
Masallı rayon sakini Oktay Əsəd oğlu Rufullayev “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Azər Məmmədova ünvanladığı şikayət ərizəsi ilə bağlı mediaya müraciət edib. Şikayət məktubunun surəti redaksiyamıza da təqdim olunub.
Arazpress.com xəbər verir ki, vətəndaşın bildirdiyinə görə, 21 may 2026-cı il tarixində Masallı Regional Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən yaşadığı evin qaz təchizatı heç bir rəsmi xəbərdarlıq edilmədən dayandırılıb.
Oktay Rufullayev qeyd edir ki, məsələ ilə bağlı quruma müraciət etdikdə ona 2024-cü ilə aid 357 manat məbləğində cərimə borcunun olduğu bildirilib. Onun sözlərinə görə, həmin müddət ərzində bu barədə nə rəsmi bildiriş təqdim edilib, nə də aylıq ödəniş qəbzlərində hər hansı borc əks olunub.

Şikayətçi bildirir ki, yalnız 2026-cı ildə SMS vasitəsilə məlumat aldıqdan sonra idarəyə yaxınlaşıb. O deyir ki, cərimənin hüquqi əsaslarını göstərən sənədləri tələb etsə də, ona hər hansı rəsmi sənəd təqdim olunmayıb. Daha sonra “ASAN Xidmət”ə müraciət edən vətəndaşa sistemdə adına qeydiyyata alınmış cərimənin görünmədiyi bildirilib.
Müraciətdə qeyd olunur ki, 2024-cü ilin sentyabr ayında evin yaxınlığında baş vermiş hadisə nəticəsində qaz sayğacına zərər dəyib. Bununla bağlı dərhal aidiyyəti qurumlara məlumat verildiyi, hadisə yerinə gələn əməkdaşlar tərəfindən sayğacın dəyişdirildiyi bildirilir. Şikayətçinin sözlərinə görə, polis arayışı təqdim olunub və sayğacın dəyəri olaraq 93 manat ödəniş edilib. Həmin vaxt ona əlavə cərimə tətbiq edilməyəcəyi bildirilib.
Buna baxmayaraq, vətəndaş iddia edir ki, 21 may 2026-cı ildə Masallı qaz sahəsinin əməkdaşları — İlham İmanov və Sənan adlı işçi tərəfindən qaz təchizatı dayandırılıb. Rufullayev həmçinin əməkdaşların kobud rəftar etdiyini də vurğulayıb.
Şikayətçi aidiyyəti qurumlardan məsələnin araşdırılmasını, 357 manatlıq cərimənin hüquqi əsaslarının açıqlanmasını, qazın kəsilməsinə hüquqi qiymət verilməsini və vətəndaşla kobud davranış nümayiş etdirən əməkdaşlar barədə tədbir görülməsini tələb edir.
Qeyd edək ki, məlumat sosial şəbəkələrdə paylaşılıb.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

araz.az xəbər portalı.