İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Pezeşkian Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlət başçısına minnətdarlığını bildirib. Prezident İlham Əliyev isə ölkəmizin İrana göstərdiyi humanitar yardımın davam edəcəyini deyib, yaxın zamanlarda növbəti yardımın göndəriləcəyini vurğulayıb.

İranda vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edən Azərbaycan Prezideti, həlak olan vətəndaşlara Allahdan rəhmət diləyib. Prezident İlham Əliyev qarşıdurmanın tez bir zamanda sona çatmasını arzuladığını bildirib.

Pezeşkian–Əliyev təmaslarının davamlı olması mütləqdir. Müharibə davam edir və nəticəsi hələlik bəlli deyil. Ən pisi isə Bakı və Ankaranın prosesə cəlb edilməyə çalışılmasıdır. İrandan Türkiyəyə atılan ballistik raketlər bunu deməyə əsas verir.

Lakin hər iki ölkə prosesi diqqətlə izləyir, təmkinli və praqmatik yanaşma sərgiləyir. Xüsusilə Bakının Ankaranı bu məsələdə müəyyən qədər tənzimləməsi də istisna deyil. Belə bir zamanda telefon danışıqlarının olması, liderlər səviyyəsində real hadisələr haqqında fikir mübadiləsinin aparılması və ehtimal təxribatlardan sığortalanmaq baxımından mühümdür.

Pezeşkian həm Bakı, həm də Ankara üçün vacib şəxsdir. Hər iki ölkə İrana edilən hücumları dəstəkləmir. Buradakı xaosun iki ölkəyə də fayda verməyəcəyi, əksinə risklər yaradacağı bəllidir. Lakin Azərbaycan və Türkiyənin ABŞ ilə münasibətləri yaxşıdır. İstisna deyil ki, Pezeşkianın bu günə qədər Vaşinqtonun hədəfinə gəlməməsi həm də onun Bakı və Ankara ilə təmasları qorumasına görədir.

Azərbaycan İrana humanitar yardımlar edərək həm Naxçıvan insidenti sonrası artan gərginliyi yumşaltdı, həmçinin təxribat cəhdlərinə qarşı praqmatik yanaşma sərgiləyəcəyini göstərdi. Telefon danışıqları isə diplomatik kanalların açıq qalması və pərdəarxası danışıqlar üçün alternativ qapı deməkdir.

Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı.

araz.az xəbər portalı.