Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin ətrafında yayılan məlumatlar son günlər ictimaiyyətin diqqət mərkəzinə çevrilib. Sosial şəbəkələrdə və müxtəlif informasiya platformalarında yayılan səs yazıları və iddialar məktəbdə şagirdlərin davamiyyəti ilə bağlı qeyri-rəsmi maliyyə mexanizminin mövcud ola biləcəyi barədə ciddi şübhələr formalaşdırıb. İddialarda məktəbin direktoru Gülnaz Kərimova və tarix müəllimi, eyni zamanda 10 “Ç” sinfinin rəhbəri Təranə Alxanovanın adları hallandırılır.

Arazpress.com bildirir ki, bəzi şagirdlərin dərsdən yayınmasına müəyyən məbləğ qarşılığında şərait yaradıldığı iddia olunur. Sosial mediada dövriyyəyə buraxılan məlumatlarda qeyd edilir ki, dərsdə iştirak etməmək halları müəyyən “tarif” əsasında tənzimlənib. İddialara əsasən, iki dəfə dərsdən qalmaq üçün 50 manat, üç dəfə üçün 100 manat, dörd dəfə üçün isə 200 manat tələb edilir. Bildirilir ki, bu proses aylıq formada həyata keçirilir və müəyyən şagird qruplarını əhatə edir.

Məsələ ilə bağlı yayılan səs yazısının isə məktəbdaxili münasibətlər və idarəçilik prinsipləri ilə bağlı ciddi suallar yaratdığı qeyd olunur. Həmin səs yazısında müəllimin səsləndirdiyi fikirlərin məktəb rəhbərliyinin məlumatı və razılığı çərçivəsində baş verdiyi təəssüratı yaratdığı iddia edilir. Sosial mediada yayılan məlumatlarda hətta bəzi siniflərdə ondan artıq şagirdin “aylığa çıxarıldığı” irəli sürülür.

İddiaların ən diqqət çəkən tərəflərindən biri məktəb rəhbərliyinin adı ətrafında formalaşan ittihamlardır. Belə ki, yayılan məlumatlarda direktor Gülnaz Kərimovanın məktəbdə bu cür mühitin yaranmasına şərait yaratdığı, bəzi hallarda isə müxtəlif əlaqələrinə arxalandığı barədə fikirlər yer alır. Bununla yanaşı, Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərliyinin də adının dolayı şəkildə hallandırılması ictimai müzakirələrin miqyasını daha da genişləndirib.

Mütəxəssislərin fikrincə, əgər səsləndirilən iddialar hüquqi müstəvidə təsdiqlənərsə, bu hal təkcə etik və intizam pozuntusu deyil, eyni zamanda cinayət məsuliyyəti yaradan əməl kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsində vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, vəzifə borclarını yerinə yetirməmə kimi əməllər hüquqi məsuliyyət yaradan hallar sırasında göstərilir.

Təhsil ekspertləri hesab edir ki, məktəblərdə davamiyyət məsələsinin maddi maraqlara çevrilməsi şagirdlərin təhsil hüququna və ümumi tədris mühitinə ciddi zərbə vurur. Onların fikrincə, belə hallar şagirdlər arasında məsuliyyətsizlik yaradır, müəllim nüfuzunu sarsıdır və təhsil sisteminə olan ictimai etimadı zəiflədir.

Valideynlər arasında da narahatlıq getdikcə artır. Sosial platformalarda yayılan rəylərdə bir çox valideyn təhsil müəssisələrində qeyri-rəsmi ödənişlər və nəzarətsizlik halları ilə bağlı ciddi narazılıq ifadə edir. Cəmiyyətdə formalaşan ümumi fikir ondan ibarətdir ki, əgər məktəblərdə davamiyyət belə üsullarla “idarə olunursa”, bu, gələcək nəslin təlim-tərbiyəsinə birbaşa mənfi təsir göstərir.

Bununla yanaşı, hüquqi baxımdan vacib məqamlardan biri də odur ki, səsləndirilən bütün ittihamlar hazırda rəsmi istintaq və məhkəmə qərarı ilə təsdiq olunmayıb. Hazırkı mərhələdə yayılan məlumatlar əsasən sosial media paylaşımları və səs yazıları üzərində qurulub. Buna görə də məsələnin obyektiv araşdırılması, səsyazılarının ekspertizadan keçirilməsi və aidiyyəti qurumların rəsmi mövqeyinin açıqlanması mühüm əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı ictimai gözlənti isə aydındır: Təhsil müəssisələrində şəffaflığın təmin olunması, qanun pozuntusu iddialarının ciddi araşdırılması və məktəblərdə sağlam idarəetmə mühitinin formalaşdırılması. Xırdalan şəhər 2 nömrəli məktəblə bağlı yayılan məlumatlar isə bir daha göstərir ki, təhsil sahəsində nəzarət və ictimai hesabatlılıq məsələləri hələ də aktual olaraq qalır.

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq. /Gundemxeber.com/

Qeyd: Məqalə yekunlaşdırıldıqdan sonra mənbə redaksiyamıza Xırdalan 2 nömrəli orta məktəbin direktoru Gülnaz Kərimovanın son zənglə əlaqədar 19 sinif rəhbərindən təxminən 400 manat yığılmasını əmr etdiyini bildirdi. Qeyd etmək lazımdır ki, 19 sinif rəhbərindən toplanan ümumi məbləğ 7600 manatdır. Bu məbləğ kimə və nəyə lazımdır?

Videonu izləmək üçün linkə daxil olun:

araz.az xəbər portalı.