
Vəkil Aslan İsmayılov Almaniya vətəndaşı, Qərb Universitetinin tələbəsi Vüsal Şilderin öldürülməsini sifariş edən və bunun üstünün açılmasına imkan verməyən məmurların adlarını çəkib.
Arazpress.com-un xəbərinə görə, o bildirib ki, qətlin üstünü o zaman Baş prokuror olan Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubov ört-basdır edib.
A. İsmayılov 2013-cü ildə öldürülən V.Şilderin ailəsinin vəkili olduğunu xatırladıb və vurğulayıb ki, buna görə çoxsaylı təhdidlərlə üzləşib:
“Vüsal Şilderin qətlini sifariş edən Xəyal Əlizadənin Birləşmiş Ərəb Əmirliklərində tutularaq Azərbaycana ekstradisiya edilməsi ilə bağlı mətbuatda ilk dəfə material yayılan kimi sizə söz verdim ki, bu barədə mənim ətraflı izahım olacaq. Bu işlə məşğul olduğum üçün bunu özümə borc bildim. Bu işdə mənim nələr çəkdiyimi uca Allah bilir.
2013-cü ilin mayın 2-də Vüsal Şilder adlı bir gənc günün günorta çağı vəhşicəsinə qətlə yetirilib. Bıçaqla boğazı kəsilir. 2013-cü ilin sonlarında anası Mətanət xanım və həyat yoldaşı Adolf Şilder yanıma gəldilər və müqavilə bağladılar. Söz verdim ki, nümayəndə kimi bacardığımı edəcəm. Bu gün vicdanla deyirəm ki, mən bacardığım hər şeyi etmişəm. Bu gün bu barədə yazmaq istəyən, mənə zəng edən çoxdur. Amma o vaxtlar mən özüm jurnalistlərə bir-bir zəng edirdim ki, məsələni işıqlandırsınlar. Lakin bu qətlin sifarişçisi Tarıyel Ağayev Prezident Administrasiyasında yüksək kürsüdə oturduğuna, məhz Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin himayəsində olduğuna görə, az sayda qəzetlər bu barədə yazı verirdi. O vaxt çoxları bu işin nə qədər təhlükəli olduğunu bilirdi”.

Vəkilin sözlərinə görə, ilk gündən bəlli olub ki, bu işin başında Tarıyel Ağayev durur:
“Vüsal Şilderi qətlə yetirənlərlə birbaşa əlaqədə olan, sifarişi çatdıran, onlara pul verən Tarıyel.Ağayevin kürəkəni Xəyal Əlizadə olub. Xəyal Əlizadənin Dubayda olduğunu hamı bilirdi. Almaniya höküməti dəfələrlə Azərbaycan Baş Prokurorluğuna müraciət etdi ki, siz gətirə bilmirsinizsə, sorğu verin biz edək. Cinayəti qəsdən ört-bastır edən o vaxt ki, Baş prokuror Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubov olub. Bunu mən bütün qətiyyətimlə bildirirəm. Bu iki şəxsin vicdanında çox qətllər var. O cümlədən, Vüsal Şilderin anası Mətanət xanım adına uyğun addımlar atıb. Bütün hədə-qorxulara baxmayaraq geri çəkilməyib. 2002-ci ildə heç kimi olmayan Rəna Nəsibova adlı bir cavan qız Rüstəm Usubov və Baş prokurorun o zamanki birinci müavini Ramiz Rzayevə şəxsən Hacı Məmmədovun dəstəsi haqqında məlumat verəndən 3 gün sonra onun meyiti tapıldı. Bəlli idi ki, bu necə olub”.
A. İsmayılov onu da bildirib ki, bu işlə məşğul olandan ona təkliflər gəlib:
“Məndən əvvəl Vüsal Şilderin anası Mətanət xanımı ələ almaq istəmişdilər. Ona da, mənə də ağlasığmaz təkliflər olmuşdu. İş o həddə çatmışdı ki, anasının doğmaları da mənə zəng edib qəbuluma gəlirdilər ki, Aslan müəllim siz Mətanət xanıma ümid verməyin, razı olmağına çalışın. Bu işdə ölümlə təhdid olunmuşam. Binəqədi Məhkəməsində gedən prosesdə, məhkəmə zalında da, həyətində də onlarla adamın içində təhdid olunmuşam. Hədə-qorxular o yerə çatdı ki, Mətanət xanımın kiçik oğlu 10 yaşlı Maks da ölümlə hədələnib. Bu səbəbdən onlar Amerikaya köçməli olublar”.
A. İsmayılov Baş prokuror Kamran Əliyevə təşəkkürünü bildirib:
“Bu məsələ ilə bağlı mənə ağlasığmaz məbləğlər və təkliflər gəlirdi. O vaxtlar vəkillikdən xaric olunmuşdum. Vəkilliyə bərpa edilməyim, istənilən vəzifə tutmağım təklif olunurdu. Bu gün də hüquq sahəsində böyük vəzifə sahibi olan biri o zaman mənə təkliflə gəlmişdi ki, Tarıyel Ağayevin yeganə istəyi, xahişi işdən çəkilməyimdir. Başqa heç nə istəmir. Onun əvəzində vəzifələr və məbləğlər təklif etmişdi.
Çoxları elə bilir ki, Xəyal Əlizadəni gətiriblər və bu 3 günün işidir. Bu illər çəkən ekstradisiya işidir. Baş prokuror Kamran Ağayevə təşəkkür edirəm və inanıram ki, onlar bu iş üzrə ətraflı istintaq aparacaqlar”. /Yeni Sabah/

araz.az xəbər portalı.