
—————————————- Vüqar DADAŞOV
Son vaxtlar Azərbaycan futbolunda hakim qərarları ilə bağlı yaranmış narazılıqlar artıq tək-tək epizodlarda deyil, sistemli xarakter daşıyır. Bəzi oyunlarda verilən qərarların oyunun nəticəsinə birbaşa təsir etməsi təsadüfi yox, məqsədyönlü olması ilə bağlı əsaslı şübhələr yaradır.
Demək, məsələnin təkcə idman etikası çərçivəsində deyil, həm də milli və beynəlxalq hüquq, idman təşkilatlarının qaydalarına uyğun qiymətləndirilməsinə ehtiyac var.
1. Milli hüquq baxımından məsuliyyət:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bu kimi halları birbaşa və dolayı şəkildə tənzimləyən bir-neçə norma mövcuddur.
Maddə 192-1 — İdman yarışlarının nəticələrinin manipulyasiyası
Bu maddəyə əsasən idman yarışlarının nəticəsinə qəsdən təsir göstərilməsi, əvvəlcədən razılaşdırılmış oyunlar, maddi və ya digər maraqlar müqabilində qərarların dəyişdirilməsi birbaşa cinayət məsuliyyəti yaradır.
Əgər hakim qərarları sübut olunmuş şəkildə qərəzli və əvvəlcədən razılaşdırılmış planın tərkib hissəsi kimi çıxış edərsə, bu artıq intizam pozuntusu deyil, cinayət əməli kimi qiymətləndirilə bilər.
Maddə 308 – Vəzifə səlahiyyətlərindən sui-istifadə
Hakimlər və Hakimlər Komitəsinin üzvləri müəyyən mənada ictimai funksiyanı yerinə yetirirlər.
Əgər:
— səlahiyyətlərdən qəsdən sui-istifadə olunursa,
nəticəyə təsir etmək məqsədi güdülürsə, bu halda cinayət məsuliyyəti yarana bilər.
— Ən ağır hallarda isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311 və 312-ci maddələrinə uyğun rüşvət alma və vermə kimi cinayət əməli hesab oluna bilər:
— hakimlərə maddi və ya digər formada təsir göstərilməsi, nəticənin əvvəlcədən müəyyənləşdirilməsi korrupsiya cinayəti kimi qiymətləndirilir.
Əsas məsələ isə intizam məsuliyyəti ilə cinayət məsuliyyəti arasındakı fərqin müəyyən edilməsidir.
— Səhv qərar — intizam məsuliyyətinə (cərimə, oyunlardan uzaqlaşdırma);
— Qəsd və sistemlilik — cinayət məsuliyyətinə əsas olur.



Əgər hakim səhvləri mütəmadi xarakter daşıyırsa, eyni istiqamətdə nəticəyə təsir edirsə, və müəyyən klubun xeyrinə sistemli şəkildə təkrarlanırsa, bu artıq “səhv” yox, manipulyasiya ehtimalı kimi araşdırılmalıdır.
2. Beynəlxalq hüquq və idman təşkilatlarının mövqeyi:
— FIFA -nın etik kodeksinə görə, oyun nəticələrinin manipulyasiyası ağır pozuntu hesab olunur və ömürlük futboldan uzaqlaşdırma və hüquqi məsuliyyət tədbirləri nəzərdə tutulur.
UEFA qaydalarına əsasən, “match-fixing” ən ağır intizam pozuntularından biridir və federasiyalar bu halları hüquq-mühafizə orqanlarına ötürməyə borcludur.
3. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının — AFFA-nın hüquqi öhdəlikləri
Əgər hakimlər komitəsinin sədri tərəfindən səhvlərin sistemli olduğu etiraf olunursa, hakimlər cəzalandırılırsa, bu, artıq ilkin faktların mövcudluğunu göstərir. Belə halda AFFA daxili araşdırma aparmalı, şübhəli halları sənədləşdirməli, materialları hüquq-mühafizə orqanlarına təqdim etməlidir.
Bu, həm milli qanunvericiliyin, həm də FIFA/UEFA tələblərinin birbaşa tələbidir.
Bəzi hallarda AFFA-nın, Hakimlər Komitəsinin sədri futboldakı səhvlərə haqq qazandırmaq cəhdləri də məhz problemləri, yaxud qanunsuz əməlləri gizlətmək cəhdləridir.
Təkcə aprelin 22-də Azərbaycan kuboku uğrunda gedən “Sabah” – “Qarabağ” oyununda baş verənlər buna əyani sübutdur. AFFA-nın və digər aidiyyatı qurumların susqunluğu isə vəziyyəti daha da ağırlaşdırır və bu, artıq institusional məsuliyyət məsələsi yaradır. Qalır ki, AFFA milli, beynəlxalq hüququn tələblərinə, FIFA və UEFA qaydalarına görə hərəkətə keçsin, təkcə intizam və inzibati tənbehlə kifayətlənməsin…
araz.az xəbər portalı.