
Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılmasından 27 il ötür. XTQ Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelin 30-da qurulub və Ordumuzun əsas onurğa sütununu təşkil edib. Azərbaycan Ordusunun tərkibində Xüsusi Təyinatlı Qüvvələrin yaradılması Ulu Öndərimizin böyük uzaqgörənliyi idi. XTQ-in yaradılmasında əsas məqsəd ordunun peşəkarlığını və döyüş qabiliyyətini artırmaq idi.
Xüsusi Təyinatlı Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsinin iştirakçıları olan zabit və gizirlər fəal iştirak ediblər. Burada Türkiyə Silahlı Qüvvələri və onun Xüsusi Təyinatlı Qüvvələri ilə sıx əməkdaşlığın mühüm rolunu da ayrıca qeyd etmək lazımdır.
Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqəti sayəsində XTQ daha da möhkəmləndi və regionun ən güclü silahlı bölməsinə çevrildi. Xüsusi Təyinatlı Qüvvələri fərqləndirən əsas məqamlardan biri ondan ibarətdir ki, onlar nəyə qadir olduqlarını bilavasitə döyüş meydanlarında nümayiş etdiriblər. Xüsusi Təyinatlı Qüvvələrin bölmələri 2016-cı ilin aprelində baş vermiş döyüşlərdə iştirak ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib.
İkinci Qarabağ Müharibəsi zamanı da XTQ şəxsi heyəti xüsusi qəhrəmanlıq göstərib. Bu müharibə Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrinin aktiv şəkildə istifadə edildiyi savaş sayılır. Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətindən İkinci Qarabağ Müharibəsində iştirak etmiş 36 nəfər Vətən Müharibəsi Qəhrəmanı medalı ilə, 2 nəfər “Zəfər” ordeni ilə, 57 nəfər “Qarabağ” ordeni ilə təltif edilib.
Bu əziz və əlamətdar gündə bütün XTQ heyətinin üzvlərini, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətini səmimi qəlbdən təbrik edir, daim Qələb ruhu və əzmkar döyüş şücaəti arzulayıram.

Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor.
araz.az xəbər portalı.