
İran Silahlı Qüvvələri İraqın şimalında mənzillənən müxalif “Komalə” partiyasının hərbi düşərgələrinə qarşı genişmiqyaslı hava hücumu təşkil edib. Kamikadze pilotsuz uçuş aparatları ilə həyata keçirilən zərbələr nəticəsində Süleymaniyyə yaxınlığındakı bazalarda ciddi dağıntılar yaranıb.
İlkin rəsmi məlumatlara görə, partlayışlar zamanı azı üç peşmərgə döyüşçüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, yaralılardan birinin vəziyyətinin kritik olduğu bildirilir. İran tərəfi bu hücumları milli təhlükəsizliyini qorumaq və sərhədyanı bölgələrdəki təhdidləri neytrallaşdırmaq məqsədilə həyata keçirdiyini bəyan etsə də, bu addım regionda xarici hərbi güclərin kəskin reaksiyasına səbəb olub.
Arazpress.com xəbər verir ki, vəziyyətin gərginləşməsindən sonra Fransa Hərbi Hava Qüvvələri prosesə birbaşa müdaxilə etmək qərarı verib. Şimali İraqın hava məkanında təhlükəsizliyi təmin edən Fransa ordusuna məxsus “Mirage 2000” tipli qırıcı təyyarə növbəti hücum dalğasının qarşısını alıb.
Fransız pilotu İrana məxsus “Shahed-136” kamikadze dronunu “hava-hava” tipli raketlə səmadaca məhv edərək düşərgələrə doğru hərəkətinə son qoyub. Qeyd edək ki, “Komalə” partiyası uzun illərdir İraq Kürdüstanında fəaliyyət göstərən və Tehrana müxalif olan sosial-demokrat təşkilatdır. Fransanın bu hərbi müdaxiləsi İran və Qərb ölkələri arasında onsuz da gərgin olan münasibətləri yeni və daha təhlükəli müstəviyə daşıyıb. /NOCOMMENT.az/
araz.az xəbər portalı.