
“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” (AQC) ilə “Latviya Əmlak Qiymətləndiriciləri Assosiasiyası” (LIVA) arasında rəsmi əməkdaşlıq müqaviləsi imzalanıb.
Arazpress.com xəbər verir ki, sənədi AQC İdarə Heyətinin sədri Vüqar Oruc və LIVA İdarə Heyətinin sədri Vilis Juromskis imzalayıblar.
5 il müddətinə nəzərdə tutulan müqaviləyə əsasən, tərəflər daşınmaz əmlak, maddi aktivlər və biznesin qiymətləndirilməsi istiqamətində birgə fəaliyyət həyata keçirəcəklər.
Sənədə əsasən, Avropa qiymətləndirmə standartlarının Azərbaycanda tanıdılması və tətbiqi, qiymətləndiricilərin peşəkar inkişafı, təlimlərin təşkili və ixtisas sertifikatlaşdırılmasının həyata keçirilməsi əsas hədəflər sırasında yer alır.
Bundan əlavə, tərəflər qiymətləndirmə sahəsində metodoloji rəhbərliklərin hazırlanması və qarşılıqlı təcrübə mübadiləsinin aparılması istiqamətində də əməkdaşlıq edəcəklər.
Müqaviləyə görə, hər iki təşkilat qiymətləndirmə fəaliyyətində rast gəlinən qeyri-peşəkar hesabatlar və digər neqativ hallarla bağlı birgə tədbirlər görəcək.
Sənəddə qeyd olunub ki, tərəflər bir-birinin peşəkarlıq və səriştə səviyyəsini qarşılıqlı şəkildə tanıyır. Qurumlar arasında yarana biləcək mübahisələr isə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada həll ediləcək.
araz.az xəbər portalı.