maneələr mövcuddur. İlk növbədə, İraqın daxili siyasi və sosial vəziyyəti olduqca mürəkkəbdir. Ölkədə müxtəlif dini və siyasi qruplaşmalar fəaliyyət göstərir və bu qrupların hamısı İranla yaxınlaşmanı dəstəkləmir. Hətta şiə icması daxilində belə, Tehrana qarşı olan qüvvələr mövcuddur”.

Politoloq xüsusilə Müqtəda əs-Sədrin rəhbərlik etdiyi milliyyətçi şiə qruplarını misal çəkərək bildirib ki, onlar İranın təsirinə qarşı çıxır və ölkə daxilində ciddi ictimai-siyasi dəstəyə malikdir:

“Bu isə hər hansı bir konfederativ modelin həyata keçirilməsini daha da çətinləşdirir. Digər mühüm məqam dini mərkəzlər arasındakı rəqabətdir. Belə ki, şiə dünyasının əsas dini mərkəzlərindən biri Qum şəhərində, digəri isə Nəcəfdə yerləşir. Bu iki mərkəz arasında təsir və nüfuz uğrunda rəqabət də potensial birləşmə prosesinə mənfi təsir göstərən amillərdən biridir”.

araz.az xəbər portalı.