ABŞ-ın İran ərazisində həyata keçirdiyi son əməliyyat ciddi rezonans doğurub. Belə ki, əməliyyat çərçivəsində məşhur SEAL Team 6 bölməsi İsfahanın cənubuna eniş edərək dağlıq ərazidə gizlənən pilotu çıxarmağa nail olub. Diqqət çəkən əsas məqamlardan biri əməliyyatın gündüz saatlarında həyata keçirilməsidir.

Bu hadisə ABŞ-ın İran ərazisində quru əməliyyatları keçirmək imkanına malik olduğunu göstərir. Lakin həm də ,ABŞ-ın Venesuela ssenarisinə bənzər bir model tətbiq edəcəyi, yaxud İsfahan, Məşhəd və Təbriz kimi iri şəhərlərə desant endirərək birbaşa işğal strategiyasına keçəcəyi mənasına gəlmir.

Keçirilmiş əməliyyat unikaldır. Eyni formatda ardıcıl əməliyyatların həyata keçirilməsi həm yüksək risk, həm də ciddi maliyyə və resurs yükü deməkdir. Üstəlik, bu xilasetmə missiyası idi. Yəni belə əməliyyatlar yalnız zəruri olduqda həyata keçirilir və strateji məqsəd daşımadığı hallarda onların təkrarlanması əlavə risklər yarada bilər.

Bununla belə, ABŞ bu əməliyyat ilə Tehrana açıq mesaj vermiş də oldu: Vaşinqton lazım gəldikdə İranın öz ərazisində belə hərbi fəaliyyət göstərə bilər. Vaşinqton bu yolla İran ordusunun potensial olaraq qüvvələrini daha geniş coğrafiyada xüsusilə iri şəhərlər ətrafında yaymasını istəyir. Ehtimal quru əməliyyatları zamanı ABŞ üçün daha parçalanmış və lokal müqavimətlə üzləşmək imkanı daha məqbuldur.

Subyektiv yanaşmam belədir ki, ABŞ son ana qədər İrana qarşı total müharibəyə girməkdən və genişmiqyaslı quru əməliyyatlarına başlamaqdan çəkinəcək. Lakin belə bir ssenari baş verərsə, daha çox Normandiya əməliyyatı tipli kompleks və çoxmərhələli əməliyyata bənzəyə bilər. İlkin mərhələdə Xarq adası və ya başqa strateji nöqtələr ələ keçirilərək burada hərbi-logistik baza formalaşdırıla, daha sonra isə mərhələli şəkildə quru əməliyyatlarına start verilə bilər. Belə bir planın reallaşması isə geniş koalisiya dəstəyi olmadan çox çətindir.

Turan RZAYEV,
politoloq.

araz.az xəbər portalı.