
Azərbaycanın mərhum Prezidenti Əbülfəz Elçibəyin sovet dövründəki fəaliyyəti ilə bağlı indiyədək müxtəlif faktlar açıqlanıb. Belə ki, onun universitetdə müəllim işlədiyi dövrdə auditoriyalarda tələbələr qarşısında, eləcə də müxtəlif məkanlarda antisovet təbliğatı apardığı barədə uzun illərdir danışılır. Əbülfəz Elçibəy özü də sağlığında bu məsələlərlə bağlı müəyyən açıqlamalar verib. Hətta 1991-1992-ci illərdə Ədalət Tahirzadənin hazırladığı “Bu mənim telimdir” kitabında da Elçibəyin həyatı və həmin dövrdəki fəaliyyəti barədə geniş məlumat yer alıb.
Ümummilli Lider, mərhum Prezident Heydər Əliyev də təxminən 30 il əvvəl çıxışlarının birində Əbülfəz Elçibəyin o zamankı fəaliyyəti ilə bağlı diqqətçəkən məqamlara toxunub. Heydər Əliyev bildirib ki, sovet vaxtı Elçibəyin həbsi məsələsi gündəmə gələndə o, buna mane olub və göstəriş verib ki, Əbülfəz Əliyev həbs olunmasın. Həmçinin qeyd edib ki, Elçibəy haqqında məlumatları, donosları onun işlədiyi Bakı Dövlət Universitetində və Elmlər Akademiyasındakı bəzi dostları təqdim edib, yəni onu yaxın çevrəsindən olan şəxslər satıb.
Bu məsələ illərdir mətbuatda və ictimai müzakirələrdə zaman-zaman yenidən gündəmə gətirilir. Mərhum deputat Fəzail Ağamalı da müxtəlif vaxtlarda öz açıqlamalarında həmin dövrlə bağlı müəyyən məqamlara toxunub. Arazpress.com bildirir ki, bu baxımdan onun Globalinfo.az-a 12.05.2025 tarixli müsahibəsində Elçibəylə bağlı səsləndirdiyi fikirlər də diqqət çəkir.
Sitat:
“Elçibəylə bağlı hadisələrin birbaşa şahidi olmuşam. Onun istintaqı və məhkəməsi ilə bağlı Heydər Əliyevin verdiyi tapşırıqlarla əlaqədar olaraq dövlət ittihamçısından dəqiq məlumatlar aldım. Elçibəyə 10 il həbs cəzası veriləcəyi gözlənilirdi. Hətta mənim də həbs olunacağımı, onun sürgün ediləcəyini söyləmişdilər. Lakin nəticədə Elçibəyə cəmi 1 il 6 ay iş verildi. Tələbələri və yaxın ətrafı isə sərbəst buraxıldı. Elçibəy Qaradağdakı həbsxanada cəza müddətini başa vurduqdan sonra azadlığa çıxdı. Beləliklə, Heydər Əliyev o zaman həm Elçibəyi, həm də onlarla gəncin həyatını xilas etmişdi”.
İndiyə kimi heç kim Əbülfəz Elçibəyi kimin satdığına dair açıq etiraf etməyib. Amma ictimaiyyət üçün hələ də maraq doğuran əsas suallardan biri həmin dövrdə Elçibəyin yaxın ətrafında olan şəxslərdən kimlərin KQB-yə məlumat ötürməsi məsələsidir. Yəqin ki, arxivlərdə bəzi şəxslərin yaddaşında bu faktlar hələ də qalır… /Ləman İMRAN, Globalinfo.az/
araz.az xəbər portalı.