Öncə bu yazının sərlövhəsi fonunda onu demək istəyirik ki, hədəfçilər dələduz maliyyə terrorçuları və saxtakar mülkiyyət qəsbçiləridir. Hədəfdə saxladıqları elitar professor ailəsini daşınmaz əmlak fırıldağıyla da gözümçıxdıya salıblar. Bu amansız və soyğunçu şəbəkə üzvlərinin adlarını Arazpress.com-un xeyli vaxtdır dərc etdiyi, nəinki öz oxucuları, həm də ictimaiyyət arasında geniş rezonans doğuran silsilə araşdırma yazılarını oxuyanlar yaxşı bilirlər.

Həmin yazılar əslən Quba rayonunun Digah kəndindən olan cinayətkar dəstə başçısı, Rusiya vətəndaşı Alibek Kurbanovun özü, şəbəkənin ən fəal üzvü Sevda Alibekovna Kurbanova, eləcə də nəzarətindəki təhlükəli cinayətkar şəbəkənin digər üzvləri tərəfindən törədilən və ictimai sarsıntı yaradan çoxsaylı qanunsuzluqlar barəsindədir.

Təqdim etdiyimiz bu araşdırma yazısı onların davamıdır və mövzusu əsasən səhiyyə qanunvericiliyinin kobud şəkildə pozulması fonunda son illərin ən tükürpədici cinayət xarakterli və qalmaqallı ailə dramına köklənən irimiqyaslı digər fırıldaq və saxtakarlıqları özündə ehtiva edir.

Mövzunun ictimaiyyət üçün daşıdığı böyük əhəmiyyət, ələlxüsus, media araşdırması zamanı prinsipiallıq nəzərə alınmaqla təqdim olunan bu yazı sənədlər əsasında hazırlanıb. Zərərçəkmiş adi adam olmadığı üçün, nüfuzun hüquqi çərçivədə qorunması məqsədi ilə, redaksiya zərərçəkən tərəfdən adlar çəkməməyi qərara alıb. Yalnız onu deyə bilərik ki, tanınmış professorun başına oyun açılan  gəlni respublika tarixində ilk dəfə qəbul imtahanlarında maksimum 700 bal toplayıb. Yəqin ki, Prezident təqaüdünə belə layiq görülən, hazırda isə respublikanın aparıcı cərrah mama-ginekoloqu kimi tanınan bu ziyalımızın başına gətirilənlərdən nələr çəkdiyi yazını oxuyan hər kəsi təəssüfləndirəcək…

…Nüfuz sahibi bu professorun gözəl ailəsində böyüyən, daha dəqiq desək, yüksək ixtisaslı peşəkar cərrah-stomatoloq kimi özünü tanıdan yeganə oğlu çoxdan elə bu peşəkar manipulyatorların qurduğu qorxulu cinayətkar şəbəkənin tələsinə düşüb. Əsas tələ quran isə, cinayət əməllərində atasının əsas şəriki kimi özünü tanıdan 3-4 soyadlı Sevda Alibekovnadır. Kurbanova, Məmmədyarova, Süleymanova, Ağazadə… soyadlı bu şəxsin ölkənin tibb sahəsindəki oyunbazlığı barədə çox yazmışıq. Yazılarda xüsusi olaraq onu vurğulamışıq ki, Sevda Alibekovna rəsmi sənədləri, ayrı-ayıı məhkəmələrin qəbul etdiyi akt, qərar və qətnamələri belə vecinə almır.

Xatırladaq ki, bir müddət əvvəl Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən “Leyla Medical Center” klinikasında dəhşətli qanun pozuntusu faktı aşkar edildi. Yoxlama zamanı əsas günahkarın da Sevda Alibekovna olduğu üzə çıxdı. Ekspertiza Mərkəzi ali tibbi təhsili olmayan bu təhlükəli şəxsin qanunsuz tibbi fəaliyyətlə məşğul olmasıyla bağlı bizim yazdıqlarımızı rəsmən təsdiq etdi. Mətbuatın “səhiyyə terroru” adlandırdığı bu cinayət xarakterli əmələ görə məhkəmə Sevda Alibekovnanı fəaliyyətindən uzaqlaşdırdı. Bu araşdırmanın nəticələrinə əsasən məhkəmə tərəfindən “Leyla Medical Center”ə kəsilmiş 6 000 manatlıq rəsmi cəriməyə baxmayaraq, o, yenə öz oyunbazlığı ilə məşğuldur.

Doğrudan da, öz hımayədarlarına çox güvənən Sevda Alibekovna dövlət adından olan heç bir sənədi saya salan deyil. Məhkəmələrdə barəsində elitar mənzil iddialarının rədd edilməsinə dair qüvvəyə minmiş qərar və qətnamələr var. Lakin apardığımız araşdırmalar göstərir ki, o, yenə öz iddiasındadır.

Bunlar bu təhlükəli şəxsin qaranlıq əməllərinin yalnız görünən tərəfidir. Amma adının səs-küylü neçə-neçə qanunsuz əməllərdə hallanmasını çoxları bilmir. Məsələn, Alibek Kurbanovun bu qızı atasının metodlarından istifadə edərək, tanınmış professorun və hörmətli elm xadiminin rəhbərlik etdiyi böyük həkim sülaləsinə qarşı irimiqyaslı nikah fırıldağına da əl atıb. Bu faktlar tamamilə rəsmi sənədlərə, məhkəmələrin akt, qərar və qətnamələrinə əsaslanır və onun silsilə gizli cinayətləri ilə bağlı qurduğu qaranlıq ssenarilərə işıq salır.

Qeyd edək ki, Sevda Alibekovnanın atasını Rusiya və Azərbaycan mətbuatı, televiziyaları əvvəllər ailə dələduzu kimi tanıdıb. Ən dəhşətlisi odur ki, Rusiya vətəndaşı olan bu təhlükəli şəxs Azərbaycan dövlətinə qarşı təxribat fəaliyyətləri ilə məşğul olan, rəsmi olaraq fəaliyyətinə qadağa qoyulan separatçı və terrorçu “Sadval” təşkilatının üzvü kimi də təqdim olunub.

Jurnalist araşdırmalarımız zamanı Alibek Kurbanovun keçmişinə dair daha bir dəhşətli və gizli saxlanılan kriminal fakt üzə çıxıb. Məlum olub ki, bu şəxs hələ sovetlər dövründə Qazaxıstanın Manqışlaq vilayətinin Quryev (indiki Atırau) şəhərində zorlama cinayətinə görə ağır maddə ilə məhkum olunub və uzun müddət həbsxanada yatıb. Şərq və Qafqaz mentalitetində, eləcə də Azərbaycan cəmiyyətində belə rüsvayçı cinayətə görə məhkumluq həmin nəslin və ailənin üzərindən heç vaxt silinməyən əbədi bir qara ləkədir. Ağır sovet türmələrində zorlama maddəsi ilə cəza çəkmiş bir fırıldaqçının ailəsində böyüyən Sevdanın Bakıda ziyalı və hörmət sahibi bir professor ailəsinə qarşı apardığı çirkin manipulyasiyalar və psixoloji basqılar onun genetik kriminal keçmişindən xəbər verir.

Qeyd edək ki, keçmiş ərinin Süleymanov soyadını daşıdığı vaxtlar Sevda Alibekovna barəsində danışdığımız professorun rəhbərlik etdiyi klinikaya tibb bacısı kimi işə daxil ola bilib. Onda sülalənin aktivləri barədə məlumat toplayan bu qadın, ailənin yüksək sosial statusunu və professorun gənc həkim oğlunun böyük gəlir gətirən cərrahlıq karyerasını görərək, atası Alibek Kurbanovla və digər yaxınları ilə birgə plan hazırlayaraq, gələcəyi parlaq görünən gənc həkimi tələyə salıblar və stomatoloq-cərrahın etibarından dəfələrlə sui-istifadə ediblər. Bu zaman psixoloji təzyiq və təsir üsulları əsas rol oynayıb. Basqı altındakı, daha dəqiq desək, “caynaqdakı” stomatoloq onu ağlagəlməz dərəcədə soyan bu şəxslərin əhatəsində getdikcə daha da “yumşalmağa başlayıb”…

…Hətta törətdiyi iyrənc əməllərinə bəraət qazandırmaq üçün Sevda Alibekovna Bakı məhkəmələrində gənc cərrahın qanuni həyat yoldaşına — professorun ləyaqətli və qanuni gəlininə qarşı çirkin böhtan kampaniyası başladıb, onu və hörmətli professoru “mənəvi qüsurlarda”, “ana və həyat yoldaşı kimi uğursuzluqda” və “xəyanət faktorunda” ittiham edib. Beləcə, fırıldaqçı qadın özünün ana kimi rəzalətini və çirkin həyat ssenarisini güzgü effekti ilə ölkənin qüruru olan günahsız xanımın və hörmətli professorun üzərinə yıxmağa çalışıb.

Ali təhsili olmayan və özünü podoloq kimi pasiyentlərə sırıyan Sevda Alibekovna Kurbanova gənc həkimin ailəsini dağıtmağa və onun yeganə azyaşlı oğlunu atasız qoymağa nail olduqdan dərhal sonra, professorun ailəsinə məxsus Yasamal rayonundakı İzmir parkının yanında yerləşən elitar “İzmir Plaza” yaşayış kompleksindəki mənzilini ələ keçirməyə cəhd edib. Lakin inzibati təzyiqlərə baxmayaraq, Azərbaycan Respublikasının məhkəmələri ədaləti bərpa edib və onlar bütün məhkəmə proseslərini uduzublar. “İzmir Plaza”dakı elitar mənzil qanuni Çıxarış əsasında öz sahiblərində qalıb, Sevda Kurbanovanın qaldırdığı saxta iddialar isə tamamilə rədd edilib. Beləcə, Azərbaycan Respublikasının hüquq-mühafizə və məhkəmə orqanları fırıldaqçının planlarını alt-üst, professorun ailəsi isə onu hüquqi müstəvidə tamamilə darmadağın edib.

Sevda Kurbanovanın iyrənc ailə dramı bununla bitməyib. O, məhkəmə yolu ilə keçmiş əri Cəbrayıldan oğulları Sultanın qəyyumluğunu alsa da, sonradan öz uşağını faktiki olaraq atıb və özü ilə götürməyib, ana kimi tamamilə uğursuz və fərsiz olduğunu sübut edib. Öz doğma uşağına baxmayan Sevda, hazırda həmin uşağı Bakının bahalı və elitar “Uniser” məktəbində oxutdurur və bütün xərclərini gənc cərrahın hesabına ödəyir. Bununla belə, o, gənc cərrahın pulları hesabına öz oğlu Sultanla və keçmiş qayınanası (Cəbrayılın anası) ilə xarici ölkə xülyasını da gerçəkləşdirə bilir. Məsələn, ötən ilin yayında onlarla birlikdə Antalyaya istirahətə gediblər və qalmaları üçün sifariş etdiyi bahalı hoteldə istədiyini edə bilib.

Araşdırmalarımız zamanı digər faktlar da üzə çıxıb. Məlum olub ki, Sevda Alibekovna gənc cərrahla gizli görüşdüyü vaxtlar rəsmən evli olub və Cəbrayıl adlı şəxsin qanuni həyat yoldaşı statusunu daşıyıb. Onunla evli olduğu zaman gənc cərrahla müxtəlif hotellərdə, məsələn Şürabaddakı elitar “Blue Planet” hotelində (xüsusilə 2022-ci ilin avqust ayında) gizli görüşlər keçirib.

Beləliklə, fırıldaqçı qadın özünün keçmiş çirkin həyat tərzini və ssenarisini güzgü effekti ilə professorun günahsız gəlininin üzərinə yıxmağa və özünü təmizə çıxarmağa çalışıb. Amma hər şey göz qabağındadır. Mənzil məhkəmələrində uduzan və “Leyla Medical Center”dəki qanunsuz həkimliyinə görə cinayət işi təhlükəsi ilə üzləşən Sevda Alibekovna indi isə taktikasını dəyişib. O, stomatoloq-cərrahı öz doğma valideyinlərindən və qardaşından tamamilə izolyasiya edərək, təcrid edib və onun üzərində psixoloji nəzarət qurub. Məqsəd isə, bəllidir: Gənc həkimin əməyindən maksimum dərəcədə istifadə edərək, onun kölgəsində qeyri-qanuni gəlirlər əldə etmək və ehtiyaclarını ödəmək!

Bunlar bir yana, Sevda Alibekovna ilə bağlı vergidən yayınmaya, gizli mənzillər əldə etməyə və aliment fırıldağına aid digər faktlar da çox şeydən xəbər verir. Məsələn, gənc həkim hazırda Məmməd Araz küçəsində yerləşən “32 Beauty” (“Billur Dent”) klinikasında ağır cərrahi əməliyyatlar keçirərək, yaxşı pul qazanır və dələduzların cibini doldurmaqla məşğuldur. Ən acınacaqlısı isə odur ki, “32 Beauty” klinikası gənc cərrahın real gəlirlərini rəsmi sənədlərdə gizlədir, dövlət orqanlarına saxta minimal əməkhaqqı hesabatları təqdim edir. Məqsəd gənc həkimin yeganə azyaşlı oğluna ödənilməli olan qanuni aliment məbləğini süni şəkildə azaltmaqdır. Gənc ata bir ildən çox müddətdə öz doğma oğluna aliment ödəməkdən tamamilə yayınıb, hazırda isə, uşağa qəpik-quruş çatır. Bu da onu göstərir ki, hal-hazırda gənc stomatoloq-cərrah ata-anasından, ailəsindən və qardaşından tamamilə təcrid edilib. Lakin bu “rəsmi kasıblıq” sənədlər arxasında gizlədilən real faktlarla tamamilə təkzib olunur. Yəni, belə fonda da fırıldaqçılar Bakıda böyük qara kassa gəlirləri idarə edir, bahalı restoranlarda “razqul” həyat sürürlər.

Araşdırmalarımızdan məlum olur ki, gənc cərrah tərəfindən bu fırıldaqçı şəbəkənin adına çox bahalı daşınmaz əmlaklar alınıb. Sevdanın bacısının yaşadığı Masazır qəsəbəsində alınan bahalı mənzil onlardan biridir. Bundan başqa, gənc cərrahın gizlədilən qazancları hesabına Bakının ən bahalı mərkəzi nöqtələrindən birində — Ceyhun Hacıbəyli küçəsində elitar mənzil, Novxanının ən bahalı elitar zonalarından biri olan Sarı Qaya, 171 ünvanındakı bağ massivində böyük torpaq sahəsi alan Sevda Alibekovna indi özünü “xoşbəxt hesab etdiyini” hər yerdə qorxub-çəkinmədən deyir. Sevda Kurbanova və gənc cərrah sosial şəbəkələrdə nümayişkaranə şəkildə “güzgü” dövlət qeydiyyat nişanlı iki yeni bahalı “Changan” avtomobilləri ilə lüks həyat görüntüsü yaratmaqdan da çəkinmirlər…

…Fırıldaqçıların Bakıda böyük qara kassa gəlirləri idarə etməsi göz qabağındadır. Bir tərəfdə azyaşlı uşaq alimentdən məhrum edilir, digər tərəfdə isə, “32 Beauty” klinikasının vergidən yayınma sxemləri hesabına alınan bahalı mənzillərdə, elitar torpaq sahələrində və gözəgəlimli “ciplərdə” firavanlıq hökm sürür.

Onu da qeyd edək ki, hal-hazırda zərərçəkmiş tərəfin vəkilləri tərəfindən Ədliyyə Nazirliyinin İcra Qurumuna və Dövlət Vergi Xidmətinə rəsmi müraciətlər hazırlanır. Bu müraciətlər əsasında Ceyhun Hacıbəyli küçəsindəki və Masazırdakı mənzillərə, “Sarı Qaya” massivindəki torpağa, “209” nömrəli “Changan” ciplərə həbs qoyulması və “32 Beauty” klinikasında gizlədilən vergidən yayınma hallarının və qara kassa dövriyyəsinin tam şəkildə yoxlanılması tələb olunur. Şikayətçilər ümid edirlər ki, dövlət qurumları tərəfindən bu fırıldaqçıların qanunsuz əməllərinə tezliklə ciddi hüquqi qiymət veriləcək.

Yazıya son olaraq qeyd edək ki,  araşdırma materiallarının dərcindən sonra redaksiyamızla bərabər yazı müəllifi təzyiq və təhdidlərlə üz-üzədir. Yəni, bizi susdurmağa cəhdlər var. Mətbuata qarşı belə hədələr isə günahkarların getdikcə artan panikasının sübutudur. Deməli, yazılanların həqiqət olduğunu heç kim inkar edə bilməz.

Hər kəs yaxşı bilməlidir ki, ölkə mətbuatı həmişə ədalətin bərpa olunması, qanun aliliyinin qorunması və bəd əməl sahiblərinin ifşa edilməsi yolunda ən effektiv və güclü silah olub. Bizə mane olmaqla sözümüzü və mövqeyimizi sərhəddə saxlaya biləcəklərini düşünənlər yanılırlar. Çünki indi azad mətbuat Azərbaycan hakimiyyətinin demokratiyaya münasibətinin simvoluna çevrilib.

Redaksiyamız bu prinsipləri əsas tutmaqla, paytaxt Bakının elmi və tibbi ictimaiyyətini sarsıdan bu hadisənin hüquqi gedişatını axıradək nəzarətdə saxlayacaq.

Araşdırmalarımız davam edir. Arazpress.com-u izləyin.

Məhi ELSEVƏR

araz.az xəbər portalı.