Şahin ƏLİYEV,
“Əbədi Birlik” GİB-in sədri ————————–

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu yalnız hərbi imkanları ilə deyil, diplomatik çəkisi, iqtisadi gücü, regional liderlik potensialı və qlobal qərarların qəbulunda oynadığı rolla müəyyən edilir. Bu baxımdan NATO Zirvə Toplantısının Türkiyədə keçirilməsi sıradan bir təşkilati qərar deyil, əksinə, Türkiyənin beynəlxalq sistemdə artan nüfuzunun və etibarlı strateji tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir.

Türkiyə son illərdə həm regional, həm də qlobal səviyyədə balanslaşdırıcı siyasət yürüdərək Avropa, Asiya, Qafqaz, Yaxın Şərq və Qara dəniz hövzəsində mühüm aktorlardan birinə çevrilmişdir. NATO-nun ikinci ən böyük ordusuna sahib olan ölkə olmaqla yanaşı, Türkiyə terrorla mübarizə, enerji təhlükəsizliyi, miqrasiya problemlərinin idarə olunması, humanitar yardım əməliyyatları və müdafiə sənayesində əldə etdiyi nailiyyətlərlə alyans daxilində xüsusi mövqeyə malikdir.

NATO Zirvə Toplantısının Türkiyədə keçirilməsi beynəlxalq ictimaiyyətin Ankaraya duyduğu etimadın göstəricisidir. Belə zirvələrdə yalnız hərbi təhlükəsizlik məsələləri deyil, dünyanın gələcəyini formalaşdıracaq siyasi, iqtisadi və geostrateji qərarlar da müzakirə olunur. Belə bir toplantıya ev sahibliyi etmək isə həmin ölkənin diplomatik imkanlarının və təşkilatçılıq qabiliyyətinin yüksək qiymətləndirildiyini göstərir.

Bu hadisənin Azərbaycan üçün əhəmiyyəti xüsusi vurğulanmalıdır. Azərbaycan ilə Türkiyə arasında münasibətlər adi müttəfiqlik çərçivəsini çoxdan aşaraq ortaq tarixə, mədəniyyətə, dilə və milli maraqlara əsaslanan strateji qardaşlığa çevrilmişdir. İkinci Qarabağ müharibəsində və sonrakı dövrdə bu qardaşlığın nə qədər güclü olduğu bütün dünyaya nümayiş etdirildi. Bu gün Azərbaycanın beynəlxalq arenadakı uğurlarında Türkiyənin siyasi və diplomatik dəstəyi mühüm rol oynadığı kimi, Azərbaycanın qazandığı uğurlar da Türkiyənin beynəlxalq nüfuzunu gücləndirən amillərdən biridir.

NATO Zirvəsinin Türkiyədə keçirilməsi Cənubi Qafqazın təhlükəsizlik arxitekturası baxımından da mühüm əhəmiyyət daşıyır. Türkiyənin bölgədə artan təsiri regionda sabitliyin, əməkdaşlığın və uzunmüddətli inkişafın təmin edilməsinə töhfə verir. Bu, Azərbaycanın milli maraqlarına tam uyğun gələn strateji mühitin formalaşmasına xidmət edir.

Digər tərəfdən, bu hadisə Türk dünyasının beynəlxalq nüfuzunun artmasının da göstəricisidir. Son illərdə türk dövlətləri arasında siyasi, iqtisadi, hərbi, nəqliyyat, enerji və mədəni əməkdaşlıq yeni mərhələyə qədəm qoymuşdur. Orta Dəhlizin inkişafı, ortaq iqtisadi layihələr, müdafiə sənayesində əməkdaşlıq və nəqliyyat marşrutlarının genişləndirilməsi türk dövlətlərinin dünya iqtisadiyyatındakı rolunu əhəmiyyətli dərəcədə artırmışdır. Türkiyənin beynəlxalq platformalarda əldə etdiyi hər uğur bu inteqrasiya prosesinə əlavə güc verir.

Qlobal güclər arasında rəqabətin artdığı, yeni geosiyasi düzənin formalaşdığı indiki dövrdə Türkiyənin həm Şərq, həm də Qərblə dialoq qura bilən nadir dövlətlərdən biri olması ona xüsusi üstünlük qazandırır. Bu xüsusiyyət NATO daxilində də Türkiyənin strateji əhəmiyyətini daha da artırır. Məhz buna görə Türkiyədə keçiriləcək zirvə toplantısı təkcə alyans üzvləri üçün deyil, region ölkələri üçün də böyük siyasi əhəmiyyət daşıyır.

Azərbaycan üçün güclü Türkiyə etibarlı müttəfiq, Türk dünyası üçün isə lider dövlət deməkdir. İqtisadi inkişaf, müdafiə sənayesində nailiyyətlər, milli texnologiyaların yaradılması, kosmik proqramlar, enerji layihələri və diplomatik uğurlar Türkiyəni XXI əsrin yüksələn güclərindən birinə çevirməkdədir. Bu yüksəliş bütövlükdə türk xalqlarının beynəlxalq aləmdə söz sahibinə çevrilməsi prosesini sürətləndirir.

Tarix sübut edib ki, Azərbaycan və Türkiyənin taleyi bir-biri ilə ayrılmaz şəkildə bağlıdır. Bir tərəfin qazandığı uğur digər tərəfin gücünü artırır, qarşılaşdığı çətinlik isə hər iki xalq tərəfindən birlikdə qarşılanır. Bu strateji həmrəylik gələcək nəsillər üçün də ortaq inkişaf modelidir.

NATO Zirvə Toplantısının Türkiyədə keçirilməsi məhz bu yüksəlişin, etimadın və liderliyin daha bir mühüm göstəricisidir. Bu hadisə yalnız diplomatik təqvimdə yer alan bir tədbir deyil, Türk dünyasının beynəlxalq nüfuzunun artmasının, Azərbaycanın strateji maraqlarının möhkəmlənməsinin və regionun gələcək təhlükəsizlik arxitekturasında Türkiyənin aparıcı rolunun rəmzidir.

Türkiyənin qazandığı bütün diplomatik, hərbi, iqtisadi, mədəni və sosial zəfərlər Azərbaycanın, Azərbaycanın qazandığı bütün zəfərlər də Türkiyənin zəfəridir! Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir!

araz.az xəbər portalı.