
Doğma Vətənimizin dəyərli övladları, mübariz oğulları və qızları, əziz soydaşlarımız, məsləkdaşlarımız və həmkarlarımız!
Dünyanın olduqca həssas keçən belə bir qarışıq dövründə insanlar hələlik üzüntülü nəfəs alsalar da, bu dar məqamda ölkəmizin dərd-sər dolu problemləri hələ tükənməsə də, il başlayandan indiyədək hər birimiz üçün əziz bayramlarımız qoşa gəlir. Xalqımız may ayının 27-si və 28-i günlərini də, xoş ovqatımızı gücləndirən, əsrlər boyu qoruyub yaşatdığımız milli-mənəvi dəyərlərimizi, sarsılmaz mənəvi birlik ruhumuzun və milli kimliyimizin sıx vəhdətini, dövlətçilik ənənələrimizin zənginliyini özündə ehtiva edən tarixi bir təsadüflə — qoşa gələn iki gözəl bayramın sevinciylə yaşayır.
Bu bayramlarımızdan biri — yüksək dəyərlərə malik mənəvi dünyamızda xüsusi yer tutan, dünyanın hər bir yerindəki müsəlman qardaş və bacılarımızın həmrəyliklərinin rəmzi olaraq tarixdə əbədiləşən, Böyük Allah yolunda hər cür fədakarlığa hazırlığı, mənəvi kamilliyi, ilahi mərhəməti və yüksək bəşəri amalları özündə təcəssüm etdirən Müqəddəs Qurban Bayramı may ayının 27-si və 28-nə təsadüf edib.

Digər bayramımız — müstəqil Azərbaycan dövlətinin ideoloji və hüquqi əsaslarını təşkil edən, hər ilin may ayının 28-də yüksək səviyyədə keçirilən Müstəqillik Günü, yəni, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma günü kimi özünə tarixdə əbədilik qazanıb. O vaxtlar mürəkkəb beynəlxalq şəraitin hökm sürməsinə baxmayaraq böyük tarixi iradə, milli qətiyyət və siyasi uzaqgörənlik nümayiş etdirən əzəmətli xalqımız müsəlman Şərqində öz istiqlalına qovuşan bu ilk parlamentli demokratik respublikasını yarada bilib. Dövlətçilik tariximizin, çoxəsrlik dövlətçilik ənənələrimizin, azadlıq idealımızın və milli iradəmizin təntənəsi olduğuna görədir ki, hər ilin 28 May gününü böyük fərəh hissi və ruh yüksəkliyi ilə keçiririk.
Bu əziz bayram günlərində: “Tanrı mərhəməti böyüklü-kiçikli heç birinizin üstündən əskik olmasın! Xalqımızın şəhid qəhrəman övladlarının nurlu xatirəsini həmişə dərin ehtiramla yad edək, şərəfli adlarını heç zaman unutmayaq!” — deyə, səmimi duyğularla zəngin dərin hörmət ifadəli bu bayram təbrikimizi Ulu Tanrı qarşısında hər birinizə çatdırır, müstəqil Azərbaycan dövlətinə davamlı tərəqqi, əmin-amanlıq, yeni tarixi uğurlar, xalqımıza əbədi birlik və həmrəylik diləyirik.

Ulu Yaradana yaxınlığın sevincini yaşadığımız bu nurlu bayram günlərində Sizi bir daha ürəkdən təbrik edir, Böyük Allah adına kəsdiyiniz qurbanların, gördüyünüz xeyirxah işlərin, dövlətimizin tərəqqisi və xalqımızın əmin-amanlığı naminə etdiyiniz duaların, ülvi arzularınızın, pak niyyətlərinizin Tanrı dərgahında qəbulunu diləyir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, yeni-yeni fəaliyyət uğurları, rifah və xoşbəxtlik, evlərinizə firavanlıq, süfrələrinizə ruzi-bərəkət arzulayırıq.
“Araz” Media Qrupunun kollektivi adından:
Dərin hörmət və səmimi duyğularla,
Hüseyn ƏZİZOĞLU,
təsisçi və Baş redaktor.

araz.az xəbər portalı.