Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Uqanda Respublikasının Xarici İşlər Nazirliyinin beynəlxalq məsələlər üzrə dövlət naziri Henri Okello Oryemin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı Azərbaycan ilə Uqanda arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri geniş şəkildə müzakirə olunub. Diplomatik münasibətlərin qurulduğu son 30 ildə əlaqələrin sürətlə inkişafından məmnunluq ifadə olunub.

Uqanda başda olmaqla bir çox Afrika ölkəsi üçün Azərbaycan qərb ilə şərq arasında yerləşən unikal inkişafa nail olan örnək ölkədir. Buna görədir ki, son illərdə Afrika ölkələrinin Azərbaycana marağı artdığı kimi Bakının da regionda yeni maraqları formalaşıb. Somali, Efiopiya, Ruanda və Uqanda Azərbaycanın təcrübəsini öyrənir. Məsələn, “ASAN xidmət” modeli əsasında Uqandada fəaliyyət göstərən Dövlət Xidmətləri Mərkəzləri bu təcrübənin praktik reallığıdır.

Bakı Afrika regionundan tələbələrin SSRİ dövründə olduğu kimi cəlbində maraqlıdır. Beləcə, gələcəkdə də münasibətlər inkişaf edə bilər. Bundan başqa, inkişaf etməkdə olan Azərbaycan sənayesi üçün Afrika ölkələri, o cümlədən Uqanda, ucuz xammal bazarı rolunu oynayır. Qeyd etmək lazımdır ki, Bakının regionla bağlı imperiyal maraqları olmadığı üçün Afrika ölkələri Azərbaycanla əməkdaşlığa isti baxır.

Henri Okello Oryemin ilə Ceyhun Bayramov arasında görüş zamanı həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri, habelə qlobal çağırışlar ətrafında fikir mübadiləsi aparılıb. İstisna deyil ki, fikir mübadiləsi aparılan mövzulardan biri də ABŞ, İsrail və İran gərginliyidir.

Məsələ ondadır ki, Uqanda regiondan uzaq olsa da, ABŞ, İsrail və İran gərginliyi fonunda bu ölkədən iddialı çıxışlar səslənir. Məsələn, Uqanda ordusunun komandiri Muhuzi Kayneruqaba sosial media hesabında yazıb ki, Tehranı ələ keçirmək üçün onlara ən çoxu iki həftə vaxt lazımdır. Bundan öncə də o, İsrail tərəfdən müharibəyə qoşula biləcəklərini elan etmişdi.

1970-ci illərdə İdi Amin Dada dövründə Uqanda İsrailə qarşı açıq düşmənçilik mövqeyi tuturdu və Fələstin müstəqillik hərəkatını dəstəkləyirdi. Hətta 1976-cı ilin avqustunda Fələstinli bir qrup silahlı Almaniyanın Münhen şəhərində keçirilən Olimpiya Oyunları zamanı İsrail idmançıları girov götürüldükdən sonra Kampala hava limanına enmişdi. Aminin bu qərarı ilə həm Fələstin hərəkatına dəstək vermiş, həm də ərəb dünyasında nüfuz qazanmağa çalışmışdı. Lakin 1979-cu ildə Amin devrildikdən sonra Uqandanın xarici siyasəti köklü şəkildə dəyişdi.

Yeni rəhbərlik İsraillə münasibətləri normallaşdırmaq və beynəlxalq arenada balanslı mövqe sərgiləmək yolunu seçdi. Muhuzi Kayneruqabanın son açıqlamaları da ABŞ və İsrailin dəstəyini qazanmağa hesablanıb.

Henri Okello Oryemin ilə Ceyhun Bayramov arasında görüş zamanı bu məsələ müzakirələr olmuş ola bilər. Bakı balans siyasətini ha belə regional reallıqları Kampalanın diqqətinə çatdırmış ola bilər.

Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı.

araz.az xəbər portalı.