AQC Palata tərəfindən olan təzyiqlərə aktiv fəaliyyətlə cavab verəcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin növbəti geniştərkibli iclası keçirilib. İclasda təşkilati islahatlar, kadr təyinatları, sektorun hüquqi müdafiəsi və beynəlxalq əməkdaşlıq perspektivləri geniş müzakirə olunaraq strateji qərarlar qəbul edilib.

İdarə Heyətinin qərarı ilə Cəmiyyətin fəaliyyətinin effektivliyini artırmaq və sahəvi əlaqələri gücləndirmək məqsədilə mühüm kadr təyinatları həyata keçirilib. Tanınmış ekspert, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri, Belediyye.info resursunun təsisçisi Vüqar Tofiqlinin AQC-nin bələdiyyələrlə iş üzrə koordinatoru, İqtisad Universitetinin “İqtisadi nəzəriyyə” kafedrasının dosenti, əməkdar müəllim, iqtisad elmləri namizədi Asiman Quliyevin isə Cəmiyyətin Elmi-Metodiki Şurasının üzvü təyin edilməsi yekdilliklə qəbul olunub.

Cəmiyyətin mətbuat xidmətindən Arazpress.com-a daxil olan məlumata görə, AQC sədri Vüqar Oruc qeyd edib ki, bu təyinatlar bələdiyyə, cəmiyyət və dövlət qurumları arasında “körpü” rolunu oynayacaq və sahənin elmi əsaslarla inkişafına töhfə verəcək.

Qiymətləndirmə fəaliyyətinin tənzimlənməsi, söküntü işləri ilə bağlı problemlərin araşdırılması, vətəndaşlar və şirkətlər arasında körpü funksiyasını yerinə yetirmək üçün 5 nəfərdən ibarət yeni komissiyanın tərkibi təsdiq olunub. AQC İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc sədr, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev sədr müavini, iqtisadçı ekspertlər Asif İbrahimov, Firdovsi Xəlilov və tikinti eksperti Əşrəf Şıxəliyev komissiyanın üzvləri təyin olunub.

İclasda Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) müstəqil şirkətlərə qarşı göstərdiyi inzibati təzyiqlər – xüsusilə AQC üzvü olan qiymətləndirmə şirkətlərinin “ya biz, ya AQC” seçimi qarşısında qoyması kəskin pislənilib. Bildirilib ki, bu yanaşma azad rəqabət prinsiplərinə və Azərbaycan dövləti tərəfindən təşfiq olunan qeyri-hökumət sektorunun və assosiasiyaların inkişafı siyasətinə tamamilə ziddir.

Eyni zamanda bir sıra dövlət qurumları tərəfindən “QR kod” və iş bölgüsü ilə bağlı ləğv olunan qərarların sabotaj edildiyi, bunun qiymətləndiricilərdən gizlədildiyi vurğulanıb. AQC-nin bu hallara qarşı hüquqi mübarizəni daha sərt formada genişləndirəcəyi bəyan olunub.

Həmçinin AQC tərkibində Palatanın problem yaratdığı qiymətləndiricilərin hüquqlarının müdafiəsi məqsədilə xüsusi şöbənin yaradılması qərara alınıb. İdarə Heyətinin üzvləri bu qərarı yekdilliklə dəstəklədi. Şöbə qiymətləndiricilərə Palata tərəfindən qiymətləndirmə hesabatlarında yaradılan “süni əngəllərin” qarşısının alınması ilə məşğul olacaq.

Mərkəzi Bankın təşəbbüsü ilə Milli Qiymətləndirmə standartlarını hazırlayan Texniki Komitəyə cəlb olunan Azərbaycan Banklar Assosiasiyasının (ABA) təklifləri müzakirə olunub.

Cəmiyyətin gələcək planları çərçivəsində Qırğızıstan Respublikasında keçiriləcək beynəlxalq forumda iştirak məsələsi təsdiqlənib. Həmçinin peşəkar kadr hazırlığı üçün “Master Class”, seminar və forumların təşkili, AQC-nin rəsmi YouTube kanalının aktuallaşdırılması qərara alınıb.

Sonda qiymətləndirmə sektorunun inkişaf strategiyası ətrafında fikir mübadiləsi aparılıb.

araz.az xəbər portalı.