
Azərbaycan və Türkmənistan qədim tarixi kökə, mədəniyyətə və ənənələrə malik qardaş ölkələrdir. Xalqlarımızı dil və din eyniliyi birləşdirir. Orta Asiya xalqları içərisində milli mənsubiyyət və dil oxşarlığı baxımından Azərbaycan xalqına ən yaxın olanı məhz türkmənlər hesab olunur.
Hər iki ölkə keçmiş SSRİ-nin tərkibində müttəfiq respublika kimi geniş iqtisadi və mədəni əlaqələrə malik olmuş, qarşılıqlı birgə proqramlar həyata keçirmişlər. Xəzər dənizinin Türkmənistana aid hissəsində neft və qaz yataqlarının geoloji kəşfiyyatında və yataqların tapılmasında azərbaycanlı mütəxəssislərin böyük əməyi vardır.
Müstəqilliyin ilk illərində hər iki respublikanın keçmiş rəhbərliyinin səriştəsizliyi isti əlaqələrin ruhuna ciddi zərər vursa da, 2007-ci ildə Türkmənistanda yeni prezidentinin seçilməsindən sonra rəsmi Aşqabadın xarici siyasət kursunda əsaslı dəyişikliklər baş verdi, iki ölkə arasında münasibətlər ənənəvi qardaşlığın ruhuna uyğun şəkildə inkişaf etməyə başladı.

2008-ci ilin mayında Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri strateji münasibətlərə təkan verən mühüm siyasi hadisə kimi yadda qaldı. 2008-ci ilin noyabrında Azərbaycan Prezidentinin Türkmənistana səfəri isə isti təmasların daha da hərarətləndiyini nümayiş etdirdi.
Hər iki ölkənin dövlət başçılarının sonrakı illərdə davamlı xarakter alan qarşılıqlı səfərləri münasibətləri ən yüksək səviyyəyə çatdırıb. Azərbaycan-Türkmənistan münasibətləri həm də Xəzərin statusu müəyyənləşdikdən sonra yeni mərhələyə qədəm qoyub. Son 15 ildə Azərbaycan və Türkmənistan arasında əlaqələr daha da dərinləşərək, strateji tərəfdaşlıq mərhələsinə daxil olub.
Cənab Qurbanqulu Berdiməhəmmədovun möhkəm zəmin yaratdığı Azərbaycan-Türkmənistan münasibətləri yeni Prezident Sərdar Berdiməhəmmədovun dövründə də fəal etimad sütunlarlına əsasən inkişaf etməkdədir. Onun iyunun 22-də ölkəmizə səfəri, imzalanan sazişlər Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın yeni hədəflərini, qarşıdakı illərin yol xəritəsini müəyyən etməklə, qarşılıqlı dostluğu və strateji tərəfdaşlığı daha da möhkəmləndirəcək.
Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor.
araz.az xəbər portalı.