
Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin Vaşinqtonda keçirilən şam yeməyində baş verən insident diqqət çəkir. Atışma səsləri eşidildikdən sonra Prezident Donald Tramp, birinci xanım Melaniya Tramp, vitse-prezident Ceyms Devid Vens və Ağ Evin mətbuat katibi dərhal təxliyə edilib.
Hələlik yalnız hücum edən şəxsin 31 yaşlı Koul Allen olduğu müəyyən edilib. Onun tək hərəkət etdiyi bildirilir. Bununla belə, hadisənin pərdəarxasında İranın olduğu ilə bağlı şübhələr mövcuddur.
Ümumiyyətlə, hazırda ciddi bir informasiya boşluğu var və hadisənin təfərrüatları araşdırılır. İranla bağlı detal diqqət çəkir, lakin bunu birbaşa İranın təşkil etməsi kimi qiymətləndirmək doğru deyil. Tehran müxtəlif vaxtlarda Trampı və ya ABŞ-ni hədələmiş ola bilər. Bu, müharibə gedişində informasiya müharibəsinin tərkib hissəsi ola bilir. Yəni tərəflər bir-birinə qarşı maksimum təzyiq yaratmaq üçün sərt ritorikadan istifadə edirlər, lakin bu, avtomatik olaraq konkret planlaşdırılmış “müharibənin ABŞ ərazisinə keçirilməsi” kimi real əməli addım demək deyil.

ABŞ–İran gərginliyi davam edir, lakin danışıqlar variantı da aktualdır. Tərəflərin gec-tez danışıqlar masasına əyləşəcəyi ehtimal olunur. Vaşinqton bunu daha çox istəyir. Belə bir dövrdə Tehranın atacağı belə bir addım ona heç bir divident qazandırmır.
Lakin belə hadisələr öz-özünə də baş vermir. Pərdəarxasında kimlərsə olur. Bu isə indiki məqamda müharibədə maraqlı olan bir qüvvənin mövcudluğunu ehtimal etdirir.
Burada ABŞ-ni İran bataqlığına çəkib resurslarını tükədən müharibəyə sövq etmək istəyən Çin və Rusiya, yaxud İranla qarşıdurmanın davam etməsini istəyən İsrail kimi ölkələr diqqət çəkir. Lakin yenə də hadisənin bu ölkələr tərəfindən təşkil edildiyini birmənalı şəkildə demək doğru deyil.

Turan RZAYEV,
politoloq.
araz.az xəbər portalı.