
“Mükəmməl beynəlxalq münasibətlərə malik olan AQC daha çox institusional funksiyaları uğurla icra edən bir quruma çevrilib” — ASİF YUSUBOV
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Asif Yusubovun mətbuat üçün TEGOVA-nın Riqada keçirilən Yaz Baş Assambleyası, Latviya səfərinin yekunları və xarici tərəfdaşlarla qurulan yeni əlaqələrin detallarına dair geniş müsahibəsi hazırlanıb. Arazpress.com həmin müsahibəni oxucularına təqdim edir:
– Asif müəllim, cari ilin 21–23 may tarixlərində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) nümayəndə heyəti Latviyanın paytaxtı Riqa şəhərində keçirilən TEGOVA-nın (Avropa Qiymətləndiricilər Birlikləri Qrupu) Yaz Baş Assambleyasında iştirak etdi. Bu mühüm səfərin ölkəmizin qiymətləndirmə sektoru üçün daşıdığı strateji əhəmiyyəti mətbuat müstəvisində necə xarakterizə edərdiniz?
– Latviyanın paytaxtı Riqa şəhərində keçirilən bu beynəlxalq platforma Azərbaycan qiymətləndirmə sektorunun xarici əlaqələrinin institusional səviyyədə genişləndirilməsi, Avropa təcrübəsinin öyrənilməsi və ölkəmizin beynəlxalq peşəkar mühitdə nüfuzunun artırılması baxımından uğurlu və olduqca nəticəyönümlü bir səfər kimi yaddaqalan oldu. Nümayəndə heyətimiz müxtəlif ölkələrin aparıcı qiymətləndirmə təşkilatları, qlobal qurumların rəhbərləri, peşəkar birliklər və diplomatlarla bir sıra mühüm görüşlər keçirərək beynəlxalq əməkdaşlıq imkanlarını geniş şəkildə müzakirə etdi.
AQC rəhbərliyi olaraq bu səfərdə geniş və peşəkar komanda ilə təmsil olunurduq. Heyətimizə AQC İdarə Heyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti, tanınmış iqtisadçı-ekspert Vüqar Oruc rəhbərlik edirdi. Komandamızda sədrin birinci müavini Fərid Rüstəmov, sədr müavini Nail Həşimov, sədrin müşaviri İradə Şükürova, mən — Beynəlxalq Əlaqələr departamentinin rəhbəri olaraq və AQC Peşəkar Qiymətləndiricilər Şurasının üzvü Ellada Rüstəmova yer almışdı.
Nümayəndə heyətimizin TEGOVA tədbirində ölkəmizi bu cür geniş tərkibdə və yüksək səviyyədə təmsil etməsi bizdə böyük qürur hissi yaratdı. İclaslar çərçivəsində tərəfdaşlarımıza Azərbaycanın qiymətləndirmə sahəsindəki son illərdə əldə etdiyi nailiyyətlər, beynəlxalq standartların qanunvericilik səviyyəsində tətbiqi istiqamətində dövlətimiz tərəfindən görülən fundamental işlər və gələcək əməkdaşlıq perspektivləri barədə geniş məlumat verdik.
– Səfər çərçivəsində Latviya Əmlak Qiymətləndiriciləri Assosiasiyası (LIVA) ilə rəsmi əməkdaşlıq müqaviləsi imzalandı. Eyni zamanda Latviyanın digər peşəkar strukturları ilə də təmaslarınız oldu. Bu görüşlərin təfərrüatlarını bizimlə bölüşərdiniz.
– Bəli, bu səfərin ən mühüm və praktiki nəticələrindən biri məhz Latviya Respublikasının əmlak qiymətləndirilməsi üzrə əsas peşəkar qurumu olan Latviya Əmlak Qiymətləndiriciləri Assosiasiyası (LIVA) ilə imzalanan rəsmi əməkdaşlıq müqaviləsi oldu. Sənədi rəsmi olaraq AQC İdarə Heyətinin sədri Vüqar Oruc və LIVA İdarə Heyətinin sədri cənab Vilis Juromskis imzaladılar.
LIVA rəhbərliyi ilə keçirdiyimiz geniştərkibli ikitərəfli görüş olduqca konstruktiv və səmimi mühitdə baş tutdu. Vilis Juromskis regional və beynəlxalq səviyyədə qazandıqları çoxillik təcrübəni, xüsusilə də Avropa standartlarının yerli bazara inteqrasiyası mexanizmlərini AQC ilə bölüşməyə tam hazır olduqlarını ifadə etdi.
Növbəti 5 il müddətinə imzalanan bu strateji müqaviləyə əsasən, birgə layihələrin icrası üçün geniş öhdəliklər götürülüb. Belə ki, tərəflər daşınmaz əmlak, maddi aktivlər və biznesin qiymətləndirilməsi sahəsində metodoloji bazanın inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər. Avropa qiymətləndirmə standartlarının Azərbaycanda tanıdılması və tətbiqi, qiymətləndiricilərin peşəkar inkişafı, təlimi və ölkəmizdə ixtisas sertifikatlaşdırılmasının reallaşdırılması əsas hədəflər kimi götürülüb. Həmçinin qurumlar qiymətləndirmə sahəsində müasir metodoloji rəhbərliklərin hazırlanmasını və qarşılıqlı təcrübə mübadiləsini həyata keçirəcəklər.
Latviya səfərimiz çərçivəsində, həmçinin bu ölkənin nüfuzlu konsaltinq və korporativ qiymətləndirmə qurumlarından olan “Biznesa Konsultantu Grupa” (BKG) şirkətinin İdarə Heyətinin sədri cənab Ivars Strautiņš ilə ikitərəfli görüşümüz baş tutdu. Ivars Strautiņš ilə keçirilən görüşdə Latviya və ümumilikdə Baltikyanı ölkələrin biznes konsaltinqi, investisiya layihələrinin qiymətləndirilməsi və böyük holdinqlərin aktivlərinin qiymətləndirilməsi metodologiyası ətrafında geniş fikir mübadiləsi apardıq, gələcək layihələrdə AQC ilə tərəfdaşlıq imkanlarını nəzərdən keçirdik.
– Baş Assambleya çərçivəsində digər xarici ölkə nümayəndələri ilə də intensiv danışıqlar aparılıb. Ukrayna, Rumıniya və İtaliya təşkilatları ilə keçirilən görüşlərdə hansı məsələlər müzakirə olundu?
– Bəli, TEGOVA Assambleyası Avropanın aparıcı milli institutları ilə birbaşa əlaqə qurmaq üçün əvəzedilməz bir platformadır. Tədbir çərçivəsində Avropanın ən böyük qiymətləndirmə qurumlarından biri hesab olunan Rumıniya Qiymətləndiricilərinin Milli Assosiasiyası (ANEVAR) ilə mühüm rəsmi danışıqlar apardıq. Görüşümüz birbaşa ANEVAR-ın Prezidenti cənab Ioan Bercu və TEGOVA liderlərindən Adrian Ioan Popa Bochiș ilə baş tutdu.
Cənab Ioan Bercu ilə görüş zamanı beynəlxalq qiymətləndirmə standartlarının tətbiqi, peşəkar inkişaf proqramları, Rumıniyanın Avropa İttifaqı çərçivəsində qazandığı təcrübənin paylaşılması, təlim və institusional əməkdaşlıq istiqamətləri ətrafında geniş müzakirələr həyata keçirildi. Görüşün sonunda tərəflər arasında qarşılıqlı rəsmi əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı ilkin razılıq əldə olundu və gələcək əlaqələrin davam etdirilməsi üçün AQC nümayəndə heyəti Rumıniyaya, qarşı tərəf isə Azərbaycana dəvət olundu.
Xüsusilə qeyd etməliyəm ki, artıq sıx əməkdaşlıq münasibətlərimizin mövcud olduğu Ukrayna Qiymətləndiricilər Cəmiyyətinin (UTO) sədri İrina İvanova və cəmiyyətin nümayəndələri ilə ayrıca regional əhəmiyyətli bir görüş keçirdik. Ukrayna tərəfindən həm də “Pivdenny” Bankının Qiymətləndirmə və Girov Əməliyyatları Departamentinin direktoru Vitali Qaqauz ilə peşəkar müstəvidə geniş fikir mübadiləsi apardıq.
İrina İvanova, Vitali Qaqauz və digər Ukrayna nümayəndələri ilə keçirdiyimiz görüşdə iki ölkənin qiymətləndirmə təşkilatları arasında əlaqələrin daha da genişləndirilməsi, birgə tədbirlərin təşkili, peşəkar təlim proqramları, sertifikatlaşdırma, bank-maliyyə sektorunda aktivlərin qiymətləndirilməsi və beynəlxalq əməkdaşlıq istiqamətində gələcək fəaliyyət perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıldı. Eyni zamanda regionda qiymətləndirmə peşəsinin inkişafı, beynəlxalq standartlara inteqrasiya və peşəkar təşkilatlar arasında əlaqələrin daha da gücləndirilməsi məsələləri qərara alındı.
Digər tərəfdən, qiymətləndirmə sahəsində rəqəmsal innovasiyalar və əmlak bazarlarının rəqəmsal analitikası istiqamətində İtaliyanın məşhur daşınmaz əmlak və analitika platforması olan “Immobiliare.it Insights” şirkətinin Strateji Araşdırmalar üzrə Baş Direktoru cənab Luke Brucato ilə görüş keçirdik. Luke Brucato ilə reallaşan görüşümüzdə müasir qiymətləndirmə proseslərində texnoloji innovasiyaların tətbiqi, avtomatlaşdırılmış qiymətləndirmə modelləri və İtaliya təcrübəsinin Azərbaycan əmlak bazarına adaptasiyası mövzularını və gələcək tərəfdaşlıq imkanlarını müzakirə etdik.
– Səfər çərçivəsində diplomatik korpusumuzla da mühüm bir görüşünüz baş tutub. Səfirliyimizdə keçirilən rəsmi qəbul barədə məlumat verərdiniz.
– Latviya Respublikasında rəsmi səfərdə olan AQC nümayəndə heyəti olaraq Azərbaycan Respublikasının Latviyadakı Səfirliyini ziyarət etdik. Səfər çərçivəsində ölkəmizin Latviyadakı Konsulu cənab Bəxtiyar Musayev ilə rəsmi və olduqca məhsuldar bir görüş baş tutdu.
Görüş zamanı AQC İdarə Heyətinin sədri Vüqar Oruc rəhbərlik etdiyi qurumun genişmiqyaslı fəaliyyəti, Azərbaycanın qiymətləndirmə sektorunda həyata keçirilən köklü islahatlar və qazanılan uğurlar barədə cənab konsula ətraflı məlumat təqdim etdi. Sədr xüsusilə vurğuladı ki, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən birbaşa dəstəyi və diqqəti sayəsində ölkədə qiymətləndirmə fəaliyyəti haqqında yeni müasir qanun qəbul edilib və bu, sahənin inkişafında yeni bir mərhələnin əsasını qoyub. Həmçinin Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qiymətləndiricilərin peşə ixtisas imtahanlarının keçirilməsi və bu prosesdə AQC-nin yaxından iştirakı konsulun diqqətinə çatdırıldı.
AQC-nin qlobal arenada mövqeyinin sürətlə gücləndiyini bildirən İdarə Heyətinin sədri, cəmiyyətin Beynəlxalq Qiymətləndirmə Standartları Komitəsinə (IVSC) üzv qəbul edildiyini və Avropa Qiymətləndiricilər Birlikləri Qrupu (TEGOVA) ilə üzvlüklə bağlı rəsmi müraciətin edildiyini diqqətə çatdırdı. Konsul Bəxtiyar Musayev Azərbaycanın peşəkar institutlarının beynəlxalq səviyyədə, xüsusilə Avropa məkanında uğurla təmsil olunmasına və bu istiqamətdə göstərdiyi yüksək fəallığa görə AQC rəhbərliyinə təşəkkürünü bildirdi və səfirlik tərəfindən hər zaman lazımi dəstəyin göstəriləcəyini vurğuladı.
– Son olaraq, bu səfərin ümumi yekununu və gələcək perspektivlərini necə dəyərləndirirsiniz?
– Səfər müddətində keçirilən bu görüşlər və aparılan müzakirələr nəticəsində Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti beynəlxalq peşəkar fəaliyyət istiqamətində daha geniş proseslərə cəlb olunub və yeni əməkdaşlıq platformalarının formalaşdırılması üçün mühüm əlaqələr qurub. Bu görüşlər Azərbaycanın qiymətləndirmə sektorunun beynəlxalq mühitdə tanınması, beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi və daha böyük peşəkar əməkdaşlıq şəbəkəsinə inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır.
Onu da əlavə edim ki, ilk dəfə Azərbaycan qiymətləndiriciləri belə mötəbər Avropa tədbirində iştirak edirdi. Son 5 ildə AQC təkcə postsovet respublikaları ilə deyil, Türk Dövlətləri ilə (CAATS), Beynəlxalq Qiymətləndirmə Standartları Şurası (IVSC) və Avropa Qiymətləndiricilər Birlikləri Qrupu (TEGOVA) ilə əlaqələr qurmuş, mükəmməl beynəlxalq münasibətlərə malik ictimai birlik olsa da, daha çox institusional funksiyaları uğurla icra edən bir quruma çevrilib. AQC olaraq bu strateji xəttimizi qətiyyətlə davam etdirəcəyik.








araz.az xəbər portalı.