
Arazpress.com-un məlumatına görə, Tural İrfan Sfera.az-a açıqlamasında bildirib ki, İran ümumiyyətlə zənginləşdirdiyi uranı təhvil vermək niyyətində deyil.
Onun sözlərinə görə, əgər İranda son, kritik məqamda belə qənaətə gəlmiş olsalar bunu gizli yolla etməyə çalışacaqlar və Çin, Rusiya burada rol oynaya bilər:
“Ancaq hesab edirəm ki, İran hələ uranı hansısa ölkəyə təhvil vermək dərəcəsində sıxışdırılmayıb. Əksinə müharibəyə davam etməkdə israrlı və ABŞ-dən təzminat tələb etməkdə təkidli görünür. İranın antiislam və antimüsəlman mahiyyəti imkan verməz ki, nüvəni Pakistana yaxud digər müsəlman ölkəsinə ötürsün. Məğlub olduğu son anda İran rejimi İslam dininə etiqad edən ölkələrə mümkün qədər daha çox ziyan vurmağa çalışacaq. Bununla da rejim üzvlərinin təqib olunmamasına nail olmağa çalışacaq. Çünki İran üçün Qərbdən, xüsusən İsrail və ABŞ-dən müəyyən qədər də olsa imtiyaz qazanmağın yolu ancaq bu ölkələrə qarşı addım atmaqdadır”.

Politoloq vurğulayıb ki, İran rejimi qurulduğu andan son zamana qədər müsəlman dünyası əleyhinə, Qərbin xeyrinə bütün planlarda iştirak edib:
“Yeganə olaraq Suriyada Əsəd rejimini son anda tərk etməyə məcbur qalmasını İrana bağışlamadılar. İraqda, Əfqanıstanda və Suriya müharibəsinin ilk illərində tamamilə ABŞ, Rusiya tərəfdarı kimi çıxış edən İran son anda Türkiyəyə uduzdu. Artıq Yaxın Şərqdə İranın İsrailə verəsi böyük töhfəsi qalmadı. Əgər verə bilsə belə onu əvəzləyən digər qruplar var. Buna görə də artıq istifadə edilmiş rejimin ya dəyişməsi ya da devrilməsi qərara alındı. Təbii ki, İran İsrail və ABŞ üçün yeni, ağılabatan antimüsəlman planı hazırlayıb təqdim edərsə və bu planı özü reallaşdırmağa söz verərsə onu dərhal azad buraxacaqlar. Çünki ABŞ və İsrailin maraqlarını hansı rejim təmin edərsə onu da saxlayacaqlar.
Əgər İran uranı Rusiyaya ötürərsə iki hal baş verə bilər. Ya Rusiyaya qarşı Qərbin təzyiqi artacaq. Yaxud da Rusiya bu proseslərdə İranın vəkili rolunda ciddi mövqeyə sahib olacaq. Lakin İran manevr edib nüvəni son anda Pakistan əleyhinə istifadə etməsi üçün gizli yollarla əsl dostu Hindistana da verə bilər. Bu, hələ dəqiq məlum deyil”.
araz.az xəbər portalı.