İsrail və Livan nümayəndələri arasında danışıqlar baş tutdu. ABŞ Dövlət Departamentinin Vaşinqtondakı qərargahında keçirilən görüş 1993-cü ildən bəri ilk belə görüşdür. Bu mənada həm də tarixi əhəmiyyət kəsb edir.

Görüşdə ABŞ Dövlət katibi Marko Rubio, Livanın ABŞ-dakı səfiri Nada Hamadeh, İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter, ABŞ-ın Livandakı səfiri Mişel İssa və Dövlət Departamentinin müşaviri Maykl Nidhem iştirak edib.

Görüşün baş tutması çox vacib idi. Məsələ ondadır ki, İsrail Livanda “Hizbullah”a qarşı hərbi əməliyyatlar aparır. Əməliyyatlar nəticəsində 165 uşaq və 87 tibb işçisi də daxil olmaqla azı 2089 nəfər həlak olub, 1,2 milyondan çox insan isə ev-eşiyindən didərgin düşüb. “Hizbullah”a qarşı keçirilən əməliyyatlarda Təl-Əviv haqlı olsa da, əməliyyatlar zamanı ifrat şiddətdən istifadə və mülki insanların həyatını itirməsi faktları İsraili haqsız vəziyyətə salır. Digər tərəfdən bu vəziyyət rəsmi Beyrutu da ciddi narahat edir.

ABŞ tərəfi danışıqları “Hizbullah”ın hərəkətlərinə qarşı zəruri cavab” kimi təqdim edib. Bundan başqa ABŞ rəsmisi görüş zamanı “İsrail Livanla deyil, Hizbullahla müharibə vəziyyətindədir, ona görə də iki qonşunun danışmaması üçün heç bir səbəb yoxdur” deyiblər.

Əslində bu fikir doğrudur. İsrail rəsmi olaraq Livanla müharibə etmir. Ümumiyyətlə, Livan dövləti İsrail üçün təhdid deyil. Lakin Livanda “dövlət içində dövlət” quran “Hizbullah” İsrail üçün sözün əsl mənasında başağrısıdır. Lakin son hadisələr bir daha göstərdi ki, Təl-Əviv “Hizbullah”ı tərksilah etməkdə və tamamilə məğlub etməkdə qərarlıdır.

İsrail–Livan danışıqları və Vaşinqtonun vasitəçiliyi “Hizbullah”ı narahat edir. Belə ki, görüşdən öncə “Hizbullah” Livan hökumətini danışıqlardan çıxmağa çağırdı və bu istiqamətdəki səyləri “faydasız” adlandırdı. Təşkilatın lideri Qasım Naim isə danışıqların İsraillə döyüşən silahlı qruplaşmanı silahlarını yerə qoymağa məcbur etmək üçün bir hiylə olduğunu deyib.

Baş tutan danışıqlar müsbət hadisə olsa da, nəticənin əldə edilməsi bir qədər çətindir. Bunun ən önəmli səbəbi İsrail və Livanın məsələyə baxışındakı fərqlərdir. İsrailin Baş naziri Netanyahu görüşdən öncə açıq şəkildə bildirmişdi ki, “Hizbullah”ın silahlarının məhv edilməsini və nəsillər boyu davam edəcək əsl sülh razılaşması” istəyir. Təl-Əviv prosesin tez və sürətli həllini istəyir. Buna nail olmaq üçün isə Təl-Əviv Livanı üç təhlükəsizlik zonasına böləcək mübahisəli bir plan təklif edir:

Birinci zona sərhəddən 0–8 kilometr ərazini əhatə edir. Hizbullah tamamilə dağılana qədər ərazidə İsrailin hərbi mövcudluğu olacaq.

İkinci zona Litani çayına qədər olan ərazidir. İsrail qüvvələri əməliyyatları davam etdirəcək, nəzarəti tədricən Livan ordusuna təhvil verəcək.

Üçüncü zona Litani çayının şimalını nəzərdə tutur. Livan ordusu “Hizbullah”ın tərksilah edilməsinə görə tək məsuliyyəti öz üzərinə götürəcək.

Livan tərəfi isə Vaşinqton danışıqlarına yalnız hərbi fəaliyyətdə fasilə təmin etmək üçün “ilkin görüş” kimi baxır. Livan zəif olduğunu və “Hizbullah”la mübarizədə effektiv olmadığını anlayır. Buna görə də ilk növbədə daxildə güclü birlik təmin etmək üçün vaxta ehtiyac duyur. İsrailin Hizbullahı tərksilah etmək tələbinə gəldikdə, rəsmi Beyrut belə bir prosesin vaxt tələb etdiyini, bir neçə gün ərzində əldə edilə bilməyəcəyini bildirir.

Əslində ötən il Livan hökuməti ABŞ-ın təzyiqi altında “Hizbullah”ı tərksilah etmək planlarını açıqlamışdı. Lakin “Hizbullah” bu qərarı İsrail və ABŞ-a təslim olmaq kimi qiymətləndirmişdi. Hətta bundan sonra hakimiyyətə qarşı etirazlar da başlamışdı. Yəni “Hizbullah”ın təkcə hərbi gücü yoxdur, həm də Livanda ciddi sosial-siyasi təsir gücünə malikdir.

Lakin buna baxmayaraq, danışıqlar baş tutub və istisna deyil ki, davamı da gələcək. Tərəflərin razılıq əldə etməsi üçün “Hizbullah”ın mütləq tərksilahı vacibdir. Rəsmi Beyrut bunu təkbaşına edə bilmirsə, İsraillə, hətta ABŞ ilə birlikdə bunu etməlidir. Əks təqdirdə Livanda sabitlik heç vaxt olmayacaq, İsrailin bu ölkəyə zərbələri daha da şiddətlənəcək. Hətta gələcəkdə Livan ərazilərinin İsrail işğalına məruz qalma təhlükəsi də var.

Turan RZAYEV,
politoloq.

araz.az xəbər portalı.