
Aprelin 8-də Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. Dövlət başçısı İran və ABŞ arasında elan edilmiş atəşkəslə bağlı təbriklərini çatdırıb.
Məsud Pezeşkian bu təbriklərə və ölkəmizin İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Telefon söhbəti zamanı ikitərəfli əməkdaşlığa dair məsələlər barədə fikir mübadiləsi aparılıb.
Atəşkəs elan olunduqdan dərhal sonra İranı təbrik edən ilk liderin məhz Azərbaycan Prezidenti İlham Əliyev olması ölkəmizin proseslərə nə qədər diqqətlə yanaşdığını və qonşu ölkənin sabitliyində maraqlı olduğunu ortaya qoyur.
Prinsipcə İran Azərbaycan üçün heç vaxt düşmən ölkə olmayıb. Rəsmi Bakı Tehrana qarşı heç bir iqtisadi, siyasi və hərbi kampaniyanın bir parçası olmadığı kimi, hər zaman mehriban qonşuluq münasibətlərinə və regional əməkdaşlığa əsaslanan münasibətlər sistemi yaradıb. Yəni bu günə qədər iki ölkə arasında yaşanan gərginlik və münasibətlərdə yaranan soyuqluğun səbəbkarı qarşı tərəf olub.
Bütün bunlara baxmayaraq, Azərbaycan İsrail və ABŞ-ın İrana qarşı başlatdığı əməliyyatları dəstəkləmədi. Halbuki Tehrandakı bəzi dairələr Bakıya qarşı əsassız iddialar irəli sürür, guya Azərbaycanda xarici ölkənin hərbi bazasının olduğunu, hətta ölkəmizdən İrana zərbələrin endirilə biləcəyini iddia edirdilər. Bütün bu iddialar isə özünü doğrultmadı.

Məsələn, Naxçıvana edilən dron hücumu sonrası suverenliyimizə qarşı istənilən təhdidə cavab verəcəyimiz ali səviyyədə bəyan edilsə də, İranla münasibətlərin gərginləşməsində maraqlı olmadığımız sərgilənən mövqe ilə bir daha təsdiqləndi. Hətta Azərbaycan bu müddət ərzində Türkiyə ilə aktiv diplomatik təmaslar içərisində oldu. Bu, çox mühüm idi, çünki Türkiyənin də İranla gərginliyə sövq edilməsinə çalışan qüvvələr vardı. Xüsusilə Türkiyəyə atılan raketlər fonunda Bakının diplomatik təmasları və sərgilədiyi konstruktiv mövqe həm Tehranı, həm də Ankaranı arzuolunmaz ssenarilərdən çəkindirmək məqsədi daşıyırdı.
Prezident İlham Əliyevin mövqeyi isə xüsusilə diqqətəlayiqdir. Məsələn, ölkə başçısı İranın Ali Dini Lideri Əli Xameneinin vəfatı sonrası İran səfirliyini ziyarət edərək başsağlığı verib. Prezidentin xüsusi tapşırığı ilə İrana edilən humanitar yardımlar da diqqət çəkdi. Hətta İrana başqa ölkələrin Azərbaycan ərazisi vasitəsilə yardım göndərilməsinə də şərait yaradıldı.
Ən önəmlisi isə İran üçün mürəkkəb və gərgin keçən dövrdə Azərbaycanın davranışı iki ölkə arasında dostuluğu bir daha təsdiqlədi. Bu müddət ərzində Azərbaycan–İran sərhədi ən sabit və təhlükəsiz sərhəd idi. Rəsmi Bakı istisna deyil ki, bundan sonra da mövqeyini qoruyacaq. Həmçinin sülh danışıqları yaxından izləniləcək, hətta lazım gəldikdə vasitəçilik də təklif edilə bilər.

Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı.
araz.az xəbər portalı.