
İtaliya ilə Azərbaycan çox yaxın dost və tərəfdaş ölkələrdir. Tərəfdaşlığımızın təməlində birgə maraqlar, beynəlxalq məsələlərə ortaq münasibət dayanır.
Avropanın ən qədim və zəngin sivilzasiya və mədəniyyət mərkəzlərindən biri olan, öz dövlətçilik irsi ilə dünya siyasətinə öz demokratik ənənələrini təqdim edən İtaliya Respublikası ilə Azərbaycan arasında münasibətlərin tarixi keçmiş dövrlərə təsadüf edir. Hələ orta əsrlərdə Səfəvilər, Ağqoyunlular dövlətləri ilə qurulmuş sıx əlaqələr tarixi diplomatikyanın zənginliyindən xəbər verir.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə yaxşı əlaqələr quran rəsmi Roma müstəqil respublikamıza maraq göstrəmiş, Bakıda İtaliyanın diplomatik təmsilçiliyinin fəaliyyətə başlaması ilə iqtisadi-siyasi münasibətlərin əsası qoyulmuşdur. Paris Sülh konfransında Azərbaycan üzərində mandat da məhz İtaliyaya verilmişdir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra İtaliya Respublikası ilə ölkəmiz arasında rəsmi əlaqələr qurulmuş, Ümummilli Lider Heydər Əliyevin 1997-ci il sentyabrın 24-27 tarixlərində İtaliyaya rəsmi səfəri müstəqil Azərbaycan Respublikası Prezidentinin ilk rəsmi olmaqla çox mühüm siyasi məna kəsb etmişdir.

İtaliya-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət kursunun əsas prioritetlərindən biri olmuşdur. Azərbaycanın dövlət başçısının çoxsaylı səfərləri, xüsusilə də 2014-cü və 2020-ci ildəki səfərləri zamanı imzalanmış iki Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığın istiqamətlərinə güclü zəmin yaratmışdır.
Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həll edilməsi rəsmi Romanın xarici siyasət kursunda həmişə ön planda olmuşdur.
İtaliya şirkətləri hazırda Qarabağ və Şərqi-Zəngəzurda müxtəlif investisiya layihələri həyata keçirməkdədir.
Azərbaycanın Birinci Vitse-prezidenti, İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu fəal “mədəniyyət diplomatiyası” yürüdərək zəngin İtaliya mədəni intibahına öz dərin töhfələrini vermişdir. Fond tərəfindən İtaliyada tarixi mədəni irs bərpa edilmişdir.
Mayın 4-də ölkəmizdə səfərdə olan İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni ilə Prezident İlham Əliyev arasımda keçirilən görüşlər Azərbaycan-İtaliya münasibətlərinin inkişafını əks etdirən mühüm hadisə olmaqla yanaşı, strateji tərəfdaşlığı daha yüksək səviyyəyə qaldırmaq üçün tarixi fürsət hesab edilə bilər. Bu səfər Azərbaycan-İtaliya münasibətlərinin daha da yüksəlməsində misilsiz rol oynayacaq.

Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor.
araz.az xəbər portalı.