Törətdiyi saysız-hesabsız cinayətləri bağışlanmaz düşmənin viranedici təcavüzünə tuş gəldiyindən, adı bir əsrlik şərəfli yol keçmiş qocaman elm ocaqlarının adlarıyla bir sırada çəkilən Ağdam rayonundakı Güllücə kənd tam orta məktəbinin 100 illik yubileyi də doğma məkanda keçirilməyib. Əsası 1926-cı ildə qoyulan və hazırda şəhid Kazım Əsgər oğlu Məmmədovun adını daşıyan bu nüfuzlu məktəbin sabiq direktoru Vaqif Məmmədovun təşkilatçılığı ilə baş tutan bu yubiley tədbiri, işğaldan sonra fəaliyyətini davam etdirdiyi Ağdam rayonu ərazisindəki Dördyol – 1 yaşayış məntəqəsindəki binada böyük coşqu ilə qeyd edilib.

Tədbirin gedişi barədə Arazpress.com-a daxil olan məlumata görə, Dövlət Himninin sədaları ilə açılışı elan olunan bu yubiley tədbirində Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Pedaqoji kollektivin, şagirdlərin, ictimaiyyət nümayəndələrinin, təhsil ictimaiyyətinin, ölkə hüdudlarından kənarda təhsillərini davam etdirən və əmək fəaliyyəti ilə məşğul olan məktəb məzunlarının, şəhid ailələrinin, ziyalıların… iştirakçıları olduğu bu tədbirdə çıxış edənlər əsasən məktəbin tarixindən, son illərdə qazandığı uğurlardan danışıblar.

Onu da qeyd ediblər ki, işğaldan sonra bu məktəb Bərdə rayonu ərazisində Türkiyənin və Səudiyyə Ərəbistanın kömək məqsədi ilə saldıqları Çadır düşərgələrində yerləşib. Eləcə də, Ağdam 118 və 106 saylı köçkün orta məktəblərində fəaliyyət göstərib. Yeni qəsəbələr salındığı zaman, yəni 2006-cı ildə 118 saylı məktəb Ağdam rayonu ərazisindəki Dördyol –1 qəsəbəsinə köçüb. İndiyədək köçdüyü həmin binada fəaliyyətini davam etdirib.

Məruzəçilər öz çıxışlarında xüsusi olaraq vurğulayıblar ki, zəngin tarixə və şərəfli keçmişə malik olan Güllücə kənd məktəbi təhsil sahəsindəki səmərəli fəaliyyəti müqabilində olduqca məzmunlu inkişaf yolu keçib və Azərbaycana nüfuzlu şəxsiyyətlər bəxş etməklə, layiqli vətəndaşlar yetişdirmək işinə öz böyük töhfəsini verib. Tarixin 100 illik şahidi olan bu nüfuzlu məktəb dəyişən zamanlar burulğanında belə öz təhsil ənənələrinə sadiq qalaraq, həmişə dövlətimizə və xalqımıza şərəfli xidmətini davam etdirib. Öncə 8 illik, sonra genişləndirilən və orta məktəb səviyyəsinə çatdırılaraq, əvvəlcə 10 illik, daha sonra 11 illik təhsil müəssisəsi kimi fəaliyyət göstərib. Tam bir əsrlik tarixi ərzində 4 nəfər alimi, 1 nəfər generalı, 8 nəfər elmlər namizədi, tanınmış vəkilləri, hüquq işçiləri, həkimləri, müxtəlif peşə adamları öz vətənpərvər və layiqli əməlləri ilə bu məktəbin nüfuzuna nüfuz, uğurlarına uğur qatıblar. Çıxışlarda “Lenin” ordenli əmək veteranı Əkbər Abdullayev, Əməkdar mədəniyyət və incəsənət xadimi Müşfiq Hətəmov, Əməkdar artist Elnur Zeynalov, UNEC-in rektoru, professor Ədalət Muradov, professorlar Əyyub Eyyubov və Şirxan Silimov, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, hüquq elmləri doktoru Lətif Hüseynov, şair-publisist və jurnalist Elçin Mehrəliyev və yüksək vəzifələrdə hakimiyyətin ləyaqətli təmsilçisi, Qızıl Qələm Mükafatı laureatı Mədət Əyyuboğlu… kimi nüfuz sahiblərinin adları xüsusi qeyd olunub.

Unudulmaz məktəb illərindən və sevimli müəllimlərindən bəhs edən məzunlar isə öz çıxışlarında öncə yubiley münasibətilə məktəb kollektivini təbrik edib, yaddaşlarında silinməz izlər buraxan xatirələrindən danışıb, öz təəssüratlarını bölüşüblər. Güllücə kənd tam orta məktəbinin məzunu olmalarından böyük qürur hissi keçirdiklərini deyiblər. Qeyd ediblər ki, bu məktəbdə həmişə dərslər böyük ruh yüksəkliyi ilə, yüksək vətənpərvərlik hissləri altında keçirilib. Bu səbəbdəndir ki, parta arxasında oturan hər kəsin Vətən sevgisi sonsuz olub və torpaqlarımızın toxunulmazlığı naminə canlarını fəda etməkdən çəkinməyiblər. Qarabağın azadlığı uğrunda gedən amansız döyüşlərdə məktəbin 34 nəfər şəhid, veteran və qazi adlarına layiq görülən müəllim və məzunlarının göstərdikləri misilsiz şücaət və igidlik nümunələri deyilənlərin bariz nümunəsidir və unudulan deyil.

Tədbirin digər təşkilatçısı — Güllücə, İlxıçı, Suma və Tağıbəyli kəndlərindən olan 12 nəfərdən ibarət Ziyalıların Təşəbbüs Qrupunun üzvləri çıxış edərək, keçirilən belə tədbirlərin məqsədindən və böyük əhəmiyyətindən, qocaman elm ocağının şahidlik etdiyi tarixi hadisələr zamanı əldə etdiyi nailiyyətlərdən danışıblar. Bu tədris müəssisəsinin növbəti yubileyini müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, möhtərəm Prezident İlham Əliyev cənablarının bu yaxınlarda bünövrəsini qoyduğu yeni Güllücə kəndində qeyd etmələrini Ulu Tanrıdan arzulayıblar. Tam əminliklə onu da vurğulayıblar ki, doğma məkanda fəaliyyət göstərəcək bu təhsil ocağı bundan sonra ölkə təhsilinə yeni nəfəs verən yeni ümidlər məkanı kimi özünü daha çox tanıda biləcək.

Maraqlı və məzmunlu alınan bu tədbirin sonunda məktəbin pedaqoji kollektivi və digər iştirakçılar işğaldan azad olunan və adları yuxarıda çəkilən 4 kəndə, məktəb və qəbrstanlıqlara səfər ediblər. Daha sonra
məktəbin qarşısında müəllim və şagirdlərlə xatirə şəkli çəkdirilib.

Fərhad MƏMMƏDOV,
Səməndər QURBANOV.

araz.az xəbər portalı.