Yanğısı hələ sönməyən düşmən işğalının dəhşət doğuran od-alovu Qarabağımızdakı çox yerlərin tüstüsünü ərşə dayadı, altını üstünə çevirdi. Ağdamın Güllücə kəndi kimi. 44 günlük Vətən Müharibəsindəki tarixi Zəfər Güllücə ağrımıza da dərman oldu. Bundan sonra 30 il işğal altında inləyən, erməni vəhşiləri tərəfindən tamamilə dağıdılıb, yerlə-yeksan edilən bu kəndin yenidən qurulması və bərpası da əsas hədəflərdən birinə çevrildi. Və möhtərəm Prezident İlham Əliyev cənabları Güllücə kəndinin təməlini qoydu.

Azad edilmiş bu yerlərdə də geniş miqyas alan bərpa-quruculuq işləri məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasına hədəflənib. İndi Böyük Qayıdış Proqramına uyğun şəkildə sürət götürən genişmiqyaslı bərpa-quruculuq işləri Güllücə köçkünlərinin qısa zamanda dədə-baba yurdlarına qayıdışının təmin edilməsinə köklənib və hər kəsi qürurlandırır. Tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin mütəmadi olaraq Qarabağa və Şərqi Zəngəzura səfərləri çərçivəsində Güllücəyə qayıdacaq soydaşlarımızla gözlənilən görüşü də qürurverici məqamlardan biri kimi tarixə düşəcək, dirçələn bu torpaqlarda yeni həyat başlayacaq.

Dövlət layihəsinə uyğun olaraq, ərazisi 388,44 hektar müəyyən edilən Güllücədə 3992 nəfərin məskunlaşdırılması nəzərdə tutulur. Güllücə və İlxıçılar kəndlərinin ərazisindən ibarət olacaq bu kənddə 1042 fərdi ev inşa ediləcək. Birinci mərhələdə layihələndirilən ərazi 225 hektar olacaq və buraya 113 ailənin köçürülməsi planlaşdırılıb. Kənddə birinci mərhələdə 113 ev inşa olunacaq. Bundan başqa, 480 şagird yerlik məktəb binasının, 120 yerlik uşaq bağçasının, tibb məntəqəsinin, klub-icma, ticarət, bazar və idman-sağlamlıq mərkəzlərinin, inzibati və çoxfunksiyalı binaların (poçt, bank filialı, ofis), mal-qara fermasının, yanğınsöndürmə deposunun, Bayraq və kənd meydanlarının və çörək sexinin inşası nəzərdə tutulub. Burada, həmçinin, kənd təsərrüfatı texnikası və maşınlarının təmir müəssisəsi, süd qəbulu, süd məhsulları və quru meyvə istehsalı, ət kəsimi və qablaşdırılması sahələri, qarışıq yem istehsalı, barama tədarükü və qurdayırma məntəqələri, mineral gübrələr və kimyəvi maddələr anbarı, muzey, mehmanxana, xalça, işçi geyimlərinin və taxta taraların istehsalı sahələri, suvenir və dulusçuluq istehsalı emalatxanası, bal qablaşdırılması sahəsi, üzüm emalı zavodu, şirniyyat sexi, taxıl anbarı, suvarmada istifadə olunan elektrik mühərriklərinin və avadanlıqlarının təmiri sahəsi, yanacaqdoldurma məntəqəsi də yaradılacaq.

Məktəb demişkən, layihə çərçivəsində indi yeni təhsil ocağına aid görülən işlər Güllücə sakinləri üçün ən qürurvericidir. Arazpress.com-un ötən yazısında qeyd etdiyimiz kimi, çünki bu kənddən olan soydaşlarımızdan elmə, təhsilə və müəllimə bambaşqa bir sevgi görmüşük. Məhz buna görədir ki, Güllücə kənd məktəbi bütün tarixi dövrlər ərzində doğma Vətənimizə və böyük xalqımıza öz dəyərli yetirmələrini bəxş edib. Bu günlərdə şəhid Kazım Əsgər oğlu Məmmədov adına Güllücə kənd tam orta məktəbinin 100 illik yubileyi ilə bağlı keçirilən maraqlı tədbir də bunun elə-belə deyilən söz olmadığını real fakt kimi bir daha ortaya qoydu.

Tədbirdə çıxış edənlər ömür yolunun çox da uzun olmadığını, su kimi axıb getdiyini xüsusi vurğuladılar. Qeyd etdilər ki, maraqlı kino-filmə və romana bənzəyən bu yolda gördüklərimiz gözlənilmədən sona çatır. Qalan təkcə əbədiyyətə dönən və xüsusi əhəmiyyət daşıyan xoş xatirələrdir. Müdrik kitab kimi məşhurlaşıb tarixə düşən “Qabusnamə”də müəllif Keykavus da oğluna nəsihət edir: ,,Ey oğul, unutma ki, hər bir İnsan ömür boyu 3 varlığa borcludur — Allahına, valideynlərinə və müəllimlərinə. Çalış hər zaman onları unutmayasan. Elə yaşayasan ki, sağlığında el hörməti, yoxluğunda el rəhməti qazana biləsən”.

Yubileyə dəvət olunan və məktəbi müxtəlif illərdə bitirən fəxri məzunlar — UNEÇ rektoru, iqtisad elmləri doktoru Ədalət Muradov, iqtisad elmləri namizədləri Nüşrəvan Əliyev və Mirağa Əhmədov, Avropa Məhkəməsinin hakimi, hüquq elmləri doktoru Lətif Hüseynov, professor Əyyub Əyyubov, fəlsəfə elmləri namizədi Xanım Məmmədova, Qızıl Qələm, Həsən Bəy Zərdabi və digər mükafatlar laueratı, 7 kitab müəllifi, şair-publisist Mədət Əyyuboğlu, tanınmış jurnalist Elçin Mehrəliyev, professor Şirxan Səlimov. UNEC Zaqatala filialının dosenti Həqiqət Qədimova, Əməkdar incəsənət və mədəniyyət xadimi Müşfiq Hətəmov, Əməkdar artist Elnur Zeynalov, tədbirin aparıcısı, məktəbin sabiq direktoru Vaqif Məmmədov, şairə Azadə Vəkilqızı, muğam ifaçısı Mehman Qasımov deyilənləri mənəvi borc olaraq, böyük ruh yüksəkliyi ilə iştirakçıların diqqətinə çatdırdılar. Və məktəblə, müəllimlərlə bağlı 64 illik xatirələr çözələndi.

Yubileyin sonunda Azərbaycan Prezidenti, Qarabağın fatehi İlham Əliyev cənablarına təşəkkür çatdırıldı. Yeni Güllücə kənd orta məktəbində Böyük Qayıdışdan sonra belə tədbirlərin böyük coşqu ilə davamlı olması arzulandı.

Fərhad MƏMMƏDOV,
Səməndər QURBANOV.

araz.az xəbər portalı.