
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ və İran arasında müvəqqəti atəşkəs haqqında razılaşmanın Livana şamil edilmədiyini bildirib. Bəyanatdan sonra İsrail Livana ən böyük hücumlarından birini həyata keçirib. Məlumata görə, İsrail qüvvələri Beyrut, Bekaa vadisi və Livanın cənubunda təxminən 100 hədəfi vurub.
Livan prezidenti Cozef Aun isə ABŞ və İran arasında 15 günlük atəşkəsin elan olunmasını müsbət qarşılayıb. O bildirib ki, Livan regional sülhün təmin olunması istiqamətində səylərini davam etdirəcək və razılaşdırılmış prinsiplər əsasında hərəkət edəcək.
İsrail Livanda “Hizbullah” qruplaşmasına qarşı əməliyyatlara davam edəcək. Hətta İranla atəşkəsdən istifadə edərək əməliyyatları daha şiddətli və genişmiqyaslı apara bilər. Əslində İsralin “Hizbullah”a qarşı apardığı əməliyyatlar rəsmi Beyrutun maraqlarına uyğundur. Çünki “Hizbullah” təkcə İsrail üçün deyil, Livan üçün də təhlükə mənbəyidir.
Beyrut qruplaşma ilə təkbaşına mübarizə apara bilmir. Ona görə də bir çox hallarda İsrailin Livan ərazisinə qanunsuz müdaxiləsinə göz yummaq məcburiyyətində qalır. Bununla belə İsrailin metodları və müharibə üsullarından Livan narahatdır. Çünki bir çox hallarda “Hizbullah”la mübarizə kontekstində mülki şəxslər də həyatını itirir. Ən pisi isə odur ki, Təl-Əviv Livanın prosesə qoşulmasını, əks təqdirdə “Hizbullah”dan təmizlənən əraziləri ilhaq edəcəyini bildirir.
İsrail indiki məqamda Livan ərazilərini işğal etməsə də, Beyrutun Təl-Əvivə hərbi dəstək verməməsi gələcəkdə iki ölkə arasında yeni problemlər yarada bilər.

Turan RZAYEV,
politoloq.
araz.az xəbər portalı.