
İctimai Televiziyada rəhbərlik dəyişikliyi ərəfəsində ən çox müzakirə olunan məsələlərdən biri də Balakişi Qasımovun arxasında qoyduğu idarəetmə böhranıdır. Uzun müddətdir ki, kanal daxilində formalaşan narazılıqlar artıq təkcə əməkdaşların deyil, media ictimaiyyətinin də diqqət mərkəzinə çevrilib. Bir vaxtlar peşəkarlığı və ictimai missiyası ilə seçilən İTV-nin bu gün daxili idarəetmə baxımından ciddi problemlərlə üz-üzə qalıb.
Ən ciddi iradlardan biri ondan ibarətdir ki, Baş direktor Balakişi Qasımov İTV-ni ictimai yayım prinsipləri ilə deyil, şəxsi prodakşn yanaşması ilə idarə edib. Dövlət və cəmiyyət qarşısında məsuliyyət daşıyan bir televiziya qurumu sanki dar çevrənin maraqlarına xidmət edən bir struktur halına gətirilib. Qərarların şəffaflıqdan uzaq verilməsi, peşəkar idarəetmə mexanizmlərinin sıradan çıxması və səlahiyyət bölgüsünün formal xarakter alması bunu açıq şəkildə göstərir.
Arazpress.com bildirir ki, Tendensiya.com-a daxil olan məlumatlara görə, şirkət daxilində əsas maliyyə məsələləri birbaşa Baş direktorun yaradıcı məsələlər üzrə köməkçisi Yalçın Verdiyev tərəfindən idarə olunur. Halbuki belə strateji və maliyyə xarakterli qərarların institusional mexanizmlərlə, müvafiq departamentlər və rəhbər şəxslər vasitəsilə həyata keçirilməsi vacibdir. Bu isə onu göstərir ki, İTV-də rəsmi strukturdan daha çox şəxsi etimad prinsipi ilə formalaşan idarəetmə modeli üstünlük təşkil edib.
Balakişi Qasımovun dövründə kənar prodakşnlara sifariş verilən film və verilişlərlə bağlı da ciddi narazılıqlar mövcuddur. Kanal daxilində iddia olunur ki, bu layihələrin əksəriyyətində maliyyə şişirtmələri baş verib, real bazar qiymətləri ilə müqayisədə xərclər süni şəkildə artırılıb. Bu isə həm dövlət vəsaitinin səmərəsiz istifadəsi, həm də ictimai etimadın zədələnməsi deməkdir. İctimai televiziya şəxsi maraqların deyil, ictimai maraqların qorunduğu platforma olmalıdır.
Son aylar daha çox müzakirə olunan məsələlərdən biri isə Baş direktorun texniki məsələlər üzrə köməkçisi, yaxın qohumu olduğu deyilən Vüqar Dadaşovla bağlıdır. Şirkət daxilində onun 1 milyon 500 min manat vəsaitin mənimsənilməsi iddiası geniş müzakirə olunub. İddialara görə, həmin şəxs bu vəsaiti mənimsədikdən sonra ölkəni tərk edib. Ən ciddi sual isə budur: niyə İTV rəhbərliyi bu qədər böyük rezonans doğuran məsələ ilə bağlı ictimaiyyətə heç bir rəsmi açıqlama verməyib? Susqunluq bəzən ittihamdan daha ağır görünür.
Digər diqqətçəkən problem isə baş direktor müavinlərinin faktiki olaraq səlahiyyətsiz vəziyyətə salınmasıdır. Rəsmi vəzifə daşıyan müavinlərin funksiyalarını baş direktorun köməkçilərinin icra etməsi idarəetmədə xaos və qeyri-peşəkarlıq yaradır. Belə yanaşma həm institusional idarəetməni zəiflədir, həm də məsuliyyət bölgüsünü qeyri-müəyyən edir.
Balakişi Qasımovun rəhbərliyə gəlişindən sonra televiziyada illərlə formalaşmış peşəkar kadr potensialının böyük hissəsinin müxtəlif bəhanələrlə uzaqlaşdırılması da ciddi narazılıq doğurub. Televiziyanı tanıyan, efirin məsuliyyətini bilən, illərlə bu sahədə çalışan mütəxəssislər sistemdən kənarlaşdırılıb, onların yerinə isə televiziya idarəçiliyindən uzaq şəxslər yüksək vəzifələrə gətirilib. Bu isə istər efir keyfiyyətində, istər idarəetmədə, istərsə də kollektiv ruhunda ciddi geriləməyə səbəb olub.
Ən çox narazılıq yaradan məsələlərdən biri də maaş və qonorar siyasətindəki açıq fərqlərdir. Baş direktora yaxın olan şəxslərin yüksək maaş və böyük qonorarlarla təmin edildiyi, köhnə və peşəkar əməkdaşların isə bu artımlardan kənarda saxlanıldığı bildirilir. Bu isə kollektiv daxilində narazılığı daha da artırıb, motivasiyanı zəiflədib və ədalət prinsipini tamamilə sarsıdıb.
Bu gün İTV qarşısında duran əsas vəzifə sadəcə rəhbər dəyişikliyi deyil, köklü institusional islahatdır. Yeni rəhbərlik Balakişi Qasımovdan miras qalan bu ağır problemləri həll etməli, şəffaflıq, peşəkarlıq və hesabatlılıq prinsiplərini bərpa etməlidir. İctimai Televiziya şəxsi idarəetmə modeli ilə deyil, ictimai etimad və dövlət məsuliyyəti ilə idarə olunmalıdır.
Orxan MƏMMƏDƏLİ
araz.az xəbər portalı.